Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-720/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh adına olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 8, 61 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ali təhsilli olmaqla müəllimə işləyir. İddiaçı Cavabdeh ilə 25 dekabr 2020-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. İddiaçı toy mərasimindən sonra cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında cavabdehin adına olan qeydiyyatda olduğu evə gəlin köçməklə həmin evə bir ailə üzvü kimi qeydiyyata düşmüşdür. İddia ərizəsinə əlavə edilmiş MAPS arayışından göründüyü kimi iddiaçı və cavabdeh eyni ünvanda qeydiyyatdadırlar. Cavabdehin xüsusi mülkiyyət kimi adına olan həmin mənzilə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışdan göründüyü kimi birgə yaşadığı mənzilin 26,19 kv.m sahəsi vardır. Cavabdeh iddiaçıya hazırki mənzilin sahəsinin kiçik olduğunu, sahəsi geniş olan ev alınması üçün iddiaçının kredit götürməyini, cavabdehin də iddiaçıya maddi yardım edəcəyini bildirmiş, iddiaçı da bununla razılaşmışdır. İddiaçı 04 mart 2021-ci il tarixdə Kapital Bankdan 4 il müddətinə illik 28 faizlə 5500 manat kredit götürüb Cavabdeh verdikdən 2 ay sonra cavabdeh Göyçay rayon Yeniarx kəndində valideynlərinin yanında olarkən, iddiaçı Bakı şəhərində qeydiyyatda olduğu ünvanda olmuşdur. Cavabdeh iddiaçıya zəng edərək Göyçay rayonu Yeniarx kəndində xeyr işləri olduğunu, iddiaçının qızıllarını da götürub gəlməsini bildirmişdir. İddiaçı qızıllarını götürüb Yeniarx kəndinə getmişdir. Ora getdikdən sonra cavabdehin anası iddiaçıdan əmək haqqı kartını istəmiş, iddiaçı isə buna etiraz etmişdir. Bu zaman cavabdeh iddiaçını döymüş, əl çantasında olan qızıl- zinət əşyalarını götürüb anasına vermişdir. O zaman iddiaçı qayıdıb Əkrəmlə Bakı şəhərinə gəlmişdir. Cavabdeh işə getdikdən sonra iddiaçı cehiz-əmlakını evdən çıxarıb götürmüşdür. Ondan sonra cavabdeh mənzilin açarını dəyişdiyindən, iddiaçı mənzilə daxil ola bilməmişdir. Ondan sonra cavabdeh iddiaçıya qarşı nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciyət etmiş, iddiaçı mənzilə daxil ola bildmədiyi üçün başqa-başqa ünvanlarda kirayəşin olaraq yaşamışdır. Hal-hazırda iddiaçı ünvan 4 ünvanında faktiki olaraq tanışlarının evində yaşayır. Hazırki, iddia ərizəsiylə bağlı hələki iddiaçı qızıl -zinət əşyalarını və kredit pulunu tam ödəmədiyi üçün məhkəməyə müraciət edə bilmir. Kredit pulunu tam ödədikdən sonra həmin kreditin bölünməsi barədə iddiaçı gələcəkdə məhkəməyə müraciyət edəcəkdir. İddiaçı işin mediasiya şurası üzrə Ucar rayon mediator şöbəsində nümayəndə olsa da, cavabdeh mediasiya xidmətinə gəlməkdən boyun qaçırmışdır. İşin sülh yolu ilə həllinə nail olmadığı üçün meditator tərəfindən 14 noyabr 2021-ci il tarixdə iddiaçıya arayış verilmişdir. Həmçinin Cavabdeh 31.01.2022-ci il tarixdə məhkəmə iclasında iddiaçıya qarşı etiraz ərizəsi yazaraq məhkəməyə təqdim etmişdir ki, İddiaçı cavabdehin qeydiyyatda olduğu ünvandan əmlakını apararkən, cavabdehə məxsus 1000 manat dəyərində olan kombini, 140 manat dəyərində olan moyka avadanlığını və 1450 manat dəyərində olan HP markalı notebooku və başqa əmlakını da özü ilə aparmışdır. Cavabdehin etiraz ərizəsində göstərdiklərinin iddiaçının evə köçürülmə tələbiylə bağlı heç bir əlaqəsi yoxdur. Ancaq məhkəmədə iddiaçıya qarşı mənfi obraz yaratmaq, iddiaçının ləyaqətini alçaltmaq məqsədi daşımışdır. Cavabdehin etiraz ərizəsində qeyd etdikləri əsassızdır və iddiaçıya şər-böhtan atır. Ancaq iddiaçı rəsmi olaraq sübut edir ki, həmin notebooku nikahdan 4 ay əvvəl iddiaçı almışdır, sənədləri də iddiaçının adınadır. Adı etiraz ərizəsində qeyd olunan kombini isə mərhum dayısı iddiaçıya hədiyyə etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsunə etiraz edərək göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-2, Heydər Əliyev prospekti 11, bina 8-də yerləşən 61 saylı mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarış onun adınadır. Qeyd edilən mənzilə dair çıxarış 07.11.2018-ci il tarixdə onun adına **********90 - 05301 - 093041 nömrə ilə Daşınmaz Əmlakın reyestrində qeydiyyata alınmışdır. Belə ki, onunla İddiaçı arasında 25 dekabr 2020-ci il tarixdə Kürdəmir regional ’’ASAN xidmət” X5 tərəfindən 253 saylı nikah qeydə alınmışdır. Birgə nikahlarından övladları yoxdur. Qeyd edir ki, İddiaçı onun atası evinə, yəni, Göyçay rayonu, Yenıarx kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı Zeyna qızı onunla Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-2, Heydər Əliyev prospekti 11, bina 8-də yerləşən 61 saylı mənzildə cəmi 12 gün birgə yaşamışdır. Aidənin bəzi cehiz əmlakları mübahisəli mənzilə yerləşdirilmişdir. O və Aidə 12 gün həmin mənzildə yaşadıqdan sonra onun atası evi olan Göyçay rayonu, Yenıarx kəndində yerləşən fərdi yaşayış evinə getmişdirlər. Onların arasında olan mübahisədən sonra Aidə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-2 Heydər Əliyev prospekti 11, bina 8-də yerləşən 61 saylı mənzilə gəlmiş və onun xəbəri olmadan, heç bir məlumat vermədən, mübahisəli mənzilin qapısının açarını dəyişdirərək, yaşamağa başlamışdır. Belə ki, o, Aidənin həmin mənzildə yaşamasından xəbərsiz olmuş və elə bilmişdir ki, Aidə atası evindədir. O, mübahisəli mənzilə baş çəkmək üçün gəlmiş, lakin mənzilin açarı dəyişdirildiyi üçün mənzilə daxil ola bilməmişdir. Sonradan məlum olmuşdur ki, Aidə bir neçə gündür ki, mübahisəli mənzilə xəbərsiz gəlmiş, açarı dəyişdirərək yaşamağa başlamışdır. O, bu hadisədən sonra 102 xidmətinə və Abşeron Rayon Polis İdarəsinə məlumat vermişdir. Daha sonra binanın komendantı ona zəng edərək, Aidənin evdə olan cehiz əmlaklarını yığdığını bildirmişdir. Aidə mənzildə olan cehiz əmlaklarını öz atası evinə apardıqdan sonra o, polis vasitəsi ilə, evin açar və qıfılını dəyişərək, mənzilə daxil olmuşdur. Həmin zaman ona məlum olmuşdur ki, Aidə öz cehiz əmlaklarından başqa mənzili alan zaman onun tərəfindən evə yerləşdirilmiş 1000 manat dəyərində kombi aparatını, 140 manat dəyərində moyka avadanlığını, 1450 manat dəyərində HP markalı neotbooku və s. əmlakları özü ilə aparmışdır. Bütün bunlardan əlavə o, Aidənin günahı ucbatından 220 manat xərc sərf edərək, mənzilin qıfıl və açarını dəyişdirmişdir. Bütün bunlardan sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-5092/2021 saylı, 12.10.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə onun arasında olan rəsmi nikah pozulmuşdur. Onda olan məlumata görə nikah pozulduqdan sonra İddiaçı ünvan 5 ünvanında xalası evində yaşamağa başlamışdır. O, Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə və üçüncü şəxs İddiaçı qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsİ ilə müraciət edərək, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-2, Heydər Əliyev prospekti 11, bina 8-də yerləşən 61 saylı mənzilə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona qarşı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı cəmi 12 gün yaşadığı evə köçürülmə hüququ istəyir. Aidə və onun arasında olan ailə münasibətləri cəmi 46 gün davam etmişdir. Odur ki, İddiaçı ona qarşı evə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi X4 məhkəmə iclasında Cavabdeh izahatına uyğun izahat verdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 1 ********** qeydiyyat nömrəsi ilə, 07.11.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəmir Regional “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İİ № 409003 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında 25 dekabr 2020-ci il tarixli 253 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 410765 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Abşeron rayon məhkəməsinin 12.10.2021-ci il tarixli qərarına əsasən İddiaçı və Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulduğundan, 23.12.2021-ci il tarixində xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 8, 61 saylı mənzil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nomrəli, 07.11.2018-ci il qeydiyyat tarixli, RX Seriyalı, ******* saylı çıxarışla xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.Tərəflər arasında 25 dekabr 2020-ci il tarixində rəsmi nikah bağlanmış və həmin nikah 23.12.2021-ci il tarixində xitam verilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, tərəflər arasında münasibətlər 25 dekabr 2020-ci il tarixdən,yəni rəsmi nikah bağlandıqdan sonra yaranmış, belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək hesab edir ki, tərəflər arasındakı mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin normalarına uyğun olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki hallarını, yəni iddiaçının 25 dekabr 2020-ci il tarixdən sonra mübahisə predmeti olan mənzilə köçərək yaşaması, sonradan həmin mənzili tərk etməsi, iddiaçı ilə evin mülkiyyətçisi olan Cavabdeh arasında olan nikaha 23.12.2021-ci il tarixdə xitam verilməsini əsas götürərək hesab edir ki, mübahisənin həlli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinin tələbinə əsasən qiymətləndirilmlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.Lakin sübutların tədqiqatından görünür ki, iddiaçı ailə üzvü kimi qəbul edilərək mübahisəli mənzilə gəlin gəlsə də, 23.12.2021-ci il tarixdə tərəflər arasında olan nikaha xitam verldiyindən, ailə üzvü münasibətlərinə də xitam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 8, 61 saylı mənzilə köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-720/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-720/2022
09.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver