Məhkəmə qərarları › İş №2(012)-6398/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6398/2025

15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6398/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla mərhum həyat yoldaşı X7 arasında xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda rəsmi nikahlarının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi mərhum həyat yoldaşı X7 ilə Ermənistan Respublikası Krasnoselo rayonunda 01 iyul 1975-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan dörd qız və oğul övladı dünyaya gəlmişdir. 1988-ci ildə məlum hadisələrlə bağlı Ermənistan Respublikasından qaçqın düşmüş və Daşkəsən rayonunda məskunlaşmışlar. Mərhum həyat yoldaşı X7 xx.xx.1994-cü il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon İHB-nin Quşçu İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Qaçqın düşərkən onunla mərhum həyat yoldaşı X7 arasında bağlanmış nikahı təsdiq edən nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Ərizəçi Maraqlı şəxsnə nikah haqqında şəhadətnamənin bərpası ilə bağlı müraciət etsə də, sözügedən qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hal-hazırda nikah qeydinin bərpası və yeni nikah haqqında şəhadətnamə əldə etməsi zərurəti yaranmışdır. Buna görə də nikah akt qeydinin bərpa edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, ərizəçi və mərhum həyat yoldaşı xx.xx.1944-cü il təvəllüdlü X1 toylarından bir müddət sonra nikahları 1975-ci il tarixdə hazırki Çəmbərək şəhərinin (Krasnoselo rayonunun) yerləşdiyi Göyçə mahalında bağlanmış, lakin onlar 1988-ci ildə qaçqın olaraq Daşkəsən rayonunda məskunlaşmış, həmin vaxt onların nikahı haqqında şahədətnamə də Ermənistan Respublikasında qalmışdır. Birgə nikahdan 6 övladı dünyaya gəlmiş, 1994-cü ildə isə yoldaşı X7 vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçiləri və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. -AA6877392 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Çəmbərək şəhərində anadan olmuşdur. -Krasnoselo rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-СЛ 341313 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23 nömrəsi ilə qeyd edilmiş, anası Ərizəçi, atası X2r. -Krasnoselo rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-СЛ 341310 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1976-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 31 nömrəsi ilə qeyd edilmiş, anası Ərizəçi, atası X2r. -AZE13129654 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. -AZ-İ 097131 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X9 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. -AA5881181 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Çəmbərək şəhərində anadan olmuşdur. -Krasnoselo rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-СЛ 341312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 8 nömrəsi ilə qeyd edilmiş, anası Ərizəçi, atası X2r. -AZE16367756 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. -Cil kənd soveti tərəfindən verilmiş İİİ-СЛ 325130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1981-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3 nömrəsi ilə qeyd edilmiş, anası Ərizəçi, atası X2r. -Cil kənd soveti tərəfindən verilmiş İİİ-СЛ 486822 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1983-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 nömrəsi ilə qeyd edilmiş, anası Ərizəçi, atası X2r. -AA0577794 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. -AZ-İ 118403 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X3 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Zamanova” soyadı verilmişdir. -Krasnoselo rayonu, Cil kənd soveti tərəfindən verilmiş V-СЛ 487780 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1987-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15 nömrəsi ilə qeyd edilmiş, anası Ərizəçi, atası X2r. -AA4516848 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. -AZ-İ 545551 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X14 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Musayeva” soyadı verilmişdir. -AZ-İİ 481319 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1994-cü il tarixdə Daşkəsən rayonunun Quşçu kəndində ürək fəaliyyətinin qəfləti dayanması səbəbindən ölmüşdür. -Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçinin mərhum yoldaşının adı Nərimandır, onun yeznəsidir. Nikahları 1975-ci ildə olmuş, toylarında məhz o iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızıdır. Toyları 1975-ci ildə olmuş, toylarında o da iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.2-ci maddəsinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. 309-cu maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-ci bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X7 ilə Həsənova (Ələsgərova) Bahar Oruc qızı xx.xx.1975-ci il tarixdə nikahlarını qeydə aldırmış, onların birgə nikahlarından xx.xx.1975-ci il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü X9, xx.xx.1978-ci il təvəllüdlü X11, xx.xx.1981-ci il təvəllüdlü X13, xx.xx.1983-cü il təvəllüdlü X3 və xx.xx.1987-ci il təvəllüdlü X14 adlı uşaqlar doğulmuşdur. X7 və Həsənova (Ələsgərova) Bahar Oruc qızı 1988-ci il tarixdə kütləvi şəkildə Azərbaycan Respublikasına köçən zaman nikah haqqında şəhadətnaməni itirmişlər. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsələr də, onların nikah akt qeydləri sözügedən qeydiyyat şöbəsində yoxdur və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa etməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının: 4-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci maddəsinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.5-ci maddəsinə əsasən, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, X7 ilə X6 xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayon qeydiyyat şöbəsində nikahlarının qeydə alınması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləniin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X7 ilə xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayon qeydiyyat şöbəsində nikahlarının qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar