Məhkəmə qərarları › İş №2(012)-6699/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6699/2025

24.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6699/2025 24.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadında göstərilmişdir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(003)- 3149/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 avqust 2025-ci il tarixli, 3-21-3-30/2-36811/2025 saylı məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Abşeron rayonu inzibati sərhədlər daxilində ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi icraatında olan 2(003)-42/2025 saylı mülki işi Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə tərəfindən İddiaçı adına olan hüquqi və texniki sənədlərdə (çıxarış, plan və ölçü sənədində) göstərilən torpaq sahəsinin inzibati ərazi vahidi üzrə Xəzər rayonu və Abşeron rayonuna aid olması barədə rəsmi arayışın təqdim edilməsi barədə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə 19 noyabr 2025-ci il tarixdə sorğu göndərilmiş, sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 noyabr 2025-ci il tarixli, 3-21-3-32/2- 20796/2025 nömrəli məktubda sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığı, keçmiş X1nun hüdudları daxilində yerləşdiyi və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonuna) aid edildiyini qeyd etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlak inzibati olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisindən yerləşdiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə tənzimlənən müstəsna aidiyyət qaydasının təsiri altına düşdüyündən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi əsassız olaraq işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir ki, bu da məhkəmələr arasında fikir ayrılığı yaradır. Odur ki, hazırkı iş ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə istinad edərək məhkəmə hesab edir ki, ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar