Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-646/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinə 23 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 22 avqust 1964-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur və hər iki valideyni azərbaycanlı olmuşlar. O, 1989-cu ildən daimi olaraq Azərbaycan Respublikasına gələrək burada yaşamağa başlamışdır. Onun şəxsiyyətini təsdiq edən yeganə sənəd SSRİ pasportu olmuş və bu sənəddən sonra o, hər hansı sənəd almamışdır. 1995-ci ildə sənədi olmadığı üçün X16 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və halhazırda ünvan 1 ünvanında yaşayır. Sovetlər birliyi ləğv olunduqdan sonra ərizəçi hər hansı dövlətin vətəndaşlığını qəbul etməmiş və artıq 33 ildir ki, Azərbaycan Respublikasında yaşayır. X1 və faktiki nikahla ailə həyatı qurduğu X16 da Azərbaycan Respublikasının vətəndaşı olmaqla daimi olaraq Azərbaycanda qeydiyyatdadır. O, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməyi barədə dəfələrlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin onun müraciəti öz müsbət həllini tapmamışdır. Ərizəçiyə izah olunmuşdur ki, vətəndaşlığa qəbul olunmaq üçün yalnız məhkəmə tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı tanınarsa, o zaman ona köməklik göstərilə bilər. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 izahatında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. İş materiallarında olan Gürcüstan SSR, Bolnisi rayonu Tkisbiri kənd soveti tərəfindən 9 noyabr 1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi 22 avqust 1964-cü ildə Bolnisi rayonu, Tkisbiri kəndində anadan olmuşdur, atası X6, anası isə X3r. İş materiallarında olan Xızı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş müvəqqəti vəsiqədən (hərbi bilet əvəzindən) görünür ki, Ərizəçi 22 avqust 1964-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, hərbi hissə siyahısına xx.xx.1982-ci ildə 230 nömrəli əmrlə daxil edilmiş, xx.xx.1985-ci ildə ordu sıralarından tərxis olunmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 274 saylı arayışdan görünür ki, Ərizəçi Saray qəsəbəsi, R.Nəbiyev küçəsində 27 saylı evdə 1995-ci il tarixdən hazıradək qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 24 avqust 2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, 22 avqust 1964-cü il təvəllüdlü Ərizəçi 306052/m nömrəli, 17 avqust 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, 22/00010338/2022-02 nömrəli Gürcüstan Respublikası vətəndaşlığının olmaması barədə arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi “Vətəndaşlıq haqqında” Gürcüstan Respublikası Qanununun 30-cu maddəsinin “a” altbəndinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X8 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən, Gürcüstan vətəndaşı hesab olunmur. İş materiallarında olan Ərizəçi qonşuları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, bu akta imza edənlər X9, X18 və X12 təsdiq edirlər ki, Ərizəçi 1989-cu ildən 1995-ci il tarixə kimi X7 yaşadığı, Saray qəsəbəsi H.Aslanov küçəsində 08 saylı evdə qeydiyyatsız yaşamışdır. Ərizəçi 1995-ci ildə X16 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Həmin vaxtdan hazıra kimi Ərizəçi X16 ilə birlikdə onların qonşuluğunda Saray qəsəbəsi R.Nəbiyev küçəsində 27 saylı evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 4020 saylı arayışdan görünür ki, Ərizəçi Saray qəsəbəsi, R.Nəbiyev küçəsində 27 saylı evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan əmək kitabçasından çıxarışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi adına xx.xx.1985-ci il tarixdə əmək kitabçası yazılmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 14-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi 1989-cu ildən halhazıradək daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşamışdır. Ərizəçi hazırda heç bir ölkənin vətəndaşı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdən, tərəflərin verdikləri izahatlardan müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Qanunverciliyinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 5 ildən artıq daimi yaşaması müəyyən edildiyindən, onun 1989-cu il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1989-cu il tarixdən hazıradək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-646/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-646/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver