Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6142/2025 30.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən 0,07 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ona fərdi yaşayış evi tikmək üçün xx.xx.1998-ci ildə ayrılmışdır. Həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikib ailəsiylə birgə yaşayır. Cavabdehlər olan Cavabdeh2 onun keçmiş gəlini, Cavabdeh1 və X3 isə onun oğul nəvəsidir. Cavabdeh2 ilə oğlu X2 arasında olan xx.xx.2002-ci il tarixli rəsmi nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4233/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra evdə tez-tez dava-dalaş düşdüyündən oğlu evi tərk edərək getmişdir. Cavabdeh onunla birlikdə yaşayır, demək olar ki, hər gün onu küçə söyüşləri ilə təhqir edir, üstünə qışqırır, onu ölümlə hədələyir. Cavabdeh Lalənin onu təhqir və ölümlə təhdid etməyi az imiş anası Tahirova Əntiqədə dəfələrlə üstünə hücum çəkmiş və onu təhqir etmişdir. O, bütün bu olan hadisələri gələcəkdə baş verə biləcək pis hadisələr səbəbindən oğlundan gizlədir. Artıq vəziyyət dözülməz hala çatmışdır. Bu qeyd etdikləri səbəbindən cavabdehlərin ona məxsus min bir əziyyətlə tikib ərsəyə gətirdiyi Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu ahıl yaşında rahat şəraitli şəxsi evində yaşamaq istəyir. Cavabdeh isə ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermir, buda onun dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının dedikləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçının oğlu, yəni onun keçmiş həyat yoldaşı onu dəfələrlə döymüş, təhqir etmişdir. Bu hal uşaqların gözü qarşısında olmuşdur. Saray qəsəbəsindəki ev onun qızıllarının satılması hesabına əldə edilmişdir. O, boşansa da, övladları istədiyinə görə hazırda o, övladlarıyla birlikdə sözügedən Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən fərdi yaşayış evindən yaşamağa davam edir. Artıq 2 aydır ki, o, evdən çıxmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, anası onlar istədiyinə görə bu evdə onlarla birlikdə yaşamışdır. Anası övladlarına görə hər şeyə dözmüşdür. Artıq 2 aydır ki, anaları onlarla qalmır. Lakin anaları hazırda onlarla qalmasa da, bütün ehtiyaclarını anaları ödəyir və onlara baxır. Onun atası yaxşı insandır, amma anası evdə olmamasına baxmayaraq, atası onlara görməyə gəlməmiş, onlarla maraqlanmamış və öz anasını görməyə gəlmişdir. Odur ki, o, bacı, qardaşı və anasının həmin evdən çıxarılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, gələcəkdə ailə quracağı təqdirdə evdən çıxarılmasını istəmir, həmçinin bacıları və anası ilə birlikdə həmin evdə qalmaq istəyir. Hazırda ailə münaqişəsi səbəbi ilə işin məhkəməyə qədər gəlməsi onu məyus edir. Odur ki, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X7 üzrə Sərəncamından xx.xx.1998-ci il tarixli 07 nömrəli çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 233 saylı sərəncamı ilə Saray Qəsəbə İcra Hakimiyyətinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən X4 0,07 ha torpaq sahəsi ayrılmış və ona həmin sahədə mənzil tikməyə icazə vermişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-4233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2 ilə X9 arasında bağlanmış və Sumqayıt Şəhər Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2002-ci il tarixli 302 saylı nikah qeydinin ləğv edilməsi qərara alınmışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sübutlara əsasən müəyyən olunmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X7 üzrə Sərəncamından xx.xx.1998-ci il tarixli 07 nömrəli çıxarışdan göründüyü kimi vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 233 saylı sərəncamı ilə Saray Qəsəbə İcra Hakimiyyətinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən X4 0,07 ha torpaq sahəsi ayrılmış və ona həmin sahədə mənzil tikməyə icazə vermişdir. İddia ərizəsindən göründüyü kimi sözügedən fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X7 üzrə Sərəncamından xx.xx.1998-ci il tarixli 07 nömrəli çıxarışa əsasən, iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı cavabdehlərin onun evlərində qalmasını onun evə dair sahiblik və istifadə hüququnu pozması kimi əsaslandıraraq cavabdehlərinin ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X7 üzrə Sərəncamına əsasən 0,07 ha torpaq sahəsində ev tikdirmiş və hazırda onun sahiblik və istifadəsindədir. Belə ki, iddiaçın gələcəkdə həmin evə dair gözlənilən mülkiyyət hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinə və evə münasibətdə “gözlənilən mülkiyyət hüququ” vardır. Ona görə də iddia tələbinin verilməsində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Tərəflər arasında hüquq münasibətləri nikah bağlandıqdan sonra yaranmasına baxmayaraq məhkəmə qeyd edir ki, cavabdeh X5 mübahisəli mənzilə həm Mülki Məcəllənin müddəaları, həm də xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqları yaranmamışdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cii hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmədə işin araşdırılan hallarından göründüyü kimi, Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X7 üzrə Sərəncamından xx.xx.1998-ci il tarixli 07 nömrəli çıxarışa əsasən İddiaçı istifadə və sahibliyinə keçmişdir. Həmçinin iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi cavabdeh X9 və iddiaçının oğlu X2 arasında xx.xx.2002-ci il tarixində rəsmi nikah bağlanmış və onların birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-4233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. Cavabdehlərdən iddiaçının nəvələri olan Cavabdeh1 və X3 iddiaçının evində doğulub yaşamış və iddiaçının ailə üzvü olmuşlar. Lakin digər cavabdeh X9 iddiaçının evində yaşasa da onun ailə üzvü hesab edilmir. Belə ki, cavabdeh mübahisəli mənzil üzrə, sosial kirayə müqaviləsində adı olan ailə üzvü olmamaqla yanaşı, o, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan kirayəçinin ailə üzvü olmadığından onun mübahisəli yaşayış evinə hər hansı bir istifadə hüququ yarana bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, “1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Hazırkı cavabdeh X9 yaşayış sahəsinin mülkiyyətçisi və keçmiş qayınanası olan (iddiaçı) İddiaçı ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyildir. Cavabdeh iddiaçının gəlini olmaqla, oğlu X2 ilə aralarında bağlanmış nikah pozulmuş və onlar ayrılaraq ayrı yaşayırlar. Ona görə də iddiaçının qanunla qorunan mülkiyyət və digər hüquqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh2 İddiaçı istifadə və sahibliyində olan Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan əlavə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının ailə üzvü (nəvələri) olduğundan, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildə yaşamaq hüquqları vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi digər hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Müslüm Maqomayev küçəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsi digər hissədə təmin edilməsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-6142/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6142/2025
30.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver