Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-735/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, onlar arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzində xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırmışdır ki, o, valideynlərinin məsləhəti ilə Cavabdeh ilə nişanlanmışdır. Onlar toya hazırlaşmışlar. Toy mərasiminin isə 2022-ci ilin oktyabr ayında keçirilməsilə bağlı razılığa gəldiklərinə görə müvafiq icra hakimiyyətinə müraciət edərək aralarında nikah bağlamışlar və onlara nikah haqqında şəhadətnamə verilmişdir. Lakin cavabdehin elə nişanlandıqları vaxtdan onunla soyuq münasibəti evlənmək niyyətinin olmamasını göstərirdi. Onun şübhələri olsa da, rəsmi nikaha daxil olmuşdur. Lakin toya az müddət qalmış cavabdeh daha soyuq münasibət göstərərək bütün münasibətlərə son qoyulmasına nail olmuşdur. Aralarında faktiki olaraq heç bir nikah münasibəti olmamışdır. Cavabdeh ailə üzvlərinin təkidi ilə onunla nişanlanmış və rəsmi nikaha girmişdir. Əslində özünün bu fikirdə olmaması onun ilk günlərdən hərəkətlərindən hiss olunurdu. Toya qısa müddət qalmış isə bütün münasibətləri kəsməsi onun evlənmək niyyətinin olmamasını tam sübuta yetirir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, o valideynlərinin təkidi və təzyiqi ilə İddiaçı ilə nişanlanmışdır. Lakin o, İddiaçı ilə evlənmək istəməmiş və belə niyyəti olmamışdır. Bu barədə dəfələrlə ailə üzvlərinə öz fikrini bildirmişdir. Hər dəfə valideynləri ona qarşı təzyiq edərək İddiaçı ilə evlənməyini məsləhət görmüşlər. O isə valideynlərinin təkidlərinə və təzyiqlərinə, həmçinin onlara hörmətsizlik olmasın deyə məcbur İddiaçı ilə nikaha daxil olmuşdur. Nikaha daxil olarkən gələcəkdə İddiaçı ilə evlənmək məqsədi olmamış və nikah formal xarakter daşımışdır. Bundan bir müddət sonra isə artıq valideynlərinə də qəti sözünü deyərək İddiaçı ilə ailə qurmaq istəmədiyini bildirmiş və nəzərdə tutulmuş toy baş tutmamışdır. Bu səbəbdən də İddiaçı ilə heç vaxt birlikdə yaşamamışlar, birgə təsərrüfat aparmamışlar və aralarında heç bir münasibət olmadığı üçün övladları da olmamışdır. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında şahid kimi ifadə verən X1 bildirdi ki, cavabdehin atasıdır. Oğlu onların təkidi və təzyiqi ilə İddiaçı ilə nişanlanmışdır. Lakin o, İddiaçı ilə evlənmək istəməmiş və belə niyyəti olmamışdır. Oğlu Sultan bu barədə dəfələrlə bir valideyn kimi onlara öz fikrini bildirmişdir. Lakin bir müddət sonra oğlunun fikrinin dəyişəcəyini güman edərək hər dəfə Sultanla razılaşmayaraq İddiaçı ilə evlənməyini məsləhət görmüşlər. Onların təkidlərinə görə oğlu Sultan İddiaçı ilə nikaha daxil olmuşdur. Bundan bir müddət sonra isə Sultan onlara qəti sözünü deyərək İddiaçı ilə ailə qurmaq istəmədiyini bildirmiş və nəzərdə tutulmuş toy baş tutmamışdır. Bu səbəbdən iddiaçı onların evinə gəlin köçməmiş, cavabdehlə heç vaxt birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və aralarında heç bir münasibət olmadığı üçün övladları da olmamışdır. Nikah yalnız sənəd üzərində formal olaraq qalmışdır. İştirak etdiyi məhkəmə iclasında şahid kimi ifadə verən X3 bildirdi ki, iddiaçının anasıdır. Qızının əvvəlcə nişan mərasimi olmuş, 1 ay sonra rəsmi nikah qeydə alınmışdır. Nişan dövründən etibarən cavabdeh qızına qarşı soyuq olmuş və sanki bu işdə könülsüz olduğunu hiss etdirmişdir. Lakin bunun keçici olduğunu düşünərək o qədər də əhəmiyyət verməmişlər. Bu səbəbdən nikah mərasimi baş tutmuşdur. Bundan az sonra isə cavabdeh qızına bildirmişdir ki, nişan və nikah valideynlərinin təsiri və təzyiqi altında olmuşdur, onun evlənmək niyyəti yoxdur. Buna görə də planlaşdırılmış toy mərasimi baş tutmamışdır. Qızı cavabdehin evinə gəlin köçməmiş, cavabdehlə heç vaxt birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və aralarında heç bir münasibət olmadığı üçün övladları da olmamışdır. Nikah yalnız sənəd üzərində formal olaraq qalmışdır. Mülki işin materiallarında olan AZ-İİ 525301 saylı nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət X2 nikaha girmişlər və bu akt 2665 sayla qeydə alınmışdır. İşdə olan Abşeron Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-2194/15 saylı məktubundan görünür ki, nikahın pozulması haqqında Şöbəyə daxil olmuş ərizə ilə əlaqədar İddiaçı bildirimişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin məcəllənin 19.2-ci maddəsinə əsasən isə, ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikah pozulması məhkəmə qaydasında həyata keçirilir. Nikahın pozulması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ona qarşı qaldırdığı nikahın etibarsızlığı barədə iddiasını qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli № 8-2/2016 saylı Qərarının 11.2. bəndinə əsasən nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Qanunvericiliyin tələblərini rəhbər tutaraq və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə aldatma, yanılma nəticəsində nikaha girdiyini, bununla da nikah bağlanarkən hüquqlarının pozulduğunu iddia edən İddiaçı nikahın etibarsızlığını tələb etməyə subyektiv hüquqa malik olması qənaətinə gəlir. Göründüyü kimi, qanunvericilik nikahın etibarsız hesab edilməsinin ən başlıca səbəbini qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, tərəflərin birinin və ya hər ikisinin nikaha girmək niyyətinin olmaması ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edib iddia tələbi ilə bağlı qeyd edir ki, hazırki mübahisə nikaha daxil olduqdan sonra bir-biriləri barəsində qarşılıqlı ər-arvad hüquq və vəzifələri yaradan İddiaçı ilə Cavabdeh arasındakı nikahın etibarsız hesab edilməsidir ki, qanunvericilik nikahın etibarsızlığının başlıca şərtini tərəflərin birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması ilə şərtləndirmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər xx.xx.2022ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət X2 nikaha girmişlər və bu akt 2665 sayla qeydə alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, onlar arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzində xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, eləcə də şahid ifadaləri ilə müəyyən edildi ki, rəsmi nikaha girmiş Cavabdeh İddiaçı ilə ailə qurmaq niyyəti olmamış, valideynlərinin təkidinə görə məcburiyyət nəticəsində formal olaraq nikaha daxil olmuş, bundan sonra tərəflərin toy mərasimi baş tutmamışdır, onlar ər-arvad münasibətlərində olmamış, birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar və övladları da olmamışdır. İddiaçı yanılma nəticəsində nikaha daxil olmuşdur. Nikah müvafiq qurumda qeyd edildiyindən İddiaçı hazırki iddianı qaldırmış, Cavabdeh isə bu iddianı məhkəmə iclasında etiraf etmiş, bu barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, tərəflər arasındakı nikah etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı “ASAN Xidmət” X2 xx.xx.2022-ci il tarixdə 2665 sayla qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-735/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-735/2023
06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver