Məhkəmə qərarları › İş №2(012)-62/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-62/2025

21.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-62/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı mənzilə adekvat olan mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən nəzərdə tutulmuş Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin ona təhvil verməsinə dair qətnamə çıxarılmasını, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK- dan əlavə, Cavabdeh2 MMC hazırkı iş üzrə başqa cavabdeh kimi işə cəlb edilməklə, 14 sentyabr 2021-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km.-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə birlikdə sahələri cəmi 122,75 kv.m-ə adekvat olan 2 mənzilin onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (Xüsusi qeyd: Mövcud real vəziyyəti nəzərə alaraq, В blokun digər mərtəbələrində, həmçinin birlikdə sahəsi 130 və ya 140 kv.m.-ə yaxın olan istənilən (1 və ya 2 otaqlı) 2 mənzillərin də onlara verilməsinə etiraz etmirlər və mənzillərin sahəsi ilə bağlı müvafiq fərqi ödəməyə hazırdırlar.) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “ÇİNAR-AN" Mənzil Tikinti Koperativi arasında 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə (Müqavilə) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı" (“ÇİNAR-AN" MTK) Abşeron rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi “Payç "ya (İddiaçı) verməyi öz öhdəsinə götürür. Müqavilənin 6.1-ci ibəndinə əsasən Müqavilə hər iki tarəfin imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu müqavilənin 3.6-cı bəndinə asasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil Payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. Müqavilənin 3.6-cı bəndinə əsasən kredit müddəti 16 ay təşkil edir. Müqavilədən də göründüyü kimi tikinti işləri 16 ay yəni 14 yanvar 2023-cü il tarixdə tamamlanaraq, mənzil iddiaçıya təhvil verilməli idi. Lakin "ÇİNAR-AN” MTK tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə nəzərədə tutulmuş mənzili iddiaçıya təhvil vermir və iddiaçının hüquqlarını pozmaqda davam edir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli qərar təqdim edilərək, iddiaçının tələb etdiyi mənzilin yerləşəcəyi binanın guya "Vindy City MMC tərəfindən tikiləcəyi əsas gətirilərək, cavabdeh olduğu bildirilsə də, digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilərək, müvafiq sənədlərin təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Buna görə də iddiaçı hər ehtimala qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən hesab edir ki, “Vindy City’ MMC hazırkı iş üzrə başqa cavabdeh kimi işə cəlb edilməlidir. Həmçinin iddiaçının da iştirak etdiyi, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edildi ki, sözügedən mübahisəli ünvanda tikilən sonuncu binalarda əvvəlki binalardan fərqli rekontruksiya işləri aparılmış (bu işlərin qanuni əsaslarla aparıhbaparılmaması ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğular verilərək, müvafiq sənədlər tələb edilsə də, hazıradək həmin sənədlər məhkəməyə təqdim edilməmişdir.) və əvvəlki layihədə 3 otaqlı kimi nəzərdə tutulan bütün mənzillər 1 və 2 otaqlı olmaqla, 2 mənzilə ayrılmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil3 məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 MTK-nın vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, iddiaçının özü rəsmi olaraq Cavabdeh1 MTK-da işləyib, hal-hazırda 17000 manat borcu qalmışdır. Müqavilələrdəki imzalar saxtadır. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təsdiq edilmiş 14 sentyabr 2021-ci il tarixli müqavilədə, 14 sentyabr 2021-ci il tarxili maliyyə arayışında, 24 dekabr 2021-ci il tarixli maliyyə arayışında MTK-nin sədri qrafasındakı imzalar MTK-nin sədri Gülməmməd Abbasova məxsus deyildir. 10 may 2022-ci il tarixli maliyyə arayışındakı imza MTK-nin sədri Gülməmməd Abbasova məxsus deyil, o cümlədən həmin sənəddəki möhür də Çinar-AN MTK-nin möhürü deyildir. 16 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili onun tərəfindən pul ödənilmədiyini, mənzilin ona guya ödənilməmiş əmək haqlarının əvəzinə verildiyini bildirmişdir. İddiaçının nümayəndəsi qismində iştirak edən oğlu isə pulun Anar, Nofəl, Firdovsi adlı şəxslərə verildiyini bildirmişdir. Göründüyü kimi hər iki nümayəndə bir-birinə zidd izahatlar vermişlər. Bu hallar müqavilə və maliyyə arayışının saxta olduğunu birbaşa təsdiq edir. Həmçinin o, ekspert rəyinin əsaslı və düzgün verilmədiyini düşünür. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsində fərq aşkar etsə də, nəticə hissəsində möhürlərdə fərq aşkar etməyin mümkün olmadığını göstərmişdir. Lakin rəydə göstərilən 9 saylı fotoşəkildə möhürü digər fotoşəkillərdən fərqləndirən çıxıntı vardır. Qeyd edir ki, sonuncu maliyyə arayışındakı möhür də onların fəaliyyət göstərdikləri dövrə aid deyil. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X9 verdiyi ekspert rəyini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, müqavilə və maliyyə arayışların üzərlərində olan möhür əksi ekspertizaya təqdim olunmuş eksperimental əks nümunələri ilə eyni olub-olmamasını müəyyən etmək üçün “Foster-Freeman” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komparator vasitəsilə müqayisəli tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində “RESPUBLİKASİ” sözündə “P” hərfinin sağa meyilli olması, “Kooperativi” sözündə “K” hərfinin nisbətən sətrxəttindən yuxarı olması, sözlərin arasındakı məsafələrinin eyni olması, Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsindəki çıxıntılarında-tədqiq olunan möhür əkslərinin və nümunənin bir qismində bir-birinə nisbətən eyni hündürlükdə yerləşməsi digər qismində fərqli hündürlükdə yerləşməsi, Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsindəeksperimental nümunədə kəsiyin olması tədqiq olunan möhür əksinin birində olmaması digərlərində isə olmaması, Azərbaycan Respublikasının xəritəsində olan ovalların forma və bucaqları-tədqiq olunan möhür əkslərinin və nümunəsinin bir qismində eyni, digər qismində fərqli olması müəyyən olunmuşdur. Müəyyən olunmuş əlamətlərin məcmusu tədqiq olunan möhür əkslərinin nümunələr ilə eyni və fərqli olması qənaətinə gəlmək üçün kifayət etmir. Ona görə də, tədqiq olunan möhür əkslərinin “AZƏRBAYCAN REAPUBLİKASİ Mənzil Tikinti Kooperativi“ Cavabdeh1 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində ifadəsi alınmış X11 ifadəsində göstərmişdir ki, bu Kooperativi o, təşkil etmişdir. Sədr əvvəl qardaşı Tariel olmuş, daha sonradan isə dəyişmişlər. Belə ki, ona notarial qaydada etibarnamə verilmiş və bütün səlahiyyətlər ona verilmişdir. Tamamilə binanı o tikmişdir. Alıcılarla müqavilələri o bağlamışdır. Sözügedən 21-ci il tarixli müqaviləni imzalayan Gülməmməd olmuşdur, lakin bütün faktiki o idarə etmişdir. xx.xx.2022-ci il tarixində isə o həbs olunmuşdur. İddiaçı ilə imzalanmış 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə o, imza atmışdır. Həmin müqavilədəki möhür də MTK-ya məxsus möhürdür. Onu da qeyd edir ki, MTK-da yeni və köhnə tipli olmaqla 2 möhürdən də istifadə olunurdu. Bildirir ki, iddiaçı MTK-da prorab işləmiş, lakin iddiaçıya əmək haqqı əvəzinə həmin sözügedən mənzil verilmiş və bununla bağlı aralarında razılığa gəlinmişdir. 3 otaqlı mənzillərin 2 otaqlıya çevrilməsi ilə bağlı onun ümumiyyətlə məlumatı yoxdur. O, iddiaçı ilə binanın təməli qoyulandan, yəni 2013-cü ildən təxminən 2018-ci ilədək işləmişdir. İddiaçıya verilən mənzilin 3 otaqlı və 114 kv.m olduğunu xatırlayır. Onun dövründə iddiaçı ilə oxşar olan hal başqa şəxslərlə baş verməmişdir, vermişdirsə də bu hal yeni rəhbərliyin dövrünə aiddir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı Cavabdeh1 MTK-nın sədri X1 ilə payçı İddiaçı arasında bağlanılmış 14 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron rayonu İH başçısının xx.xx.2013cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, mənzil, izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 61375 manat təşkil edir. -Cavabdeh1 MTK-nın sədri X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin pay dəyərindən 38400 manat payçı İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Həmin günə qalıq 22975 manat təşkil edir. -Cavabdeh1 MTK-nın sədri X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 02 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin pay dəyərindən 6000 manat payçı İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Həmin günə qalıq 16975 manat təşkil edir. -Cavabdeh1 MTK-nın sədri X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 03 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin pay dəyərindən 1500 manat payçı İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Həmin günə qalıq 15475 manat təşkil edir. -İcraçı Cavabdeh1 MTK-nın sədri X1 ilə payçı X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, mənzil, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 79787 manat təşkil edir. -Cavabdeh1 MTK-nın sədri X1 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin pay dəyəri olan 79787 manat payçı X5 tərəfindən MTK-ya ödənilmişdir və payçının MTK-ya borcu yoxdur. -Cavabdeh1 MTK-nın Payçılarının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, onlar Cavabdeh1 MTK-nın payçıları X10, X3, X6, X1, X2 MTK-nın çətin maliyyə durumunu və bir sıra borclarının, o cümlədən külli miqdarda vergi borcunun olmasını nəzərə alaraq, Cavabdeh1 MTK-ya müvafiq sərəncamla ayrılmış Abşeron rayonunda yerləşən torpaq sahəsində inşa edilməli olan 10 bloklu yaşayış binasının 9 və 10-cu bloklarının tikintisi üçün Cavabdeh1 MTK-nın maliyyə vəsaiti olmadığından həmin blokların inşası Cavabdeh2 MMC-yə verilməsi, 9 və 10-cu bloklar inşa edildikdən sonra digər bloklarla birlikdə ümumi kompleks kimi Cavabdeh1 MTK tərəfindən idarə edilməsi, Cavabdeh2 MMC ilə müvafiq müqavilənin bağlanması Cavabdeh1 MTK-nın sədrinə (qanuni təmsilçisinə) həvalə edilməsi qərara alınmışdır. -Hakim tərəfindən xx.xx.2025-ci il tarixində keçirilmiş yerli baxış zamanı Cavabdeh1 MTK-ya məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В bloku, 5-ci mərtəbədə yerləşən sözügedən 3 otaqlı mənzildə dəyişikliklər aparıldığı, həmin 3 otaqlı mənzilin 2 otaqlı və 1 otaqlı mənzillərə bölündüyü müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/340-5/1734 saylı rəyindən görünür ki, məhkəməxətşünaslıq ekspertizası üzekspertizaya təqdim edilmiş, mülki işin 143-cü vərəqində olan 10 may 2022-ci il tarixli 03 №-li maliyyə arayışında Cavabdeh1 MTK-nın sədri Abbasov G.S” qrafasındakı imza - X1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində Cavabdeh1 MTK ilə İddiaçı adlarından olan 14 sentyabr 2021ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin 2-ci vərəqində “İcraçı” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, 141-142-ci vərəqlərində olan 14 sentyabr 2021-ci il tarixli 01 №-li və 24 dekabr 2021-ci il tarixli 02 №-li maliyyə arayışlarında Cavabdeh1 MTK-nın sədri Abbasov G.S” qrafalarındakı imzalar - X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekspertizası üzrə: 1. tədqiqata təqdim edilmiş “14 sentyabr 2021-ci il tarixli müqavilənin; 14 sentyabr 2021-ci il tarixi, 01 nömrəli; 24 dekabr 2021-ci il tarixli, 02 nömrəli; 10 may 2022-ci il tarixli, 03 nömrəli maliyyə arayışların üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. 2. rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “14 sentyabr 2021-ci il tarixli müqavilənin; 14 sentyabr 2021-ci il tarixi, 01 nömrəli; 24 dekabr 2021-ci il tarixli, 02 nömrəli; 10 may 2022-ci il tarixli, 03 nömrəli maliyyə arayışların üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi ÇİNAR-AN” məzmunlu möhür əksləri "xxxx" MTK-nın 2014-cü ildən 2022-ci ilin iyun ayına qədər olan möhür nümunələri” və “2018-2023-cü ilədək” yazıları olan vərəqlərdəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi” Cavabdeh1 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7944, 9/8171 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun bazar dəyərinin təqribən 24000,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/1110 saylı rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş, mülki işin 143-cü vərəqində olan 10 may 2022-ci il tarixli 03 №-li maliyyə arayışında “Cavabdeh1 MTK-nın Sədri Abbasov G.S”” qrafasındakı imza - X1 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış olan 14 sentyabr 2021-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin 2-ci vərəqində “"xxxx" MTK”” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, 141-ci vərəqində olan 14 sentyabr 2021-ci il tarixli 01 №-li və 142-ci vərəqində olan 24 dekabr 2021-ci il tarixli 02 №-li maliyyə arayışlarında “Cavabdeh1 MTKnın Sədri Abbasov G.S”” qrafalarındakı imzalar - X1 tərəfindən, yox başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-5/834/2024 saylı rəyindən görünür ki, təqdim edilmiş Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122.75 kv.m olan 3 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə (i.v. 140), Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli maliyyə arayışlarda (i.v. 141-143) olan «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X8” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. xx.xx.2021-ci il tarixli müqavilədə, xx.xx.2021-ci il və xx.xx.2021-ci il maliyyə arayışlarda olan möhür əksləri ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X8” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışda olan möhür əksi ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X8” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri eynilik təşkil etmir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmədə işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı “Çinar-AN" MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə istinad edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km.-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə birlikdə sahələri cəmi 122,75 kv.m-ə adekvat olan 2 mənzilin ona təhvil verilməsini xahiş edir. Məhkəmə işin araşdırılan hallarına əsaslanaraq belə hesab edir ki, ilk öncə mübahisəli mənzilə dair bağlanmış bu müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlaka dair hüquqların (sahiblik və istifadə) mövcudluğu məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı ilə MTK arasında bağlanmış müqavilə alqısatqı müqaviləsi kimi görünsə də, əslində podrat müqaviləsi hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən göründüyü kimi, mübahisə predmetini Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba yolunun 14-cü km.-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə yerləşən sahəsi 122,75 kv.metr olan yaşayış sahəsi təşkil edir. İddiaçı bu zaman MTK ilə özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə istinad edir. İddiaçıya mübahisəli mənzilin dəyərinin MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı İddiaçı mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışdır. Bundan başqa, əmlaka görə onun ödədiyi vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olmaması işin mübahisəsiz hallarındandır. İşin hallarından görünür ki, müqavilədə göstərilən ölçüdə mənzil hazırda iki ayrı mənzilə çevrilmişdir. Bu faktı MTK da qəbul edir və mənzilin sahibi kimi İddiaçı tanımır. İşdən həmçinin görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, mənzil, izolə olunmuş 3 otaqdan ibarət mənzil ilə bağlı Cavabdeh1 MTK ilə X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır və MTK hazırda bu müqaviləni legitim əqd kimi tanıyır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunmadığından, habelə tikintinin sahibi olan MTK tərəfindən o, mənzilin sahibi və istifadəçisi kimi tanınmadığından və onunla bağlanan əqd qəbul edilmədiyindən, əksinə, X5 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə MTK tərəfindən mübahisəli mənzillə bağlı qanuni əsas hesab edildiyindən, bu əmlakla bağlı İddiaçı heç bir hüquq əldə etməmişdir. Belə olan halda isə mənzillin təhvil verilməsi ilə bağlı İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli müqavilədə, xx.xx.2021-ci il və xx.xx.2021-ci il maliyyə arayışlarda olan möhür əksləri ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X8” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışda olan möhür əksi ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X8” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri eynilik təşkil etmir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin və maliyyə arayışlarının olması İddiaçı mübahisəli mənzillə (mənzillərlə) bağlı Cavabdeh1 MTK-nın sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçılə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd məhkəmədə mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçılə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin və maliyyə arayışlarının mövcudluğu isə mübahisəli mənzilin ona təhvil verilməsi üçün əsas hesab edilə bilməz.. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı 14 sentyabr 2021-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km.-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə birlikdə sahələri cəmi 122,75 kv.m-ə adekvat olan 2 mənzilin təhvil verilməsi barədə iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və 788 manat ekspertiza xərci İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı mənzilə adekvat olan mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarına görə ümumilikdə 788 (yeddi yüz səksən səkkiz) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar