Məhkəmə qərarları › İş №2(012)-5966/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5966/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5966/2025 18.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin İV blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında 07 fevral 2018-ci il tarixində bağlanmış "Mənzil Tikintisi Haqqında" müqaviləyə əsasən, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1"A" ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 m² olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin pay kimi ona ayırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda kvadrat metr sahə üçün 1250 manat təşkil edir. Sahəsi 400 m² olan mənzil üçün cəmi 500.000 (beş yüz min) manat ödənilmişdir. Müqaviləyə əlavə edilmiş "xxxx" MTK tərəfindən ona verilmiş 07 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilədə qeyd edilmiş mənzilin dəyəri, yəni 500.000 manat məbləğində pul vəsaiti "xxxx" İddiaçı tərəfindən ödənilmiş və onun MTK-ya heç bir borcu yoxdur. Müqavilənin 4-cü bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra "İcraçı" mənzili təhvil verir, "xxxx" mənzili qəbul edir. Müqavilənin 4-cü bəndindən də görünür ki, MTK mənzili (qeyri yaşayış sahəsini) iddiaçıya təhvil verilməli idi. Lakin qeyd olunan yeni yaşayış binasının tikintisi bitdikdən sonra cavabdeh "xxxx" MTK tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış, iddiaçıya heç bir mənzil (qeyri yaşayış sahəsi) təhvil verilməmişdir. İddiaçı bu barədə cavabdeh "xxxx" MTK-nın rəhbərliyinə dəfələrlə müraciət etsə də, müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MTK-nın rəhbəri cinayət məsuliyyətinə cəlb edilmiş və hal-hazırda tutulmuşdur. Bildirmək istəyir ki, cavabdeh "xxxx" MTK müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək, onun konstitusion hüquqlarını ciddi surətdə pozmuşdur. Göstərilənlərə əsasən, iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mübahisəli qeyri-yaşayış obyektinin başqa şəxslərə satılması barədə məlumatları yoxdur. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MTK-nın keçmiş sədri X6 izahatında bildirdi ki, iddiaçının nümayəndəsini tanımır, o, Əlsafa Əliyev adlı şəxsi tanıyır və onun həmin nümayəndə ilə əlaqəsi var idi. "xxxx" MTK-da olan qeyri-yaşayış sahəsi ilə onlar əmlakı dəyişmişlər. Daha sonra Əlsafa Əliyevlə onu məhkəməyə vermişlər və məhkəmə qərarına əsasən qeyri-yaşayış sahəsinə görə 130000 manat pul ödəmişdir. Əlsafa Əliyev dəmir yolu idarəsində yükdaşımanın rəhbəri idi. İddia olunan qeyri-yaşayış sahəsini təxminən 2017-ci ildə müqavilə ilə Əlsafa Əliyevə satmışdır. O, iddiaçıdan ümumiyyətlə pul almamış, iddiaçı tərəfindən heç təmir işləri aparılmamışdır. Əlsafa Əliyev iddiaçının şəxsiyyət vəsiqəsini müqavilə bağlamaq üçün gətirmişdir. Müqavilə və maliyyə arayışındakı imza onundur. Qəribə xanımı heç vaxt görməmiş, Əlsafa ilə aralarında pul münasibəti olmamış, yalnız əmlakları dəyişmişlər. Mübahisə predmet olan əmlakla bağlı başqa şəxslə müqavilə bağlamamış, yalnız Əlsafa Əliyevlə müqavilə bağlamışdır. 2016-cı ildə MMC çevrilərək Cavabdeh MTK yaradılmış və sonradan bütün 5 blokun tikintisi ona həvalə edilmişdir. Cavabdeh MTK heç bir MMC-nin hüquqi varisi deyil. Birgə təsərrüfat müqaviləsi 2017-ci ildə bağlanılmışdır. Korrupsiya ilə Mübarizə İdarəsinin qərarına əsasən, həbs edilənədək "xxxx" MTK-nın sədri olmuşdur. Şikayətində 400 kv.m göstərmiş, vəsaitlə ilə bağlı araşdırma DİN-də getmişdir. O, qeyri-qanuni yolla sədrlikdən azad edilmiş və mənzillər səhifələrdə satışa çıxarılmışdır. Qeyri-yaşayış sahəsi müqavilə bağlanılan zaman 400 kv.m olmuşdur. "xxxx" MTK səlahiyyətli olduğu vaxtda Əlsafa Əliyevlə müqavilə bağlamışlar. O, qeyri-yaşayış sahəsini satmamış, kimdən pul alınmışsa, ona mədaxil qəbzi vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlmədilərindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, mübahisəli əraziyə yerli baxış keçirib, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə icraçı kimi Cavabdeh MTK ilə payçı kimi İddiaçı arasında bağlanmış 22 №-li müqavilənin əslindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1"A" ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 m² olan, izolə olunmuş qeyri-yaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin dəyəri müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 1250 manat, cəmi 500000 (beş yüz min) manat ödənilməlidir. xx.xx.2018-cı il tarixli maliyyə arayışının əslindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1"A" ünvanında yerləşən yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə xx.xx.2017-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin 3.1, 4.1, 7.5, 7.6, 7.7-ci bəndlərinə uyğun olaraq Cavabdeh MTK tərəfindən yeni şərtlərlə müqavilənin bağlanılması, dəyişdirilməsi və yeni qiymətlərlə satışı, maliyyə arayışının verilməsi, tikintinin maliyyələşdirilməsi və yaşayış sahəsinin payçıya təhviltəslimi razılaşdırılmışdır. Bu binanın İV giriş, zirzəmi mərtəbəsində, ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 500000 manat pul vəsaiti İddiaçı tərəfindən tam ödənilmişdir. Sorğu edilərək alınmış və iş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri, X5 Azərbaycan Respublikası CMnin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. Sorğu edilərək alınmış və iş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Cavabdeh MTK ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Sorğu edilərək alınmış və iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1"A" ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Sorğu edilərək alınmış və iş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri, X5 Azərbaycan Respublikası CMnin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi materiallarında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1"A" ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binası ilə bağlı sənədlər aşkar edilməmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1"A" ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 m² olan, izolə olunmuş qeyriyaşayış sahəsinin iki qapısının olduğu və hər iki qapının bağlı olduğu müəyyən edilmişdir. Bununla bağlı müvafiq fotoşəkillər çəkilmiş və mülki iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış 07 fevral 2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa olunmuş 15 mərtəbəli yaşayış evinin İV blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 m² olan, izolə olunmuş qeyri-yaşayış sahəsi iddiaçıya verilmişdir. Qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam olmaqla ödənilmiş və müvafiq olaraq ona tam ödəniş haqqında 07 fevral 2018-ci tarixli maliyyə arayışı verilmişdir. Qeyri-yaşayış sahəsi ilə bağlı tərəflər arasında müqavilə bağlamasına və qeyri-yaşayış sahəsinin haqqının tam ödənilməsinə baxmayaraq, Cavabdeh MTK göstərilən müqavilə əsasında qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməli olmasına baxmayaraq öz vəzifələrini yerinə yetirməmişdir. Hazırda İddiaçı həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (Mülki Məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MMnın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK (“İcraçı”) ilə İddiaçı ("xxxx") arasında bağlanmış 07 fevral 2018-ci il tarixli müqaviləyə əsasən “İcraçı” mübahisəli qeyri-yaşayış sahəsini pay kimi "xxxx"ya verməyi, "xxxx" isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin dəyəri kimi müəyyən edilmiş 500000 manat məbləğində pul İddiaçı tərəfindən tam ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. Bu, işin mübahisəsiz halıdır, yəni qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ qeydə alınmasa da, nəzərə alınmalıdır ki, iddiaçı qeyri-yaşayış sahəsinin pay dəyərini cavabdehə tam olaraq ödəməklə Mülki Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan qaydada həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı həmin qeyri-yaşayış sahəsinin başqa şəxslərə satılması və özgəninkiləşdirməsi barədə hər hansı bir fakt aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuşdur ki, tikinti işləri başa çatdıqdan sonra “İcraçı” mənzili təhvil verir, "xxxx" mənzili qəbul edir. Təhvil-təslim tərəflərin imzası ilə təsdiq olunan aktla sənədləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı öhdəliyini yerinə yetirərək qeyri-yaşayış sahəsinin pay dəyərini tam qaydada Cavabdeh MTK-ya ödəsə də, cavabdeh icrası məcbur olan müqavilə öhdəliyinə əməl edib qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən də iddia həmin hissədə də təmin olunaraq 07 fevral 2018-ci il tarixli müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçirilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Beləliklə, məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia tələbi təmin edilməli, qeyd edilən daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçirilməsi Cavabdeh MTK-ya həvalə edilməli və əmlak iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MTK-dən alınaraq İddiaçı ödənilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçirilməsi Cavabdeh MTK-ya həvalə edilsin və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsin. İddia ərizəsinin verilməsini görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh MTK-dan tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar