Məhkəmə qərarları › İş №2(012)-607/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-607/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-607/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən birgə nikah dövründə tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,cavabdehlərin oğlu mərhum X9 ilə el adəti ilə toyları xx.xx.2016-cı ildə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində olmuşdur. Həmin gün Mehdiabad kəndində, əri tərəfindən yarımçıq tikilmiş bir otaqlı evə gəlin köçmüşdür. Hər ikisi toydan sonra xx.xx.2019-cu il tarixədək bir yerdə yaşamaqla yarımçıq yaşayış evini, iki otaqlı və köməkçi sahələri birgə nikah dövründə inşa etməklə, birgə təsərrüfat aparmışlar. Cavabdehlərin oğlu, onun isə əri X10 elektrik cərəyanının təsiri nəticəsində xx.xx.2019-cu il tarixdə ölmüşdür. Əri ata yurdu olan Yevlax rayonunun Salahlı kəndində dəfn edilmişdir. Ərinin ölümündən 7 gün sonra qayınanası Cavabdeh2, onu birgə nikah dövründə Mehdiabad qəsəbəsində tikilmiş yaşayış evindən döyərək çıxarmış, evin giriş-çıxış qapılarını bağlayaraq açarı özü ilə Yevlax rayonunun Salahlı kəndinə aparmışdır. O, xx.xx.2019-cu il tarixdən Gəncə şəhərində anasının evində yaşayır. Ərinin ölümündən sonra Yevlax rayonunun Salahlı kəndində 0,65 ha pay torpağı qalmışdır. Ona məlum olmuşdur ki, ərinin ölümündən sonra qayınatası Cavabdeh1, mərhumun yeddi mərasimindən sonra ölüm haqqında şəhadətnaməni almış, mərhumun şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnaməsi və miras qalmış 0,65 ha torpaq sahəsinin dövlət aktı mərhumun valideyinlərində qalmışdır. Onlardan həmin sənədləri tələb etsə də, soyuq münasibət olduğundan həmin sənədləri ona verməmişlər. Miras qalmış əmlakın qəbuluna, qəbul etmə müddətini ötürdüyündən miras əmlakın qəbulu üzrə buraxılmış müddətin üzürlü hesab edərək uzadılması, mərhum X3 Yevlax rayonunun Salahlı kəndində miras qalmış 0,65 ha torpaq payının müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsində iddia qaldırmış, bu iddia tələbi Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-902/2021 saylı qətnaməsi ilə təmin edilmiş, onun mülkiyyətinə vərəsə kimi 0,21 ha torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 0,21 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir. Yevlax rayonunun ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə çıxarış alandan sonra, birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evində yaşamaq üçün, mərhum ərinin anası və atası, yəni cavabdehlər onu cehiz əşyalarının yerləşdiyi mənzilə buraxmamışlar. Mübahisəli ev üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Lakin onun bu əmlaka sahiblik hüququ olduğundan, bu ev mərhum əri ilə birgə nikah müddətində inşa edildiyindən, hər ikisinin sahibliyində olmaqla onun həmin evə gözlənilən paylı mülkiyyət hüququ vardır və buna görə də o, həmin evə köçürülməlidir. Onun başqa yaşayış yeri yoxdur və maddi vəziyyətilə əlaqədar olaraq bundan sonra da yaşayış sahəsi əldə etməsi qeyri-mümkündür. Cavabdehlərin isə Yevlax rayonunun Salahlı kəndə evləri vardır. Qanuni qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-902/2021 saylı qətnaməsi ilə o, miras qoyanın əmlaklarına vərəsə kimi tanınmışdır, o cümlədən harada olmasından asılı olmayaraq, mərhumun bütün miras əmlaklarına vərəsəlik hüququ vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Onlar bildirdilər ki, mübahisəli ev onlara məxsusdur. İddiaçı mərhum övladlarının yas günündə özü mübahisəli evi tərk edib getmişdir. Hazırda o, təkrar nikaha girmişdir və yaşayış sahəsinə heç bir ehtiyacı yoxdur. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X1 göstərdi ki, cavabdehlərin Abşeron rayonunun Mehdiabad qəsəbəsində qonşularıdır. O, buraya 2010-cu ildən sonra köçmüşdür. Onların gəlini Mədinə onlarla birlikdə 2016-cı ildən burada yaşamışdır. Cahil Yusifov 2019-cu ildə vəfat etdikdən sonra isə o, özü bu evdən çıxıb getmişdir. Ev faktiki olaraq cavabdehlərə məxsusdur. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 göstərdi ki, cavabdehlərin Abşeron rayonunun Mehdiabad qəsəbəsində qonşularıdır. O, buraya 8 ildir ki, köçmüşdür. Onların gəlini Mədinə onlarla birlikdə 2016-cı ildən burada yaşamışdır. Bu ev 2 otaqlıdır və gəlin oraya gələnədək təmirli vəziyyətdə olmuşdur. Cahil Yusifov 2019-cu ildə vəfat etdikdən sonra Mədinə bu evdən çıxıb getmişdir. Ev faktiki olaraq cavabdehlərə məxsusdur. Məhkəmə cavabdehləri və şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 128631 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X2 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Yusifova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 065978 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 78 saylı arayışın surətindən görünür ki, X10 xx.xx.2019-cu ilədək (vəfat tarixinədək) Yevlax rayonunun Salahlı kəndində atası Cavabdeh1, anası Cavabdeh2 və arvadı İddiaçı ilə birlikdə yaşamışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)- 902/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X3 miras qalmış Yevlax rayonu, Salahlı kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı Şahın qızının, Cavabdeh1 və Cavabdeh2 1/3 hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Yevlax rayonu, Salahlı kəndindəki 4,5557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/21 hissəsinin mülkiyyətçisi İddiaçı Şahın qızıdır. İş materiallarında olan fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2011-ci il tarixli hesabat cədvəlindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 200 kv.metr torpaq sahəsində yerləşən 49,28 kv.metrlik yaşayış evinin inventar dəyəri 20401 manat təşkil edir. Tikintinin sahibi Cavabdeh1dur. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 14/23152 saylı müqavilədən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin təbii qazla təchiz edilməsi barədə “Azəriqaz” İB ilə Cavabdeh1 arasında razılaşma olmuşdur. İş materiallarında olan su təchizatı və tullantı sularının axıdılmasına dair xx.xx.2015ci il tarixli, 181 saylı müqavilədən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin su ilə təchiz edilməsi və tullantı sularının axıdılması barədə "xxxx" ASC ilə Cavabdeh1 arasında razılaşma olmuşdur. İş materiallarında olan bir sıra kommunal ödəmə qəbzlərindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evə dair təbii qaz və içməli su ilə bağlı ödənişləri Cavabdeh1 icra edir. İşdən görünür ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsinə və tikintiyə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil, yəni ev hazırda özbaşına tikinti sayılır. İddiaçı iddia edir ki, mübahisəli ev o və mərhum əri Cahil Yusifovun birgə nikahı zamanında inşa edildiyindən onun da bu evdə yaşamaq hüququ vardır və oraya köçürülməlidir. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar cavabdehlərdən Cavabdeh1 sahiblik və istifadəsindədir. Daha öncə qeyd edildiyi kimi, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan istifadə edən N.Y.Yusifovun mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. İşdən isə görünür ki, o, iddanı qəbul etmir və onun rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İşin faktiki hallarından da görünüdüyü kimi, mübahisəli tikintinin iddiaçının özü və mərhum əri tərəfindən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddianın rədd edilməsi nəticəsinə gəlir. Mübahisəli torpaq sahəsi və orada yerləşən tikili iddiaçının ərindən qalmış (miras) əmlak hesab edilmədiyindən, eləcə də, tikintinin inşa edilməsində onun hər hansı vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud olmadığından iddia təmin edilməməlidir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddiası təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar