Məhkəmə qərarları › İş №2(012)-6721/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6721/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6721/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi qızının şəxsiyyətin müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi və düzgün yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi qızı şəxsiyyətin müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi və düzgün yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyətinin müəyyən edilməsi və cavabdehin üzərinə ona şəxsiyyət vəsiqəsi olmasa da, doğum haqqında şəhadətnamənin düzəlişlər edilərək verilməsi, şəhadətnamənin uşaq bəndində atasının adının “Əlişəfi”, cinsinin “qadın” yazılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməli, ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin xahişindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Xüsusi İcraat qaydasında baxılması nəzərdə tutulmuş işlərə aid deyildir. Ərizədə ərizəçi şəxsiyyətinin müəyyənləşdirilməsi, doğum haqqında şəhadətnamənin verilməsi və düzgün yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir ki, bu işlər xüsusi icraat qaydasında baxılmalı işlər sırasına aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının; 4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəyə əlavə edilmiş Maraqlı şəxs məktubundan görünür ki, Maraqlı şəxsndə 13.03.1991-ci ildə tərtib edilmiş 204 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat bəndində atasının adı “Əlisətdar”, cinsi “kişi” qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən və şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığı üçün doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatının 2.1.4 bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan sayılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.3. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə qanunun qeyd edilən tələblərinə əsasən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina hərəkətlərindən, ərizəçinin müraciəti əsasında aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 306.1. maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. 13.4. maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də məhkəmə ərizəyə baxılmasından imtina edilməsi ilə bağlı 153.2.1-ci maddəsinin tətbiq edilməsini zəruri və doğru hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin baxılmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi qızının şəxsiyyətin müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi və düzgün yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ona ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar