Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-603/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Ərizəçi X5 və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X5 (maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikasının Rustavi rayonunda doğulmuş və Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Sonradan köçüb Azərbaycan Respublikasına gəlmişdir və 18 ildən çoxdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 Şamaxı şossesi, meyvə-tərəvəz bazası 23 ünvanında yaşayır. O, Azərbaycan Respublikasında yaşadığı müddətdə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan övladları doğulmuşdur. Onun əvvəllər Gürcüstan Respublikasında verilmiş doğum haqqında şəhadətnaməsi olsa da, həmin şəhadətnamə yanmış və yenisini ala bilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığından Azərbaycan Respublikasının vətəndaşlığını almamış və ona Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilməmişdir. Buna görə hazırda şəxsiyyətini təsdiq edən sənəd yoxdur. Hazırda o, Azərbaycan Respublikasının vətəndaşı deyil. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi də mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar bir neçə dəfə rəsmi müraciət edilsə də, doğum haqqında şəhadətnaməsi olmadığından müraciətlərə müsbət cavab verilməsi mümkün olmamışdır. O, hazırda heç bir dövlətin vətəndaşı deyildir və 18 ildən çoxdur ki, daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Buna görə də məhkəmə qaydasında bu hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad etməklə X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 və onun vəkili Vəkil ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-33/2-265/24 saylı məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi (xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/2-246xx-xx/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 463 saylı sorğuya Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndinə əsasən şəxsin doğum haqqında şəhadətnaməsinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) surətinin sorğuya əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi beynəlxalq axtarışda olması barədə “e-ASF” axtarış sistemi bazasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. İş materiallarında olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2022-ci il tarixli, 12/5998 saylı məktubundan görünür ki, Gürcüstanın Dövlət Xidmətinin X2 və Miqrasiya Xidmətindən daxil olan məlumata əsasən, Elena (İlena) Georgevna Sençenko (Senkinko) (ehtimal olunan doğum tarixi xx.xx.1979) Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 31 mart 2022-ci il tarixli, ******* saylı arayışından görünür ki, 22 sentyabr 1979-cu il təvəllüdlü X5 64528/m nömrəli, 16 mart 2022-ci il tarixli müraciətinə baxılaraq, onun "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ 098857 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X3 anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1492 saylı arayışdan görünür ki, Ərizəçi 18 ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 Şamaxı şossesi, meyvətərəvəz bazası 23 ünvanında qeydiyyatsız yaşayır (X7, Petrenko Məryəm və Petrenko Ramazan ilə birlikdə). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1 və 2-ci bəndində göstərilir ki, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 4cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, X6 (Ərizəçi) xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Aslanlı adlı şəxs ailə qurmuşdur. Onların bu nikahdan Günay (xx.xx.2005-ci il təvəllüdlü), Məryəm və Ramazan adlı uşaqları olmuşdur və 18 ildir ki, hazırda məskunlaşdığı ünvanda yaşayır. Onun doğum haqqında şəhadətnaməsi olmadığından Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. X1 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktı öz təsdiqini tapmışdır və belə olan halda, məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan bir neçə mötəbər sübutla vətəndaşlığı olmayan ərizəçinin göstərilən dövrdən ölkədə yaşaması tamamilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-603/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-603/2024
05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver