Məhkəmə qərarları › İş №2(012)-6809/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6809/2025

23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6809/2025 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi göstərilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin qızı X4 xx.xx.2022-ci ildə Suriyanın İdlib şəhərinin Atma qəsəbəsində doğum faktının müəyyən edilməsi, onun adına doğum haqqında şəhadətnamə verilməsi və doğum haqqında şəhadətnamədə uşaq barədə qeyddə “X9”, ata barədə qeyd qrafasında “X11”, ana barədə qeyd qrafasında “Ərizəçi”nın adının yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X8 xx.xx.2012-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Ərizəçi həyat yoldaşı ilə ailə həyatı qurandan sonra xx.xx.2013-cü ildə Suriyaya getmiş və İdlib şəhərinin Atma qəsədəsində yaşadıqları vaxt onun övladı dünyaya gəlmişdir. xx.xx.2025-ci ildə ərizəçi və qızı Asiya dövlət xətti ilə Azərbaycan Respublikasına gəlmiş və hazırda anası ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Övladının doğumu ilə bağlı tibbi arayış olmadığı üçün ərizəçi ona doğum haqqında şəhadətnamə ala bilmir, belə ki,mən bununla bağlı 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinə müraciət etmiş, verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd olmadıqda uşağın doğulma faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum faktının müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, 2012-ci ildə nikaha girmiş, 2013-cü ildə Suriyaya getmişlər. Birgə nikahdan 1 qızı var. Övladı Suriyada doğulmuşdur. Uşağa dair heç bir sənəd almamışdır. Onun anası, qardaşı Suriyada onlarla yaşamışlar. Azərbaycana gələn zaman sənədləri orada qoyub gəlmişdir. Hazırda onun anası, bacısı Azərbaycanda, uşağın atası isə Suriyadadır. Belə ki, onlar istəmədən Suriyaya getmiş, daha sonra iğtişaşlar olduğuna görə orada qalmış, orada sivil həyatı yaşamışlar. Hazırda yoldaşı həbs olunacağına görə Azərbaycana gələ bilmir. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AB******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə anadan olmuşdur. -Xİİİ-ЖГ 252150 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə doğulmuş, anası X3, atası X6r. -AZ-İ 738270 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Ərizəçi xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Eyvazova” soyadı verilmişdir. -AA0282343 saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Suriyada doğulmuşdur. -İİİ-ИА 358000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1983-cü il tarixdə doğulmuşdur. -AZE13760216 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1983-cü ildə anadan olmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X2 xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qeydiyyatına alınır. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 2.5.4cü bəndinə əsasən doğumun qeydə alınması zəruri sənədlərə tibbi arayış, uşaq tibb müəssəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd nəzərdə tutulmuşdur. Doğum faktını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixdə anadan olmuş qız uşağının doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. Onlar 2013-cü ildə Suriyaya getmiş, 2023-cü ildə Azərbaycana qayıtmışlar. Uşaq Suriyada anadan olmuş, həmin vaxt o da orada olmuşdur. Ceyhun Eyvazov qızının yoldaşıdır, Suriyada qalmışdır. 2012-ci ildə ailə qurmuşlar. İlk öncə böyük qızı yoldaşının yanına Suriyaya getmiş, onlar getdikdən 1 ay sonra o da qızı Gülşəni də götürüb böyük qızının yanına getmişdir. Orada isə münaqişə olmuş və qayıda bilməmişlər. Qayıtmaqları üçün ondan çox pul tələb etmiş, lakin maddi imkanı qayıtmağa yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Bacısının övladı Suriyada doğulmuş, həmin zaman o da orada olmuşdur. O, 2023-cü ildə Suriyadan qayıtmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının: 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, ərizə “X4 Suriyanın İdlib şəhərinin Atma qəsəbəsində doğum faktının müəyyən edilməsi” hissəsində ərizəçi tərəfindən sübuta yetirilmədiyindən həmin hissədə təmin edilməməli, ərizə qismən təmin edilərək X4 Suriyada doğum faktı müəyyən edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, X4 xx.xx.2022-ci il tarixdə Suriyada doğum faktı müəyyən edilməli, ona doğum haqqında şəhadətnamə verilməli, uşağın akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “X9”, doğum tarixi qrafasında “xx.xx.2022-ci il”, doğulduğu yer qrafasında “Suriya Ərəb Respublikası”, ata adı qrafasında “X11”, ana adı qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 xx.xx.2022-ci il tarixdə Suriya Ərəb Respublikasında doğum faktı müəyyən edilsin və X7 doğum haqqında şəhadətnamə verilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) X1, adı, atasının adı qrafasında “X9”, doğum tarixi qrafasında “xx.xx.2022-ci il”, doğulduğu yer qrafasında “Suriya Ərəb Respublikası”, ata adı qrafasında “X11”, ana adı qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar