Məhkəmə qərarları › İş №2(012)-6570/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6570/2025

20.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6570/2025 20.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru X3 vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının 18 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, Xırdalan şəhər onbirillik uşaq musiqi məktəbinin direktoru İkram Manafovun 07 aprel 2025-ci il tarixli, 69 №-li əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun həmin məktəbin fortepiano ixtisası üzrə müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2000-cı il tarixdən Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. Bu illər ərzində o, töhmət və ya digər inzibati tənbehə məruz qalmamışdır. xx.xx.2025-ci il tarixdə Bakı Xoreoqrafiya Akademiyasında keçirilən musiqi müəllimlərinin attestasiyası imtahanında iştirak etmişdir. Komissiya heyəti tərəfindən ona qarşı haqsızlıq və qərəzli mövqe tutularaq verdiyi düzgün cavabları səhv cavab kimi qəbul edib onun müəllim kimi nüfuzuna xələl gətirilmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət almamışdır. O, özü tək qadındır və 61 yaşı olması ilə əlaqədar onu heç bir yerdə işə götürmürlər. Başqa bir qazanc yeri də yoxdur, hətta o, müəllimlərin işə qəbulu ilə bağlı imtahanlarda iştirak etmək üçün müraciət etsə də sonuncu gün ona ödədiyi rüsumu qaytararaq imtahanda iştirak şansını da əlindən almışdırlar. Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı attestasiya imtahanı ilə bağlı ictimai televiziyada çıxış edərək bildirmişdir ki, heç bir müəllim işdən azad edilməyəcəkdir. Lakin qeyd edilənlərin əksinə, onu işdən azad etmişdirlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə şikayət etməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru İkram Manafovun 69 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 23 oktyabr 2025-ci il tarixdə mediasiya ilə bağlı cavabdehə təklif ünvanlamış və istəmişdir ki, məhkəməyə müraciət etmədən bu məsələni mediasiyada öz aralarında həll etsinlər. Bu müddət ərzində ona nə əmrin, nə də əmək kitabçasının surəti verilməmişdir. Buna görə də hesab etmişdir ki, təkmilləşmə keçdikdən sonra işə bərpa olunacaqdır. Buna görə də artıq mediasiya təşkilatına müraciət etmiş və qarşı tərəf gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə Abşeron rayon 2 saylı mediasiya təşkilatı tərəfindən mediasiya arayışı verilmişdir. Barəsində elan edilmiş əmr olmasına baxmayaraq bu müddətdə 2 aylıq təlimlərə cəlb edilmişdir. Attestasiya vərəqəsində göstərilmişdir ki, o, yalnız ümumi fortepiano fənnini tədris edə bilər. Bu isə onu göstərir ki, ən azından ona qarşı komissiya tərəfindən haqsızlıq olmuşdur. Həmçinin məktəbin direktoru onun əvvəllər bu fənni tədris etməsinə baxmayaraq onu qərəzli şəkildə işdən azad etmişdir. Mübahisələndirilən əmr birbaşa olaraq ona qarşı qərəz altında imzalanmışdır. İştirak etdiyi attestasiya komissiyasında bir nəfər onun lehinə, digər 4 nəfər isə əleyhinə rəy vermiş, nəticədə onu işdən çıxarmışdırlar. İmtahanda qeyri-şəffaflıq və ədalətsizliyə yol verilmişdir. Attestasiya imtahanından kəsilmiş müəllimlər ilə birlikdə Mədəniyyət Nazirliyinə getmiş və nazirlikdən ona bildirilmişdir ki, onlar təlimə cəlb ediləcək və təlimdən sonra işə bərpa ediləcəkdirlər. O, 2025-ci ilin aprel ayında işdən çıxarıldığını bilmiş, əmək kitabçasını və əmri isə rəsmi qaydada 20 oktyabr 2025-ci il tarixdə almışdır. Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən ona təlimdən sonra işə bərpa ediləcəyi bildirilmişdir. O, 61 yaşında tək qadındır, nə həyat yoldaşı, nə də övladı vardır və 30 ildən çoxdur ki, müəllim işləmişdir. O, yay fəslində yenidən hazırlaşıb imtahan verməli idi, belə ki, may-iyun aylarında təlimlərdə iştirak etmiş, lakin təlimdən sonra onu imtahana buraxmamış və imtahana görə ödədiyi pulu ona geri qaytarmışdırlar. Bundan əlavə attestasiya komissiyasının rəyində qeyd edilmişdir ki, o, ümumi fortepiano fənnini tədris edə bilər. Lakin məktəbin direktoru İkram Manafov ona bu işin ona uyğun olmadığını bildirmiş, nazirlik isə onun problemi ilə maraqlanmamışdır. O, tək fortepiano dərsindən də müəllim kimi işləyə bilər, çünki həftədə 12 saat fortepiano dərsi tədris etmişdir. Onun heç bir yerdən gəliri yoxdur və yalnız yaşayır, bu səbəbdən də bu işə böyük ehtiyacı vardır. Ona görə də hesab edir ki, attestasiya komissiyasının 18 mart 2025-ci il tarixli qərarı ləğv edilməli, 11 illik saylı Uşaq Musiqi Məktəbinin direktoru İkram Manafovun 07 aprel 2025-ci il tarixli, 69 №-li əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru X3 vəkilinümayəndəsi Vəkil etiraz ərizəsində və məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin hallarından aydın görünür ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə zidd olaraq, hazırkı işdə iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Əmək münasibətlərinə xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq, iddiaçı hazırkı iddia tələbinə dair müraciətlər xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. AR ƏM-nin 296-cı maddəsinin birinci hisssəsinin tələblərinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində fərdi əmək mübahisələrinə baxan orqana müraciət edə bilər. AR ƏM-nin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradıla bilər. Həmin orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə həmin mübahisənin həlli üçün tərəflər məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır (AR ƏM-nin 294-cü maddəsinin dördüncü hissəsi). Yuxarıda qeyd etdikləri kimi işçi pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Hazırda əksər fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. İddianın xarakterinə görə işçinin məhkəməyə müraciət etmək üçün iddia müddətləri fərqlidir. Belə ki, həmin müddətlər aşağıdakı kimidir: 1. işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı; 2. pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində; 3. iddia müddəti şamil edilməyən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblər. AR ƏM-nin 296-cı maddasinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisələrinin anlayışı, konkret tərifi AR Əmək Məcəlləsində göstərilmişdir. Belə ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda fərdi əmək mübahisələrinin predmetinin dəqiq siyahısı AR ƏM-nin 288-ci maddəsində sadalanmışdır. Göründiyü kimi iddiaçı qanunla müəyyən edilmiş 1 təqvim ayı iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq, iddia rədd edilməlidir. AR Mülki Məcəllənin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmçinin işdən çıxarılması barədə əmr verildikdən sonrakı gün iddiaçıya son haqq-hesabı ödənilmişdir. Attestasiya tərəfindən 2/3 nisbətdə rəy verildikdə, vətəndaş təlimə cəlb edilir. İddiaçı imtahan nəticəsinin aşağı olmasına və 1/4 nisbətdə rəy verildiyinə görə Mədəniyyət Nazirliyi tərəfindən təlimə cəlb edilməmişdir. Bundan əlavə rəydə də qeyd edilmişdir ki, iddiaçı ümumi fortepiano müəllimi işləyə bilər, lakin ixtisas fənni verilə bilməz. Məktəb direktorunun isə müəllimi işdə saxlamaq və işəgötürmə səlahiyyətləri yoxdur. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və xx.xx.2025-ci il tarixdə əmək haqqının düzgün hesablanmaması barədə əmək müfəttişliyinə şikayət vermiş, müfəttişlik sənədləri tələb etmiş, lakin şikayəti araşdırıb təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən o, iş üzrə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan işəgötürən Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2000-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İsayeva X2 rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddətsiz bağlanması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixdə iştirak etdiyi attestasiyanın nəticəsi barədə tərtib edilmiş attestasiya vərəqəsinin surətindən görünür ki, Naibə Şahməmmədovanın sədrliyi və 5 nəfərdən ibarət komissiyanın iştirakı ilə xx.xx.2025-ci il tarixdə attestasiya keçirilmiş, attestasiyada iştirak edən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı ona verilən suallara cavab verə bilmədiyindən səsvermə zamanı 1 leyhinə, 4 əleyhinə səs verilməklə İddiaçı onun tutduğu vəzifəyə uyğun olmadığı barədə rəy verilmiş, ona ixtisas fənni verilməməsi və yalnız ümumi fortepiano fənnini tədris etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru X4 tərəfindən verilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 69 nömrəli əmrin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70. “c” — peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş və işçinin xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-24-6/2-106/2025 nömrəli məktubdan görünür ki, X1 İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndinə əsasən Əmək Məcəlləsinin 83-cü və 84-cü maddələrinin tələblərinə əməl edilməklə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr elektron informasiya sisteminə daxil edilərkən istifadə olunmamış məzuniyyət günlərinin sayı texniki xəta olaraq səhv daxil olunmuşdur. Bildirirlər ki, Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən (İddiaçı) əmək müqaviləsinin xitam verilməsinə dair işəgötürənin əmrində Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq (Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) istifadə olunmamış 2024-2025-ci iş ili üzrə məzuniyyət günləri aşağıdakı kimi hesablanmış və ödənilmişdir: 1. İddiaçı - xx.xx.2024-cü il xx.xx.2025-ci iş il üçün xx.xx.2024-cü il - xx.xx.2025-ci il (33 təqvim günü). Adı çəkilən işçiyə işlədiyi dövrlərdə hər il əmək məzuniyyəti Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə uyğun olaraq 56 təqvim günü olmaqla, işə qəbul olduğu tarixdən İddiaçı xx.xx.2000-ci il xx.xx.2001-ci iş ili üzərindən 2023-2024-cü iş ili də daxil edilməklə bu iş illərinə qədər əmək məzuniyyətlərindən istifadə etmişdir. İşlədiyi dövrlərdə hər il əmək məzuniyyətlərini Əmək Məcəlləsinin 131-ci maddənin 5-ci hissəsinə (bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir) uyğun olaraq təlim-tədris proseslərində iştirak edən (musiqi, nəzəriyyə müəllimlərinə) əmək məzuniyyəti yay tətili dövrlərində verilmişdir. 2024-2025-ci iş ili üçün istifadə edilməyən əmək məzuniyyətlərinə görə məzuniyyət günləri qeyd olunan işçiyə hesablanmış və ödənilmişdir. Adı çəkilən işçiyə idarənin 83-cü maddənin 4-cü hissəsinə (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) uyğun olaraq heç bir ödənilməmiş borcu qalmamışdır. Qeyd olunanlara əsasən bildirirlər ki, məktubda adı və soyadı qeyd edilmiş X1 İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin müəlliminə istifadə edilməmiş 2024-2025-ci iş ili üzrə əmək məzuniyyətləri onların işə başladığı tarixə uyğun olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hesablanmış və ödənilmişdir. Bir daha bildirirlər ki, İddiaçı aprel ayı üzrə işlədiyi iş saatlarına uyğun olaraq 4 dərs saatı üçün 625 aylıq tarif vəzifə maşına uyğun olaraq (625.00 / 12 x 4) = 208,34 manat, istifadə etmədiyi xx.xx.2024xx.xx.2025-ci iş ili üzrə (741,68 / 30,4 x 33 təqvim günü) = 805,11 manat istifadə olunmamış əmək məzuniyyət pulu hesablanmış, ümumilikdə (208,34 + 805,11) = 1013,45 manat son haqq-hesab üzrə müvafiq dövlət ödənişləri tutulduqdan sonra (142,86 manat) 870,59 manat əmək haqqı kartına ödənilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, idarənin əməkdaşa heç bir borcu qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-24/2-504/xx-xx/2026 nömrəli məktubdan görünür ki, 2025-ci ilin fevral-iyul ayları ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin attestasiyası həyata keçirilmişdir. İlkin mərhələdə Bakı, Abşeron–Xızı, Quba–Xaçmaz, Mil–Muğan və Şirvan–Salyan iqtisadi rayonlarını əhatə edən 68 məktəb və mərkəzdə fəaliyyət göstərən ümumilikdə 3695 müəllim attestasiyadan keçmişdir. Attestasiya prosesi müşahidə kameralarının nəzarəti altında, video və səs yazısı aparılmaqla təmin edilmişdir. Attestasiya Komissiyasının qərarına əsasən 3 əleyhinə və 2 lehinə səs çoxluğu ilə nəticələnmiş 234 müəllim Nazirlik tərəfindən təşkil olunmuş təlimlərə cəlb edilmişdir. Eyni zamanda 3-dən artıq əleyhinə səslə vəzifəyə uyğun hesab edilməyən müəllimlərin könüllü olaraq təlimlərdə iştirak etmək üçün müraciətləri də nəzərə alınmış və həmin şəxslər, o cümlədən, 4 əleyhinə və 1 lehinə səs çoxluğu ilə vəzifəyə uyğun hesab edilməmiş İddiaçı da qeyd olunan təlimlərə cəlb edilmişdir. Qeyd olunur ki, İddiaçı təlim müddətində keçirilmiş 17 dərsdən 16-da iştirak etmişdir. Bununla yanaşı adıçəkilən şəxslərə xüsusi müsabiqədə iştirak etmək və pedaqoji fəaliyyətə bərpa olunmaqla bağlı hər hansı güzəştin tətbiq edilmədiyi onların diqqətinə çatdırılmışdır. Məlumat üçün bildirilir ki, təşkil olunmuş təlimlər könüllülük prinsipi əsasında keçirilmiş, iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə 5 nəfərdən ibarət üzvü olan komissiyanın iştirakı ilə attestasiya keçirilmiş, attestasiyanın nəticəsinə dair tərtib edilmiş attestasiya vərəqəsindən göründüyü kimi attestasiyada iştirak edən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin fortepiano müəllimi İddiaçı ona verilən suallara cavab verə bilmədiyindən səsvermə zamanı 1 leyhinə, 4 əleyhinə səs verilməklə İddiaçı onun tutduğu vəzifəyə uyğun olmadığı barədə rəy verilmişdir. Daha sonra İddiaçı attestasiyanın nəticəsi barədə məlumat əldə etdikdən sonra sözügedən attestasiyanın nəticəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunmuşdur. Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru X4 tərəfindən verilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 69 nömrəli əmrin surətindən göründüyü kimi Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70. “c” — peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş və işçinin xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, onun əmək müqaviləsinə xitam verilməsinə qanuna zidd hərəkətlərin səbəb olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə prosesinin gedişatında hazırkı iş üzrə İddiaçı attestasiya imtahanından sonra, yəni 01 may 2025-ci il tarixdən 2025-ci ilin iyun ayının sonuna kimi Mədəniyyət Nazirliyinin Elmi Metodiki və ixtisasartırma Mərkəzində təlimdə olub-olmaması barədə rəsmi arayışın məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə xx.xx.2026-cı il tarixdə sorğu göndərilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-24/2-504/xx-xx/2026 nömrəli cavab məktubda qeyd edilmişdir ki, 2025-ci ilin fevral-iyul ayları ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin attestasiyası həyata keçirilmişdir. İlkin mərhələdə Bakı, Abşeron–Xızı, Quba–Xaçmaz, Mil–Muğan və Şirvan–Salyan iqtisadi rayonlarını əhatə edən 68 məktəb və mərkəzdə fəaliyyət göstərən ümumilikdə 3695 müəllim attestasiyadan keçmişdir. Attestasiya prosesi müşahidə kameralarının nəzarəti altında, video və səs yazısı aparılmaqla təmin edilmişdir. Attestasiya Komissiyasının qərarına əsasən 3 əleyhinə və 2 lehinə səs çoxluğu ilə nəticələnmiş 234 müəllim Nazirlik tərəfindən təşkil olunmuş təlimlərə cəlb edilmişdir. Eyni zamanda 3-dən artıq əleyhinə səslə vəzifəyə uyğun hesab edilməyən müəllimlərin könüllü olaraq təlimlərdə iştirak etmək üçün müraciətləri də nəzərə alınmış və həmin şəxslər, o cümlədən, 4 əleyhinə və 1 lehinə səs çoxluğu ilə vəzifəyə uyğun hesab edilməmiş İddiaçı da qeyd olunan təlimlərə cəlb edilmişdir. Qeyd olunur ki, İddiaçı təlim müddətində keçirilmiş 17 dərsdən 16-da iştirak etmişdir. Bununla yanaşı adıçəkilən şəxslərə xüsusi müsabiqədə iştirak etmək və pedaqoji fəaliyyətə bərpa olunmaqla bağlı hər hansı güzəştin tətbiq edilmədiyi onların diqqətinə çatdırılmışdır. Məlumat üçün bildirilir ki, təşkil olunmuş təlimlər könüllülük prinsipi əsasında keçirilmiş, iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Bundan başqa məhkəmə tədqiq edilmiş sübutlar əsasında cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru X4 tərəfindən verilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 69 nömrəli əmrin ləğv edilməsi tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, iddia tələbinin digər hissələri həmin hissədən birbaşa asılı olduğundan həmin hissələrə hüquqi qiymət verilməsi zərurətini də aradan qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə 07 aprel 2025-ci il tarixli, 69 №-li əmri mübahisələndirməməklə iddia müddətini ötürmüş,cavabdeh tərəfindən bununla bağlı ərizə verilmiş v bu xüsusat da cavabdehin ərizəsi əsasında məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinə qarşı attestasiya komissiyasının 18 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, Xırdalan şəhər onbirillik uşaq musiqi məktəbinin direktoru İkram Manafovun 07 aprel 2025-ci il tarixli, 69 №-li əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun həmin məktəbin fortepiano ixtisası üzrə müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar