Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5978/2021 24.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla X10 arasında 11.02.2010-cu il tarixdə İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏB nümayəndəliyi tərəfindən rəsmi nikah qeydə alınmışdır. Onların bu nikahlarından iki övladları 18.08.2010-cu il təvəllüdlü X14 və 21.08.2012-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Onlar bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Buna görə də aralarında olan rəsmi nikah Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, ondan hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində tutulub X5 verilməsi qət edilmişdir. O, cavabdehlə aralarında olan söz-söhbət səbəbindən birgə nikah dövründə 2013-cü il tarixdə tam tikərək köçdükləri Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada 2021-ci ilin avqust ayında çıxarılmışdır. Cavabdeh onu evdən qovmuş və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə buraxmamışdır. Dəfələrlə cavabdehə onu evə buraxmasını bildirsə də, cavabdeh onu evə buraxmamışdır. O da məcburiyyət qarşısında qalaraq mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən evdə onun da haqqı vardır. Çünki o həmin evin inşası üçün böyük əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmaması qanunsuzdur. Sənədsiz olduğu üçün o həmin evi ½ hissədə bölüşdürə bilməmişdir. Cavabdeh onun da əziyyəti olan evdən onu uzalaşdırmaq və özü tək başına evə yiyələnmək istəyir. Onun iddia ərizəsində qeyd etdiklərinə cavabdeh özü də şahiddir. Ona görə də birgə nikah dövründə tikdirdikləri Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili-nümayəndəsi X8 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İddiaçı və cavabdeh tərəflər kimi medasiya sessiyasından keçmiş və onlara arayış təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas göstərməklə tənzimlənir (hüququn analogiyası). Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzə yaşayış sahəsi kirayəçinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arrvadını, ərini), uşaqların və valideynlərin) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüququ və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 6-cı maddəsinin 1-ci bəndində deyilir: ”Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir.” 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”. Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 30 mart 2006-cı il tarixli Qərarının 1-ci bəndinə görə “İnsan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr insan hüquq və azadlıqlarının yalnız qanun, konstitusiya və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilməsini nəzərə almalıdır. Həmin Qərarın 5-ci bəndinə və Azərbaycan Respublikası Konustitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq azadlıqlarının məhkəmə müdafiəsi təminatı müəyyən qanuni məhdudiyyətlərə məruz qoyula bilər. Lakin, ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil etirazında və məhkəmədə izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 11.02.2010-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, tərəflərin 18.08.2010-ci İİ təvəllüdlü X14 və 21 08.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. İddiaçı rəsmi ailə münasibətinə daxil olduqdan sonra Cavabdeh atası Abbasov Abbas tərəflərə öz evində yaşamağa icazə vermişdir. Bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan Cavabdeh onkoloji xəstəliyə tutulması səbəbindən İddiaçı ilə münasibətləri pisləşməyə başlamışdır. İddiaçı həyat yoldaşına qayğı və diqqət göstərmək əvəzinə tez-tez dava-dalaş salmış və hətta fiziki zorakılıq da etmişdir. Buna görə də Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları məhkəmə qaydasında pozulmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsi Cavabdeh valideynləri X18 və X9 məxsus olmuş, 2000-ci ildə tikilmiş 16 sotdan ibarət olmuş, yaşayış sahəsinin bir giriş qapısı mövcud olmuşdur. İddiaçı tələbi hüquqa və ədalətə, eləcə də məhkəmə praktikasına tamamilə ziddir. Mübahisəyə tətbiq ediləcək normanın müəyyən edilməsi üçün faktın törədildiyi an nəzərə alınır va hüquqi tənzimləmə bu vəziyyətə əsasən heyata keçirilir. Mövcud mübahisəyə əsas hesab ediləcək fakt iddiaçının 11.02.2010-cu il tarixdə cavabdeh ilə ailə münasibətlərinə daxil olması ilə yaranmışdır. İddiaçının mübahisəli evdən istifadə hüququnun mövcudluğunun müəyyən edilməsi üçün AR Konstitusiya Məhkəməsinin 08.10.2013-cü il tarixli "Azərbaycan Respubllkasının Mülki Məcəlləsinin 228.5-cl maddəsinin və Azərbaycan Respubllkası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair" Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən İstifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu İİ oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azerbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı iddia ərizəsində hesab edir ki, mübahisənin predmeti otan yaşayış sahəsi və ev sənədsiz olduqundan tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09.09.2021-ci il tarixli 2(102)- 3558/2021 N-li iş üzrə çıxardığı Qərarının aşağdaki bəndləri həmin msələnln hansı normayla həll edilməsini daha düzgün olmasını göstərir: Belə ki, məzmunundan göründüyü kimi Mənzil Məcəlləsinin 68-69-cu maddələri dövlət və ya bələdiyyə mənzil fonduna aid mənzillərdə kirayəçinin, onun ailə üzvlərinin və digər şəxslərin istifadə hüququ ətdə etməsini və bununla bağlı məsələləri tənzimlədiyi halda, həmin Məcəllənin 30-cu maddəsi xüsusi mülkiyyətdə olan mənzillərdə istifadə hüququnun əldə edilməsi və bununla bağlı məsələləri tənzimləyir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır, eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda onu inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnu tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud otmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-cl maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda. yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ali Məhkəmənin 09.09.2021-ci il tarixli 2(102)-3558/2021 N-li iş üzrə Qərarının 57-ci bəndində göstərilir ki, "Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda və buna əsaslar olduğu halda həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanda bilər. Ona görə də mübahisə predmeti olan evə iddiaçının istifadə hüququ yaranarsa həmin maddəyə əsasən iddiaçı həmin evə daimi deyil müəyyən müddətə köçürülməlidir. İddiaçının payının olmasını iddia etdiyi yaşayış sahəsi cavabdehin valideyinlerinə məxsusdur və 2000-ci ildə əldə olunmuş, yaşayış sahəsində cavabdehdən başqa iki qardaşının da (Samir və Anur) evlərinin mövcud olması və həmin yaşayış sahəsinə cəmi bir giriş qapsının olması onu göstərir ki, bu yaşayış sahəsi və ev cavabdehin ailəsinə məxsusdur və nikahdan əvvəlki dövrə təsadüf edir. Obyektiv reallıq onu göstərir ki, iddiaçının tələbi absurddur və hüquqdan sui-istifadədən başqa bir şey deyildir. AR Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin iddia olunan yaşayış sahəsinə bir girişin olması, cavabdehin özündən başqa iki qardaşı (Samir və Anur hər iksi ailəli və az yaşlı uşağları vardır) və anasının da orda yaşaması faktı İddiaçı orda yaşamağını mümkünsüz edir. Belə ki, cavabdehin orda yaşamağı söz-söhbətə və digər arzuolunmaz hallara çıxara bilər. Bu da hüququn əsas funksiyalarından olan tənzimetme və mühafizə funksiyalarına və hüququn başlanğıc prinsipi olan ədalət prinsipinə ziddir. Həmçinin Cavabdeh onkoloji xəstədir və Milli Onkologiya xəstəxanasında qeydiyyatdadır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində götərdi ki, İddiaçı onun xalası oğludur. İddiaçı cavabdehlə 2010-cu ildə İsmayıllı rayonunda ailə həyatı qurmuşdur. İddiaçı 5-6 ay İsmayıllıda qalmış, daha sonra isə Masazırda cavabdehin atasının evində yaşamışdır. İddiaçı toydan əldə edilən puldan cavabdehin atasına da vermiş və həyətdə 3 sota yaxın torpaq almışdır. İddiaçı həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Həmin həyətdə iddiaçının qaynatasının, iddiaçının qaynanasının və iddiaçının olmaqla, 3 ev vardır. Həyətdə su hovuzu olduğundan, evi hasara almaq mümkün deyildir. İddiaçının evi həqiqətən də cavabdehlə birgə nikah dövründə tikilmişdir. O, usta olaraq həmin evdə işləmiş, hətta iddiaçının evinin hörgüsünü, döşəməsini, tavanını və mətbəxini o düzəltmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstəri ki, İddiaçı onun əsgərlik yoldaşı olmuşdur. O, usta kimi fəaliyyət göstərmiş, Bakıda işləyərkən İddiaçı ilə görüşmüşdür. İddiaçı özü də usta kimi fəaliyyət göstərmiş və onlar birlikdə usta kimi işləmişlər. Daha sonra iddiaçı ona ev tikdirdiyini, evi təmir etməkdə köməyə ehtiyacı olduğunu dediyindən, o da İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin təmirində iştirak etmiş və dam örtüyünü vurmuşdur. Həmin ev 1 mərtəbədən, 3 otaqdan ibarətdir və evin tikinti materiallarının bütün xərci İddiaçı tərəfindən ödənilməsinin şahidi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, İddiaçı onun xalası oğludur. İddiaçı cavabdehlə 2010-cu ildə ailə həyatı qurmuşdur. O isə ustadır və 2012-2013-cü illərdə iddiaçının evini təmir etmişdir. Evin tikintisinə xərci iddiaçı özü çəkmişdir. Həmin həyətdə iddiaçının evi də daxil olmaqla 3 ev vardır. Şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı ilə qohumluğu yoxdur, İddiaçı onun evində usta kimi işlədiyindən onunla tanış olmuş və onda olan məlumata görə Sahib Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini 2013-cü ildə tikib qurtrmışdır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, 17 avqust 2021ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X11 arasında 11.02.2010-cu ildə İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏB nümayəndəliyinfə bağlanılmış nikahın pozulması, 18.08.2010-cu il tarixdə doğulmuş X14 və 21.08.2012-ci il tarixdə doğulmuş X3 Cavabdeh yanında qalması, İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentn 08.07.2021-ci il tarixdən başlayaraq tutulub 18.08.2010-cu il tarixdə doğulmuş X14 və 21.08.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 11.02.2010-cu il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 18.08.2010-cu il təvəllüdlü X14 və 21.08.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir.Sözügedən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə, birgə səyi nəticəsində tikilmiş, tərəflər yaşayış yerinə malik olmağı arzulamış, tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmış, daha sonra tərəflər arasında olan münasibətlər korlandığından iddiaçı ilə cavabdeh arasındakı nikah 17 avqust 2021-ci il tarixində pozulmuş və iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmişdir. Bu hal iddiaçının izahatından başqa, şahidlərin ifadəsi ilə də təsdiqini tapmış, cavabdeh tərəfindən izahatdan başqa iddiaçının göstərdiyi dəlilləri təkzib edəcək hər hansı bir sübut təqdim edilmədiindən məhkəmə həmin izahata tənqidi yanaşmışdır.Ona görə də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları əsas götürərək hesab edir ki, cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində iddiaçı fərdi yaşayış evində yaşamağı arzuladığı hüquqdan məhrum olmuş və cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi nəticəsində iddiçının haqlı mənafelərinin pozulması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla iddiaçı Hacıyev X12 rayonu, Masazır kəndində yerləşən yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Hacıyev X12 rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5978/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5978/2021
24.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver