Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-737/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair çıxarışın verilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair çıxarışın verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus olan 12 mərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,3 kv.metr olan 2 otaqlı 22 saylı mənzilə çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus olan 12 mərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,3 kv.metr olan 2 otaqlı 22 saylı mənzili xx.xx.2009-cu il tarixdə alqı-satqı yolu ilə almışdır. Bu mənzil üçün o, "xxxx" MMC-yə ümumilikdə 32000 manat pul ödəmişdir. Mənzil alınarkən "xxxx" MMC-dən bildirilmişdir ki, 2 il ərzində bu mənzilə dair çıxarış veriləcəkdir. Lakin bu mənzildə 14 ildir ki, yaşamasına baxmayaraq həmin sənəd ona verilməmişdir. Bununla bağlı, şirkətə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, qeyd edilən binadakı heç bir mənzilə hələ reyestrdən çıxarış verilməmişdir. Bundan başqa, çıxarışı MMC deyil, müvafiq icra hakimiyyəti orqanı verir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 9.1 və 9.2-ci maddələrinə görə hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. Göründüyü kimi, mənzillərə dair reyestrdən çıxarışın alınması məsələsi məhkəmədə deyil, müvafiq inzibati orqanda həll edilən məsələdir, yəni hazırki mübahisəyə məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya isə bununla bağlı ilkin olaraq müvafiq inzibati orqana müraciət etmək hüququ, imtina aldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə1 vasitəsilə hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 18:43-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair çıxarışın verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı (nümayəndəsi Nümayəndə1 vasitəsilə) hazırki mülki iş (2(012)-737/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (977358672 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı və ya nümayəndəsi Nümayəndə1 qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-737/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-737/2023
16.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver