Məhkəmə qərarları › İş №2(012)-649/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-649/2023

08.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-649/2023 08.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əzizova (Qasımova) Gülzar Elşən qızına və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əzizova (Qasımova) Gülzar Elşən qızına və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddia ərizəsinin “cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaları” hissəsində nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 22.04 2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evi Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, RX seriyalı № **********71-10301 saylı çıxarışa əsasən, həmin fərdi yaşayış evi onun mülkiyyətindədir. Mülkiyyətində olan evdə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 evi satdıqdan sonra 90 gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də pasport qeydiyyatından bu günə kimi çıxmamışlar ki, bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda, cavabdehlərin harada yaşamaları ona məlum deyil. O, cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları üçün aidiyyəti polis idarəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Alqı-satqı müqaviləsi əsasında alınmış mənzili cavabdehlər bir aydan sonra tərk edib başqa yaşayış yerinə köçsələr də qeydiyyatda qalmışlar. Sonradan onun həyat yoldaşı vəfat etdiyindən başı qarışmış və həmin evə köçüb yerləşə bilməmişlər. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əzizova (Qasımova) Gülzar Elşən qızına və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evini alıcıya 40000 manata satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən, satıcı xx.xx.2021-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi, **********71-10301 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən, yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X3 və Əzizov X2 rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Tağızadə küçəsi 7 saylı evin 160 saylı mənzilində, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əzizov X2 rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evini alqısatqı müqaviləsinə əsasən qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq, qeyd olunan evdə keçmiş sakinlər-cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əzizova (Qasımova) Gülzar Elşən qızının və Cavabdeh4 istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüquqlarından tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 178.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, evin keçmiş sakinləri olan cavabdehlərin hazırda, həmin mənzildən istifadə etməmələrinə baxmayaraq, formal olaraq mənzildə istifadə hüquqlarının qalması, mülkiyyətçi dəyişdikdən sonra mənzili tərk edərək başqa yaşayış yerinə köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əzizova (Qasımova) Gülzar Elşən qızının və Cavabdeh4 iddiaçıya məxsus mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əzizova (Qasımova) Gülzar Elşən qızının və Cavabdeh4 Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsi 12 saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar