Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-706/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia qaldıraraq, Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən yataqxanaya yaşayış və istifadə hüququnun tanınması və övladı ilə birlikdə mənzilə köçürülməsi, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh1 ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. 2013-cü ildə övladının irsi qan xəstəliyi olan talassemiya xəstəliyindən əziyyət çəkdiyi məlum olmuş, 2015-ci ildən etibarən “Böyük Beta talassemiya'* diaqnozu ilə Respublika Talassemiya Mərkəzində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında Respublikamızın xeyriyyəçilərindən biri tərəfindən maliyyələşdirilməklə, kənar donor vasitəsilə dəyəri 170000 ABŞ dolları olan və eyni zamanda çox ağır əməliyyat olan ilik nəqli əməliyyatı olmuşdur. O, 2013-cü ildən etibarən xx.xx.2021-ci il tarixədək, yəni oğlunun əməliyyatı üçün Türkiyə Respublikasına gedənədək keçmiş həyat yoldaşı Cavabdeh1 X1 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada yaşamışdır. Türkiyəyə hazırlıq ərəfəsində keçmiş yoldaşı Cavabdeh1 ailəsinə dəstək olmaq əvəzinə ailə-məişət problemləri yaratmış, nikahın ləğvi üçün məhkəməyə müraciət etmiş, lakin bir müddət sonra ərizəsini geri götürmüşdür. xx.xx.2021-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh1 o və oğlu ilə birgə Türkiyəyə getmiş, xx.xx.2021-ci il tarixində geri qayıtmış, bir neçə gün sonra həyat yoldaşının yaxın qohumları zəng vuraraq Ziyadxanın ailəsinin dəstəyi ilə rəsmi nikahdan kənar Ləman adlı bir qadınla ailə qurduğunu bildirmişdir. Keçmiş həyat yoldaşı baş verən hadisələri əvvəlcədən düşünülmüş şəkildə etmiş, xx.xx.2021-ci il tarixində hava limanına gedərkən yolda yaşadığı evin açarını evdə unutduğunu qeyd etmiş və ondan digər açarı təhvil almışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək oğlu ilə birlikdə Türkiyə Respublikasında yaşamış, həmin müddətin üç ayını İstanbulda yerləşən Acıbadem Xəstəxanasında izolyasiya olunmuş xəstəxana palatasında keçirmişdir. Oğlu Muradxan iki dəfə ağır reanimasiya keçirmiş, həyati təhlükəsi yaranmış, doqquz dəfə narkoz almışdır. Həyatının ən ağır günlərində keçmiş həyat yoldaşı yaşadığım evin dəmir darvazasının qıfılını dəyişmiş, keçmiş qaynatası isə evin sənədləşdirilməsi ilə bağlı Novxanı bələdiyyəsinə şifahi formada müraciət etmişdir. Cavabdeh1lə telefon və video görüntü zamanı dəfələrlə aralarında münaqişə yaranmış, hətta oğlunun əməliyyatı üçün ona icazə sənədini verməyəcəyini və evə buraxmayacağını söyləmişdir. xx.xx.2021-ci il tarixində ağır əməliyyat keçirmiş oğlu ilə xəstəxanadan birbaşa hava limanına yollanmışdır. Vətənə qayıdanda qardaşı X3 onları hava limanında qarşılayaraq keçmiş həyat yoldaşı ilə yaranmış münaqişəni və oğlunun ağır vəziyyətini nəzərə alaraq onları Masazır qəsəbəsində kirayə tutduğu mənzilə aparmışdır. Səhəri gün yoldaşı ilə əlaqə saxlamış, evdən geyim və digər zəruri əşyaları götürəcəyini söyləyərək evin açarlarını təhvil verməsini tələb etmişdir. Lakin Ziyadxan onu evə bııraxmayasağını bildirmiş və əşyalarını çölə tökəcəyi ilə təhdid etmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh1 xx.xx.2021-ci il tarixindən etibarən, yəni Türkiyədən qayıdandan hal-hazıradək valideynləri ilə birgə Novxanı kəndi, M.Tərlanov küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixində Xətai Rayon Məhkəməsində Cavabdeh1 müraciəti əsasında nikah ləğv edilmişdir. Alimentin övladı Muradxanın müalicə xərci də nəzərdə alınmaqla 300 manat məbləğində müəyyən olunması keçmiş həyat yoldaşı Ziyadxanı hiddətləndirmiş, Cavabdeh1 2022-ci ilin may ayında ona zəng edərək gəlib evdən əşyalarını götürməyi və atası Cavabdeh2 evi kirayə verdiyini bildirmişdir. Bununla əlaqədar olaraq 102 xidmətinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixindən etibarən o, Novxanı kəndi, C.Useynov küçəsində kirayə yaşayır. X5 İ qrup əlildir. Ağır əməliyyat olmuş övladının qayğıları maddi xərc tələb edir. Hal-hazırda Respublika Talassemiya Mərkəzində transplantoloq və psixiatr nəzarətindədir. Övladı iki ildir məktəbə gedə bilmir. Bu il məktəbə getməyinə həkimlər icazə vermişdir. Oğlu Xırdalan qəsəbəsində yerləşən 01 saylı orta məktəbdə təhsil alır. Hazırda kirayə yaşadığı ev məktəbə gedən marşrut dayanacağından 1 km məsafədə yerləşir. Lakin Ə.Vahid küçəsində yerləşən və illərlə yaşadığı ev isə dayanacaqdan 200 metr məsafədə yerləşir. Kirayə yaşamağa maddi imkanı çatmır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, mübahisəli mənzil yataqxanada yerləşir. Əvvəllər ora qayınatasının olub, o və əri isə mənzilə 2013-cü ildən köçmüşdür. Cehiz əmlkaı da hazırda oradadır. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə MPMnin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron RİHB-nın Novxanı kənd İƏD üzrə İcra Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayonu Novxanı kəndi Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada ailəsi ilə birlikdə yaşamışdır. İşdə olan Novxanı Bələdiyyəsininxx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən etibarən Novxanı bələdiyyəsində işləyir və 2013-cü il tarixindən xx.xx.2021-ci il tarixədək Abşeron rayonu, Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada ailəsi ilə birlikdə yaşamışdır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 İ dərəcəli əlildir (diqnoz: Beta Talassemiya (böyük forma). Sümük iliyi transplantasiyadan sonrakı vəziyyət. Nevrasteniya. Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, USM müayinədə: Qaraciiyər 3 sm böyüyüb, dalaq 6 sm böyüyüb. Xoşxassəli və narahatlıq törətməyən ürək küyləri. Funksional ürək küyü. Digər transplantasiya olunmuş orqan və toxumaların olması. Sümük iliyi transplantaziyasından sonrakı vəziyyət). İşdə olan AZ-İİ 991694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan AZ-İ 456980 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikahın pozulması aktı xx.xx.2023cü il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2000-ci il tarixli aktın surətindən görünür ki, Novxanı sovxozunun əmlakından bələdiyyə mülkiyyətinə saxlanılmış əmlak bələdiyyəyə təhvil verilmişdir (o cümlədən yataqxana binası). İşdən görünür ki, mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir və həmin əmlak xx.xx.2000-ci il tarixli akta əsasən Novxanı Bələdiyyəsinin balansına verilmişdir. İddiaçı iddia edir ki, mübahisəli yaşayış sahəsində 2013-cü ildən yaşadığından o və azyaşlı uşağı oraya köçürülməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı münasibətlər 2013-cü ildə yaranmışdır və məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsasən həll edilməlidir. Həmçinin işin mübahisəsiz hallarından biri də mübahisəli yaşayış sahəsinin bələdiyyə mənzil fonduna aid olmasıdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. İşdən görünür ki, mübahisəli daşınmaz əmlak Novxanı Bələdiyyəsinin balansındadır və iddiaçı hələ nikaha daxil olmamışdan öncə cavabdehlərdən Cavabdeh2 istifadəsində olmuşdur. İddiaçı Cavabdeh1lə nikah girmiş və 2013-cü ildə bu yaşayış sahəsinə köçmüşdür. Lakin sonradan onların nikahları pozulmuş, nikahın pozulması aktı xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materialları ilə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması və ya müvafiq qurumla sosial kirayə müqaviləsi bağlanamsı barədə işdə hər hansı mötəbər sübut yoxdur. Bundan başqa, işin faktiki hallarından görünür ki, A.M.Hüeynovanın mübahisəli yataqxana otağına köçürülməsinə dair onun faktiki istifadəçisi olan Cavabdeh2 icazə vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına heç bir əsas yoxdur. Eyni zamanda, bu yaşayış sahəsi ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli otağın əldə edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-706/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-706/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver