Məhkəmə qərarları › İş №2(012)-68/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-68/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-68/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının "xxxx" bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.m olan, 2 otaqlı mənzilə dair onun sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (onun rəhbərliyinə) həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının "xxxx" bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.m olan, 2 otaqlı mənzil Mənzil-Tikinti Kooperativi ilə aralarında imzalanmış müqaviləyə (alqı-satqı müqaviləsinə) əsasən İddiaçı satılmışdır. Buna dair aralarında xx.xx.2016-cı il tarixdə müqavilə rəsmiləşdirilmiş və iddiaçı bu əmlaka görə cavabdehə 52689 (əlli iki min altı yüz səksən doqquz) manat ödəniş etmişdir. Cavabdeh də iddiaçıya müqavilə və maliyyə arayışı, o cümlədən mənzili vermişdir. Hazırda həmin mənzil iddiaçının istifadəsindədir. İddiaçı bu mənzili hazırda satmaq niyyətindədir və alıcı da taparaq aralarında qiymət razılığına da gəlmişlər. Lakin Mənzil-Tikinti Kooperativi rəhbərliyi yeni alıcının adına müqavilə və maliyyə arayışı vermir. xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə müraciət edərək faktiki sahibliyində olan əmlakının hüquqmüəyyənedici sənədlərinin başqa şəxsin adına dəyişdirilərək, həmin şəxsin adına rəsmiləşdirilməsini tələb etmiş, amma buna baxmayaraq, iddiaçıya bu günədək heç bir cavab verilməmişdir. Əmlakın dəyəri tam ödənilməklə əmlaka faktiki sahiblik edərək əmlaka dair sərəncam vermək hüquqları olsa da, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin rəhbərliyi qanunsuz və əsassız olaraq iddiaçının sərəncam vermək hüququnu pozaraq əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsindən imtina edir. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki həmin hərəkətlər qonşuların və ya üçüncü şəxlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan qeyri yaşayış sahəsindən heç bir maneə olmadan sahiblik və istifadə etsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu əmlak üzərində sərəncam verə bilmir və bununla da yuxarıda sadalanan hüquqları pozulur. Həmçinin tikilmiş bina cavabdeh təşkilatın səhlənkarlığı nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamış və sakinlərə, payçılara çıxarışlar verilməmişdir. Buna baxmayaraq, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin əmlakın iddiaçının mülkiyyətində olmasını təsdiq edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət etmiş və iddia tələbini dəqiqləşdirərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş çoxmərtəbəli yaşayış binasının "xxxx" bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metr olan, 2 otaqlı mənzilə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçıya məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İşdə olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 54 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “1” blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metrlik 2 otaqlı mənzili 52689 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə İddiaçı MTK tərəfindən borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İşdə olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının "xxxx" bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metrlik 2 otaqlı mənzili 48636 manat pul ödəməklə inşa edib Cavabdeh2 təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə Cavabdeh2 MTK tərəfindən borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İşdə olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə X15 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının "xxxx" bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metrlik 2 otaqlı mənzili 52689 manat pul ödəməklə inşa edib X11 təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə A.Ə.Əliyevə MTK tərəfindən borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İşdə olan A.Ə.Əliyevin xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2014-cü il tarixli müqavilə ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən aldığı mənzilin İddiaçı adına keçirilməsinə razıdır. İşdə olan Cavabdeh1 MTK-nın yeni təyin olunmuş direktoru X2, təsisçiləri X6 və X9 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 12 saylı aktdan görünür ki, MTK-ya məxsus möhür təhvil alınarkən möhürün üzərində əks olunan Azərbaycan Respublikası Xəritəsinin yuxarı hissəsində zədə və qüsur aşkar edilmişdir. Möhürü təhvil almamışdan öncəki, yəni 2013-2017-ci illər dövründə MTK-ya məxsus rəsmi sənədlərin və alqı-satqı müqavilələrin üzərində öz əksini tapan möhürdə heç bir zədə və qüsur olmamışdır. Qeyd olunan möhürü qüsurlu və zədəli şəkildə qəbul etmişlər. Qəbul edilmiş tarixdən MTK-da həmin möhürün istifadəsinə davam edilir. İş materiallarında olan Cavabdeh1 MTK-nın direktoru X5, təsisçiləri X16, X12, Babaşov Qabil Cavanşir oğlu və X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 16 saylı aktdan görünür ki, MTK-ya məxsus möhürü təhvil alarkən, onun üzərində əks olunan Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur vardır. Qüsur səbəbindən möhürün ikinci nüsxəsini çıxarmaq üçün lisenziyası olan şirkətə müraciət edilmişdir. MTK xx.xx.2022-ci il tarixindən yeni möhürlə fəaliyyətini davam etdirir. İşdə olan Cavabdeh1 MTK-nın yeni təsisçiləri X5, X16, X12, Babaşov Qabil Cavanşir oğlu və X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 14 saylı aktdan görünür ki, MTKnın onlara qədərki direktoru X1 MTK-ya məxsus möhürü təhvil almışlar. Qeyd olunan möhürü təhvil alarkən, onun üzərində əks olunan Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur aşkar edildi. Həmin möhürü (qüsurlu formada) təhvil almışlar. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 5/205/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 21 aprel 2016-cı il tarixli 54 nömrəli müqavilədə və maliyyə arayışında, Cavabdeh1 MTK ilə X15 arasında bağlanmış 20 aprel 2014-cü il tarixli 11 nömrəli müqavilədə və maliyyə arayışında olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 21 aprel 2016-cı il tarixli 54 nömrəli müqavilədə və maliyyə arayışında, Cavabdeh1 MTK ilə X15 arasında bağlanmış 20 aprel 2014-cü il tarixli 11 nömrəli müqavilədə və maliyyə arayışında olan möhür əksləri ekspertizaya Cavabdeh1 MTK-nın möhürün sərbəst əks nümunələri qismində təqdim edilmiş X4 adına 20 sentyabr 2013-cü il tarixli 2 nömrəli müqavilədə və maliyyə arayışında, X3 adına 03 aprel 2015-ci il tarixli 21 nömrəli müqavilədə və maliyyə arayışında, X4 adına 20 sentyabr 2013-cü il tarixli 1 nömrəli müqavilədə və maliyyə arayışında olan möhür əksləri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 21 aprel 2016-cı il tarixli 54 nömrəli müqavilədə və maliyyə arayışında, Cavabdeh1 MTK ilə X15 arasında bağlanmış 20 aprel 2014-cü il tarixli 11 nömrəli müqavilədə və maliyyə arayışında olan möhür əksləri təqdim edilmiş Cavabdeh1 MTK ilə X15 arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli 04 nömrəli müqavilədə və maliyyə arayışında olan Cavabdeh1 MTK-nın möhürün sərbəst əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmadı. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 5/884/2024 saylı rəyindən görünür ki, təqdim edilmiş Cavabdeh1 Mənzil-Tikinti kooperativi ilə X15 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektindəki 2 girişli, 16 mərtəbəli yaşayış binasının A bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metr olan 2 otaqlı mənzilin alqı-satqısına dair 27 aprel 2016-cı il tarixdə imzalanmış 11 nömrəli müqavilədə (i.v.58-59) və maliyyə arayışında (i.v.60) olan möhür əksləri və Cavabdeh1 Mənzil-Tikinti kooperativi ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektindəki 2 girişli, 16 mərtəbəli yaşayış binasının 1-ci bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metr olan 2 otaqlı mənzilin alqı-satqısına dair 27 aprel 2016-cı il tarixdə imzalanmış 54 nömrəli müqavilədə (i.v.93-94) və maliyyə arayışında (i.v.95) olan möhür əksləri «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X13” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. 27 aprel 2016-cı il tarixli 54 nömrəli müqavilədə (i.v.93- 94) və maliyyə arayışında (i.v.95) olan möhür əksləri ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X13” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı “Çinar-AN" MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli müqaviləyə istinad edərək, həmin MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini və həmin mənzilin başqa adamın adına rəsmiləşdirilməsinə yaranmış maneənin aradan qaldırılmasını xahiş edir. Məhkəmə işin hallarına əsaslanaraq belə hesab edir ki, ilk öncə eyni mənzilə dair bağlanmış hər iki müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlaka dair hüquqların (sahiblik və istifadə) mövcudluğu məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki şəxslə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən göründüyü kimi, mübahisə predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının "xxxx" blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.metrlik 2 otaqlı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə təşkil edir. İddiaçı bu zaman MTK ilə özü arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə istinad edir. O, eyni zamanda bildirir ki, bu mənzil daha əvvəllər Anar Əliyevə məxsus olmuş və onun razılığı ilə sonradan iddiaçının adına rəsmiləşdirilmişdir. Bu müqavilələrin hansının tarix baxımından daha öncə bağlanmasının müəyyən edilməsi mümkün deyildir, çünki bu tip müqavilələr vahid reyestrə daxil edilmədiyindən onların köhnə tarixlə tərtib edilməsi istisna edilmir. Bu baxımdan məhkəmə, daha öncə bağlanan müqavilənin sonrakı müqavilədən daha legitim olması barədə dəlilə tənqidi yanaşır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda Cavabdeh2 faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır (kommunal xidmətlərin ödənilməsilə bağlı qəbz vardır). Bu faktı MTK da qəbul edir və mənzilin sahibi kimi Cavabdeh2 tanıyır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən maneəsiz istifadə olunduğundan, habelə tikintinin sahibi olan MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı Cavabdeh2 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir. Bundan başqa, İddiaçı təqdim etdiyi müqavilədəki MTK möhürünün 2016-cı ildə qüsurlu olması şübhəlidir. Belə ki, işdəki sənədlərdən görünür ki, möhürdəki qüsur 2018-ci ildən aşkarlanmışdır və həmin qüsurun 2016-cı ildə də mövcudluğu inandırıcı görünmür. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin və maliyyə arayışının olması İddiaçı mübahisəli mənzillə bağlı Cavabdeh2 sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçıla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd məhkəmədə mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçıla bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin və maliyyə arayışının mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş Cavabdeh2 sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və ekspertiza xərci İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Ekspertizanın dəyəri kimi cəmi 370 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar