Məhkəmə qərarları › İş №2(012)-6201/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6201/2025

07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6201/2025 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı şəxsin doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, özünün xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu, Oxçuoğlu kəndində doğulması faktının müəyyən edilməsi, ata qrafasında X9, ana qrafasında X5 yazılması öhdəliyinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1962-ci ildə Ermənistan Respublikasının, Amasiya rayonunun, Oxçuoğlu kəndində anadan olmuşdur. Özünə məxsus olan doğum haqqında şəhadətnamənin surətini naməlum şəraitdə itirmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün doğum akt qeydinin bərpa edilməsi üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” X8 müraciət etsə də, imtina məktubu verilmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidlər X4 və X6 ifadə verərək göstərdilər ki, həqiqətən də, İddiaçı X2 və X3 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu, Oxçuoğlu kəndində doğulmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. - Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nаzirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qеydiyyаt Şöbəsi tərəfindən verilən 3-16-5/8-41xx-xx/2025 №-li, 12 oktyabr 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı doğumun qeydə alınması barədə ərizə ilə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qеydiyyаt Şöbəsinə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1962-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, İddiaçı xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu, Oxçuoğlu kəndində doğum faktı müəyyən edilməli, ona doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə İddiaçı soyadı Səfərov, adı Kamil, ata adı Şəfəddin, doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Ermənistan Respublikasının Amasiya rayonu, Oxçuoğlu kəndi, ata qrafasında atasının adı X9, ana qrafasında anasının adı X1 qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. İddiaçı xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu, Oxçuoğlu kəndində doğum faktı müəyyən edilsin. İddiaçı doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə İddiaçı soyadı Səfərov, adı Kamil, ata adı Şəfəddin, doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Ermənistan Respublikasının Amasiya rayonu, Oxçuoğlu kəndi, ata qrafasında atasının adı X9, ana qrafasında anasının adı X1 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar