Məhkəmə qərarları › İş №2(012)-751/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-751/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-751/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1-(təvəllüd-xx.xx.1976\PİN-lDRZL6E\Şəxsiyyət vəsiqəsi AZE *******) və Cavabdeh2 (təvəllüd-xx.xx.1967\PİN- lMA4E5W\Şəxsiyyət vəsiqəsi AZE *******) Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 6 saylı evin 5 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X6 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi 6 saylı evin 5 saylı mənzilini şəxsi vəsaiti hesabına xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi əsasında Rüstəmova Xuraman Söhbət qızından alaraq əldə etmişdir. Lakin hal-hazırda məlum olmuşdur ki, mənzili aldığı şəxsin də ailə üzvü olmayan əvvəlki yaşayışçılar - Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Hal-hazırda cavabdehlərin Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 6 saylı evin 5 saylı mənzilində heç bir əmlakı və həmin mənzillə əlaqəsi olmasa da, formal şəkildə iddiaçının evində qeydiyyatda qalması nəticədə iddiaçının, cavabdehlərə görə mənzil üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirməyinə maneçilik törədir. Belə ki, əgər cavabdehlər həmin mənzildə qeydiyyatda qalacaqsa, iddiaçı əsassız olaraq mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olacaqdır. Bundan əlavə gələcəkdə öz mənzilini kiməsə bağışlamaq və ya satmaq istəsə bununla bağlı da problemlər yarana bilər. İddiaçının cavabdehlərlə heç bir əlaqəsi olmadığından və onların yaşadığı yeri də bilmədiyindən onlardan ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını tələb edə bilmir. Nəticədə iddiaçının hüquqları qanuna zidd olaraq məhdudlaşır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Rüstəmova Xuraman Söhbət qızı ünvan 1 mənzil 5 ünvanında yerləşən, ümumi sahəsi 32 kv/m, yaşayış sahəsi 18.1 kv/m, yardımçı sahəsi 13.9 kv/m olan 1 otaqlı mənzilin 19800 (on doqquz min səkkiz yüz) manata İddiaçı satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. -ASAN-Sumqayıt tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Həziyev X7 rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 6, mənzil 5 ünvanında qeydiyyatdadır. -“Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 (xx.xx.1976), Cavabdeh2 (xx.xx.1967) və Gülbacı Məmməd qızı (xx.xx.1942) ünvan 1 mənzil 5 ünvanında qeydiyyatdadırlar. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 5 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-cİ il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən ünvan 1 mənzil 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər: X2-xx.xx.1979, Cavabdeh2 qzı- xx.xx.1967, Cavabdeh1-21.11,1976. -Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 3945 və 3946 №-li arayışlardan görünür ki, Cavabdeh1 və Umudova X5 rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 6, mənzil 5 ünvanında yaşamır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı Həziyev X7 rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 6, mənzil 5 ünvanını alqı-satqı müqaviləsinə əsasən alqı-satqı yolu ilə qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisi olan Rüstəmova Xuraman Söhbət qızının mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq qeyd olunan evdə keçmiş sakinlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Rüstəmova Xuraman Söhbət qızı arasında alqısatqı olan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdə qeydiyyatda olaraq yaşamışlar. Evin keçmiş sakinləri olan cavabdehlər hazırda həmin evdən istifadə etməmələrinə baxmayaraq formal olaraq evdə qeydiyyatda qalmışlar. Onların həmin evdə yaşamamalarını Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 3945 və 3946 №-li arayışlar tədiq edir. Cavabdehlərin İddiaçı məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırır. Ona görə də iddia təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus evə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 5 ünvanından formal olaraq istifadə hüquqlarının qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 5 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 5 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar