Məhkəmə qərarları › İş №2(012)-760/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-760/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-760/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və övladı 07.12.2016-cı il təvəllüdlü X3 Cavabdeh yaşadığı və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 05.11.2015-ci il tarixində ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Cavabdehlə rəsmi nikahdan 07.12.2016-cı il tarixində övladı X4 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məkhəməsinin 27.07.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında olan nikaha xitam verilmişdir. Həmçinin sözügedən məhkəmə qətnaməsi əsasında övladı Ümidin iddiaçının yanında saxlanması və cavabdehin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment öhdəliyi yaranmışdır. O, hal-hazırda övladı ilə birlikdə valideynlərinin məcburi köçkün olaraq müvəqqəti məskunlaşdığı ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzildə iddiaçı və övladından başqa valideynləri, qardaşı, bacısı, bacısının övladları, nənəsi olmaqla ümumilikdə 9 nəfər ailə tərkibdən ibarət olmaqla yaşayırlar. Yaşadıqları mənzilin sahəsi olduqca kiçik olması və ailə tərkibinə uyğun olmadığına görə bir sıra çətinliklərlə üzləşirlər. Hesab edir ki, məhkəmə onun və övladının Cavabdeh yaşadığı Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri barədə qətnamə qət etməlidir. Həmçinin bidirmişdir ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sözügedən fərdi yaşayış mənzilinin rəsmi ünvanı olmadığından konkret ünvanı qeyd etmək mümkün olmamışdır. ünvan 3mumilikdə 4 otaqdan ibarət olmaqla, 3 sotdan artıq torpaq sahəsinin üzərində yerləşir, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Bundan əlavə evli olduqları dövrdə cavabdeh şəxsin atasına dövlət tərəfindən məcburi köçkün olduqları üçün ünvan 4 ünvanında yerləşən mənzil verilmişdir. Həmçinin həmin mənzil dövlət tərəfindən verilərkən ailə tərkibində iddiaçının da payı hesablanmışdır. Hesab edir ki, məhkəmə tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barəsində qətnamə qət edilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, hazırki iddianı qəbul etmir. Belə ki, yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzili valideynləri 28 mart 2009-cu il tarixdə almışlar və həmin vaxtdan onlar orada yaşayırlar. Lakin o, cavabdehlə 05 may 2015-ci il tarixdə rəsmi qaydada evlənmiş və onunla evləndikdən sonra atasına dövlət tərəfindən ünvan 5 ünvanında yerləşən mənzil verilmişdir. Belə olan halda iddiaçı Abşeron rayonu Saray qəsəbəsində yerləşən mənzildə yox, ünvan 4-ə köçüb həmin ünvanda yaşaya bilər. Odur ki, hesab edir ki, iddiaçının valideynlərinə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzildən istifadə hüququ yoxdur və buna görə onun həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi, həmin mənzilə köçürülməsi və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə ona qarşı qaldırdığı iddia təmin edilməməlidir və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında baxmağa haqlıdır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN3 tərəfindən 15.12.2016-cı il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. -Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Seriya AA№315222 vəsiqəsinin surətindən görünür ki, X2 rayonundan məcburi köçkündür. -3 aylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 17 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 876696 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 07.12.2016-cı ildə X4 anadan olmuşdur. -Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı iddiasına əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahından olan 07.12.2016-cı il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılmaqla, cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat məbləğində aliment tutulması qət edilmişdir. -Qaradağ rayonu Lökbatan Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi 07.09.2020-ci il tarixli 2257 və 2258 saylı arayışlardan müəyyən edilir ki, Cavabdeh və İddiaçı Xocavənd rayonundan məcburi köçküdürlər və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 11, mənzil 74-də müvəqqəti məskunlaşmışlar. -Abşeron rayonu Saray Bələdiyyəsinin 03.03.2021-ci il tarixli 131 nömrəli arayışından görünür ki, Cavabdeh bələdiyyə tərəfindən fərdi ev tikintisi və digər məqsədlər üçün heç bir torpaq sahəsi ayrılmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı və iddia ərizəsindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2015-ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 07.12.2016cı ildə X4 anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri pozulmuşdur. Tərəflərin birgə nikah dövründə dövlət tərəfindən cavabdehin atasına ailə üzvləri də nəzərə alınmaqla “Qobu park” yaşayış kompleksində mənzil sahəsi verilmişdir, lakin bununla belə iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri bilir ki, iddiaçının istifadə hüququnun tanınması, köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsini tələb etdiyi yaşayış sahəsi cavabdehin mülkiyyətində deyil və birgə nikah dövründə əldə edilməmişdir. İlk növbədə bu səbəbdən iddiaçının həmin mənzilə hər hansı hüququnun tanınmasına əsaslar yoxdur. Üstəlik tərəflər arasında münasibətlərin yaranması dövrünə görə də iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi ilə bağlı hüququ mövcud deyildir. Məhkəmə iddia tələbinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının yaşayış yerindən istifadə hüququ tanınmamalıdır. Göründüyü kimi qanunvericiliyin tədbiqi belə iddiaçı tərəfin keçmiş ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə istifadə hüququnu tanımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Abşeron rayon Saray Bələdiyyəsinin verdiyi arayışda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh bələdiyyə tərəfindən fərdi ev tikintisi və digər məqsədlər üçün heç bir torpaq sahəsi ayrılmamışdır. Göründüyü kimi iddia tələbində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilsə də, arayışda qeyd edildiyi kimi Saray qəsəbəsində cavabdehə bələdiyyə tərəfindən fərdi ev tikintisi və torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar