Məhkəmə qərarları › İş №2(012)-655/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-655/2022

07.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-655/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, və Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə 07 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 21 fevral 2010-cu il təvəllüdlü X7 və 05 noyabr 2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə köçürülməyi və həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 yanvar 2008-ci il tarixdə rəsmi nikah münasibətinə girərək ailə qurmuşlar. Birgə nikahlarından 21 fevral 2010-cu il təvəllüdlü X7 və 05 noyabr 2013-cü il təvəllüdlü X4 adlı 2 uşaqları vardır. Ailə həyatı qurandan az sonra ünvan 1 ünvanında yerləşən üzərində yaşayış evi inşa edilmiş 0,025 ha həyətyanı torpaq sahəsini almışlar. Həmin üzərində yaşayış evi olan torpaq sahəsi Abşeron rayonu 1 saylı DNK-nın 4Ə/01-52 reyestrli 17.01.2009-cu il tarixli alqısatqı müqaviləsinə əsasən 16.02.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda Cavabdeh mülkiyyətindədir. Mübahisəsi gedən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evi alan gündən köçərək orada yaşamışlar. Cavabdehlə birlikdə yaşayaraq ümumi təsərrüfat aparmışlar. Onun hər iki övladı bu evdə dünyaya gəlmişdir. Mübahisəsi gedən torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşir, lakin xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuşdur və 2 yetkinlik yaşına çatmamış uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Hələ rəsmi qaydada nikahları pozulmamışdan əvvəl Cavabdeh onu evdən qovmuşdur. O, evdən qovulan zaman ancaq uşaqlarına və özünə məxsus olan geyim əşyalarının bir qismini götürə bilmiş, qalan əmlaklar isə birgə nikah dövründə əldə etdikləri, 2021-ci ilin əvvəlinə kimi birlikdə yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən yaşayış evində qalmışdır. Hazırda cavabdeh onu həmin evə buraxmır. Cavabdehin onu mübahisəli evə buraxmaması nəticəsində o, yaşadığı evdən qanunsuz olaraq məhrum olunmuşdur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 04.02.2020-ci il tarixdən həmin evdə yaşamır. İddiaçı əmlak bölgüsü ilə bağlı iddia qaldırmışdır. 18.11.2021-ci il tarixli akta əsasən əşyalar götürülmüşdür. İddiaçının məqsədi evdə yaşamaq deyil, evdən çıxmaq olub ki, o da əşyaları ilə birlikdə köçmüşdür. Əgər iddiaçının evə köçmək fikri olsaydı o, bunu çoxdan edərdi. Daha əmlak bölgüsü ilə məhkəməyə müraciət etməzdi. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(012)- 1052/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İsmayılova (Məmmədova) Məryəm Niyaz qızı ilə Cavabdeh arasında bağlanmış, Ağdam rayon Qiyaslı Ərazi Nümayəndəliyi tərəfindən qeydə alınmış, 25 yanvar 2008-ci il tarixli, 07 saylı nikah qeydi ləğv edilmiş, 21 fevral 2010-cu il tarixdə anadan olmuş X3 və 05 noyabr 2013-cü il tarixdə anadan olmuş X2 anası İsmayılova (Məmmədova) Məryəm Niyaz qızının yanında qalmaları müəyyən edilmiş, 21 fevral 2010-cu il təvəllüdlü X3 və 05 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İsmayılova (Məmmədova) Məryəm Niyaz qızının xeyrinə verilməsi, alimentin tutulma müddəti 18 noyabr 2020-ci il tarixdən X7 və X5 yetkinlik yaşlarına çatana qədər müəyyən edilməsi, qətnamə aliment hissəsində dərhal icra edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh tutulub iddiaçı İsmayılova (Məmmədova) Məryəm Niyaz qızına ödənilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.03.2021ci il tarixdə verilmiş AZ-İ № 374861 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah Abşeron rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mülki iş materiallarında olan İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə 10.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış 21.05.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına Abşeron rayonu, Digah qəsəbəsində 0.025ha həyətyanı torpaq sahəsi Abşeron rayon 1 saylı DNK-nın 4Ə/01-52 reyestr nömrəli 17.01.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 16.02.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Abşeron rayonu, Digah qəsəbəsində 0.025ha həyətyanı torpaq sahəsi Abşeron rayonu notariusu G.İ.Məsimova tərəfindən təsdiqlənmiş 4Ə-06-1648 reyestr nömrəli 27.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 12.06.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.025 ha torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 17.01.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha torpaqdan 0.025 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə vermişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh ilə 25 yanvar 2008-ci il tarixdə rəsmi nikah münasibətinə girərək ailə qurmuşlar. Birgə nikahlarından 21 fevral 2010-cu il təvəllüdlü X7 və 05 noyabr 2013-cü il təvəllüdlü X4 adlı 2 uşaqları vardır. Ailə həyatı qurandan az sonra ünvan 1 ünvanında yerləşən üzərində yaşayış evi inşa edilmiş 0,025 ha həyətyanı torpaq sahəsini almışlar. Həmin üzərində yaşayış evi olan torpaq sahəsi Abşeron rayonu 1 saylı DNK-nın 4Ə/01-52 reyestrli 17.01.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 16.02.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda həmin torpaq sahəsi Cavabdeh mülkiyyətindədir, lakin həmin torpaq sahəsinin üzərindəki tikili özbaşın tikilidir, dövlət qeydiyyatından keçməmişdir. Mübahisəsi gedən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evi alan gündən köçərək orada yaşamışlar.Tərəflər arasında yaranan münaqişədən sonra iddiaçı övladları ilə birgə valideynlərinin yanına köçməli olmuşdur. Hazırda isə həmin tikiliyə istifadə hüququnun tanınması və övladları ilə birgə həmin evə köçürülməsini məhkəmədən xahiş edir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da,həmin özbaşına tikili mövcuddur, tərəflər uzun müddət orada yaşamışlar, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin orada yaşamaq hüquqları mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı azyaşlı övladları 21.02.2010cu il təvəllüdlü X7 və 05.11.2013-cü il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməli bu hissədə iddia təmin edilməli, özbaşına tikiliyə istifadə hüququnun tanınması qanunla yol verilməz olduğundan bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları 21.02.2010-cu il təvəllüdlü X7 və 05.11.2013-cü il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş, Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar