Məhkəmə qərarları › İş №2(012)-623/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-623/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-623/2023 02.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binasının A blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 122,25 kv.metr olan 3 otaqlı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 22 may 2019-cu il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə icraçı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cı il tarixli, 559 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsindəki yaşayış binasının A blokunun 6 mərtəbəsində ümumi sahəsi 122,25 kv.metr olan 3 otaqlı mənzili pay kimi ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2ci maddəsinə görə isə o, payçı kimi müqavilədə göstərilmiş məbləği tam olaraq ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 700 manat təşkil edir və sahəsi 122,25 kv.metr olan mənzil üçün cəmi 85575 manat ödənilməlidir. O, müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirsə də, sonradan ona məlum olmuşdur ki, həmin mənzil başqa şəxsə də müqavilə ilə 2 il sonra (2021-ci ilin dekabrında) satılmışdır. Etdiyi ödənişlərlə bağlı maliyyə arayışları əldə etmişdir. 2022-ci ilin iyun ayında ödəniş etmək istədiyi zaman bildirmişlər ki, mübahisəli mənzil başqa bir vətəndaşa 2021-ci ilin dekabr ayında satılmışdır. O, bütün müqavilələr üzrə öhdəliklərini illərdir icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş, müqavilədə nəzərdə tutulmuş mənzili təhvil verməmiş və bu səbəbdən də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayıb, iddianı qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli mənzil X3 və həmin şəxs tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə, iddiaçı mənzilin dəyərini tam şəkildə ödəməmiş, həmçinin mənzilin tikintisi hələ başa çatmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı ilə Cavabdeh MTK arasında mənzil tikintisi haqqında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binasının A blokunun 6-cı mərtəbəsindəki 3 otaqlı mənzil müəyyənləşdirilmiş mənzil haqqı ödənilməklə payçıya verilir. Göstərilən mənzilin sahəsi 122,25 kv.metr, dəyəri 85575 manat məbləğində müəyyən olunmuşdur. İlkin ödəniş 8000 manat olmaqla, 60 ay müddətinə hər ay 1293 manat ödənilməlidir. - Cavabdeh MTK-nın müxtəlif maliyyə arayışlarından görünür ki, İddiaçı xx.xx.2019cu ildə 8000, xx.xx.2019-cu ildə 1350, xx.xx.2019-cu ildə 1300, xx.xx.2019-cu ildə 1300, xx.xx.2019-cu ildə 1300, xx.xx.2019-cu ildə 1300, xx.xx.2019-cu ildə 1300, xx.xx.2020-ci ildə 1300, xx.xx.2020-ci ildə 1300, xx.xx.2020-ci ildə 1300, xx.xx.2020-ci ildə 500, xx.xx.2021-ci ildə 1300, xx.xx.2021-ci ildə 1000, xx.xx.2021-ci ildə 1600, xx.xx.2021-ci ildə 1250, xx.xx.2021-ci ildə 1300, xx.xx.2022-ci ildə 1250, xx.xx.2022-ci ildə 1300, xx.xx.2022-ci ildə 1300 və xx.xx.2022-ci ildə 1250 manat ödəniş etmişdir. - X6 ilə Cavabdeh MTK arasında mənzil tikintisi haqqında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binasının A blokunun 6-cı mərtəbəsindəki 3 otaqlı mənzil müəyyənləşdirilmiş mənzil haqqı ödənilməklə payçıya verilir. Göstərilən mənzilin sahəsi 122,25 kv.metr, dəyəri 83130 manat məbləğində müəyyən olunmuşdur. - Cavabdeh MTK-nın maliyyə arayışından görünür ki, X4 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binasının A blokunun 6-cı mərtəbəsindəki 3 otaqlı mənzilə görə MTK-ya 83130 manat ödəmişdir və borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında “mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən müqavilədə göstərilən 3 otaqlı, ümumi sahəsi 122,25 kv.metrdən ibarət mənzilin ümumi dəyəri 85575 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarındakı mötəbər sübutlarla müəyyən olunur ki, İddiaçı tərəfindən müqavilə bağlanan gün 8000 manat, ondan sonra isə müxtəlif vaxtlarda 23800 manat (ümumilikdə 31800 manat) vəsait Cavabdeh MTK-ya ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binasının A blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 122,25 kv.metr olan 3 otaqlı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. İş materiallarından görünür ki, eyni mənzil xx.xx.2021-ci il tarixli müqavilə ilə X2. Bu müqavilə ilə mənzilin dəyəri 83130 manat məbləğində müəyyən olunmuş və bu vəsait X6 tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir. Mübahisəli mənzil dəyəri tam ödənilməklə X1 onun iddiaçıya təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması məhkəmənin qənaətinə görə yolverilməzdir. Həmçinin iddiaçı mənzilə dair digər şəxslə müqavilə bağlandığından məlumatlı olsa da, həmin müqaviləni mübahisələndirmədən və mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmədən mənzilin təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar