Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-644/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladları xx.xx.2007-ci il tarixdə doğulmuş X14 və xx.xx.2012-ci il tarixdə doğulmuş X9 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)-825/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Qax rayon Ləkit kənd ƏİN-də bağlanmış, 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il tarixdə doğulmuş X14 və xx.xx.2012-ci il tarixdə doğulmuş X9 onun himayəsində olmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X14 və xx.xx.2012-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən başlanması qət edilmişdir. Onlar nikah dövründə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən sənədsiz evi birlikdə tikmişdir. xx.xx.2010-cu il tarixdə Cavabdeh mübahisəli evi inşa etdikləri torpaq sahəsini X3 torpağın alğı-satqısı müqaviləsinə əsasən satın almışdır. X6 qeyd edilən torpaq sahəsini Cavabdeh, X4 və X7 hissə-hissə satmışdır. Həmin ev nikah dövründə inşa edilmiş və onlar azyaşlı övladları ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Aralarında olan rəsmi nikah Qax Rayon Məhkəməsinin 2(024)-825/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulduqdan sonra cavabdeh birgə nikah dövründə tikdikləri sənədsiz evdə onun və azyaşlı övladlarının yaşamasına icazə vermir. Belə ki, aralarında olan nikah pozulduqdan sonra o, azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına Qax rayonu, Ləkit kəndində yerləşən fərdi yaşayış evinə sığınmışdır. Lakin burada övladları ilə yaşayışları acınacaqlıdır. Övladları məktəblidir və onların yaşayış tərzini dəyişmələri çox pis təsir edir. Övladları üçün çox narahatdır. Bütün bunlardan əlavə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən sənədsiz evdə onun da haqqı vardır. Çünki onun həmin evdə böyük əziyyəti vardır. Ona görə də, cavabdeh tərəfindən həmin evdən qovulmağı qanunsuzdur. O, cavabdehin təqsiri səbəbindən öz halal zəhməti ilə tikdiyi sənədsiz evdən istifadə edə bilmir. Onlar tərəflər kimi mediasiya sessiyasından keçmiş, lakin bu prosesdə məsələ öz müsbət həllini tapmamış və onlara arayış təqdim edilmişdir. Bu səbəbdən də yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, evin birgə nikah dövründə tikildiyini, torpağın 2010-cu ildə alındığını, evə 2017-ci ildə köçdüklərini, boşanana qədər orada yaşadıqlarını, bütün əşyalarının o evdə qaldığını və evin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə tikildiyini bildirdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, 2021-ci ildən aralarında problem yarandığını, bundan sonra iddiaçının anasının yanına getdiyini, ona aid bütün əşyaların o evdə qaldığını, cavabdehin yaşamağa imkan vermədiyini bildirdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək iddiaçının 2021-ci ilin yayında anasıgilə getdiyini, İddiaçı və onunla birgə nikahlarından olan xx.xx.2007-ci il tarixdə doğulmuş X14, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 yaşaması üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evinə köçürülməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 906379 nömrəli və AZ-İİ seriyalı 768412 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X12 doğulmuşdur. İş materiallarında olan AN-İ№ ******* seriyalı xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 adından onun nümayəndəsi X1 kimi Qax rayonu, Ləkit kəndində qeydiyyatda olan alıcı Cavabdeh ilə müqavilə bağlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli 937 saylı arayışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaqdan yalnız 0,025 ha torpağı alıcıya 2500 manata mülkiyyətinə vermişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-825/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Qax rayon Ləkit kənd ƏİN-də bağlanmış, 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il tarixdə doğulmuş X14 və xx.xx.2012-ci il tarixdə doğulmuş X9 onun himayəsində olmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X14 və xx.xx.2012-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən başlanması qət edilmişdir. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsi tərəfindən 14 fevral 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 405135 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Qax Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 14 fevral 2022-ci il tarixdə 07№ ilə qeyd edilmişdir. İş materiallarında olan Aşağı Güzdək qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunun əslindən görünür ki, İddiaçı, X14 və X9 adı ev təsərrüfatı uçotu kitabında qeydiyyatsız əhali kimi qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X12 anadan olmuşdur. Birgə nikahda olduqları müddətdə xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə X2 Şahin Yaşar oğlu ilə müqavilə bağlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli 937 saylı arayışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaqdan yalnız 0,025 ha torpaq sahəsini ona satmış, bundan sonra tərəflər onun üzərində fərdi yaşayış evi tikmiş, orada yaşamağa başlamışlar. Tərəflər arasında münasibətlər pisləşdiyindən iddiaçı hazırda valideynlərinin yanında Qax rayonu, Ləkit kəndində onlarla birlikdə yaşayır. İddiaçıya məxsus bütün əşyalar cavabdehin yaşadığı hazırkı mübahisəli evdə qaldığından həmin evə köçüb orada yaşamaq istəyir. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, ev özbaşına tikilidir. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan övladları ilə birlikdə mübahisəli evə köçürülməsini məhkəmədən xahiş edir. Cavabdeh isə buna etiraz etmir. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2010-cu ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi hazırkı halda, hər üç hal mövcuddur. Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını nəzərə alıb, hesab edir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının uşaqları ilə birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olaraq cavabdehlə birgə nikah müddətində tikilmiş tikilidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə cavabdehin yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-644/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-644/2023
23.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver