Məhkəmə qərarları › İş №2(012)-782/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-782/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-782/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzilə buraxılmağı və həmin mənzilin onun sahibliyinə və istifadəsinə təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Rafiq Tağıyev məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını və 14 iyun 2021-ci tarixli, 322 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh ilə bağladıqları 14 iyun 2021-ci il tarixli, 322 saylı müqaviləyə görə Cavabdeh MMC ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 5-ci blok, 11- ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzili tikilməsi üçün iddiaçı 26928 manat pulu Cavabdeh MMC-yə ödəməli, Cavabdeh MMC isə, həmin mənzili tikib iddiaçıya verməlidir. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərərək müqavilə üzrə nəzərdə tutulan 26928 manat pulu "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya həmin mənzilin tam dəyərinin ödənilməsi və Cavabdeh MMC-yə iddiaçının borcunun olmaması barədə 14 iyun 2021-ci il tarixli maliyyə arayışı vermişdir. Bundan başqa, Cavabdeh MMC həmin mənzilə qaz, su və elektrik sayğaclarının quraşdırılması üçün iddiaçıdan 1100 manat pul almış və bu barədə iddiaçıya 14 iyun 2021-ci il tarixli ödəniş qəbzi vermişdir. Cavabdeh MMC tərəfindən həmçinin, iddiaçıya tikintiyə görə icazə vəsiqəsi verilmişdir. Hazırda həmin mənzilin yerləşdiyi binada tikinti işləri başa çatdırılmış və bu binada mənzil almış şəxslərin çoxu öz mənzillərində təmir-quarşdımıa işlərinə başlamışdır. İddiaçı da həmin binadakı mənzilində təmir-quraşdırma işləri aparmaq və mənzildən istifadə etməyiylə bağlı Cavabdeh MMC-yə müraciət edərək həmin mənzili iddiaçıya təhvil verməsini tələb etmişdir. Lakin Cavabdeh MMC iddiaçıya tikintiyə görə icazə vəsiqəsi versə də, müxtəlif bəhanələrlə adıçəkilən mənzili iddiaçıya həmin mənzildə tikinti-quraşdırma işləri aparmağa buraxmır və həmin mənzili iddiaçıya təhvil verməkdən faktiki olaraq imtina edir. Beləliklə, iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçını həmin mənzilə buraxmamış və mənzili iddiaçının sahibliyinə və istifadəsinə təhvil verməmişdir. Cavabdeh MMC-nin davranışları göstərir ki, şirkət hazırda və gələcəkdə adıçəkilən mənzili iddiaçıya təhvil verməyəcəkdir. Proseslərin gedişi göstərir ki, Cavabdeh MMC-nin məqsədi qanunsuz olaraq həmin mənzili ümumiyyətlə iddiaçıdan almaq, başqasına satmaqdır. Hesab edir ki, Cavabdeh MMC iddiaçıyla bağladığı 14 iyun 2021-ci il tarixli, 322 saylı müqavilənin şərtlərinə əməl etməli, iddiaçını FAM-88” MMC ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzildə təmir- quraşdırma işləri aparmağa buraxmalı və həmin mənzili iddiaçının sahibliyinə və istifadəsinə təhvil verməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 izahatıyla eyni məzmunlu izahat verdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC ilə İddiaçı arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçı ilə "xxxx" arasında 13 iyul 2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə müşaviri Rəfael Süleymanovun 17 oktyabr 2013-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı üçün Cavabdeh MMC İddiaçı ilə yeni müqavilə bağlamışdır. Bu barədə İddiaçı 14.06.2020-ci il tarixli ərizəsindən görünür ki, 13 iyul 2006-cı il tarixdə “FUAD-LTD”-yə mənzil üçün ümumilikdə 15840 dolları tam şəkildə ödəmişdir. "xxxx" MMC-nin İddiaçı qarşısında heç bir öhdəlik olmadığı halda və MMC-nin hesabına heç bir məbləğ köçürməməsinə baxmayaraq "xxxx" MMC tərəfindən İddiaçı müqavilə yazıb verilmişdir. "xxxx" MMC-nin əvvəlki direktoru Qasım Məmmədov cinayət məsuliyyətinə cəlb olunduqdan sonra İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən mülki iddia təmin olunmuş və ödədiyi pulun qaytarılması qərara alınmışdır. İddiaçı bir müqavilə əsasında həm ödədiyi pulu əldə etmək istəyir və həm də formal olaraq yazdıqları müqavilə əsasında mənzili tələb edir. Bu əsaslara görə ilkin iddia rədd olunamalı qarşılıqlı iddia təmin olunmaqla müqavilə və maliyyə arayışı etibarsız hesab edilməlidir. Bundan əlavə İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 14 iyul 2021-ci il tarixli müqavilənin 5.7-ci bəndindən göründüyü kimi, İddiaçı 322 saylı mənzilin müqabilində əlavə 9 kv.m, hər birinin kvadratı 600 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində müqavilə üzrə öhdəliklərini icra etdiyini bildirsə də, həqiqətdə İddiaçı cəmiyyətə 5400 (9X6=5400) manat borcu qalmışdır. Müqavilənin tarixindən də göründüyü kimi müqavilə 14 iyun 2021-də imzalanmış və həmin tarixli maliyyə arayışı verilmişdir. Müqavilənin 5.7-ci bəndində göstərilən öhdəliyin iddiaçı tərəfindən icra edilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Belə ki, İddiaçı tərəfindən öhdəliklər icra olunsa idi əlavə 5400 manat məbləğinin ödənilməsi barədə maliyyə arayışı verilməli idi. Lakin maliyyə arayışının müqavilə ilə eyni tarixə aid olması və ödənilən məbləğin tam olaraq göstərilməsi onu göstərir ki, müqavilə üzrə yaranan öhdəliklər İddiaçı tərəfindən tam yerinə yetirilməmişdir. Bu da müqavilədə göstərildiyi qaydada 14 iyun 2021-ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli, 322 saylı mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ümumi sahəsi 58,97 kv.m olan, ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzilə görə 26928 manat məbləğində pul ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmalı, qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmalı və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyun 2021-ci il tarixli, 322 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının izahatı ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 14 iyun 2021-ci il tarixli, 322 saylı mənzil tikintisi haqqında müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, Cavabdeh MMC 14 iyun 2021-ci il tarixli, 322 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, Cavabdeh MMC podratçı kimi ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzili İddiaçı təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyi üçün mübahisəli mənzili İddiaçı təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 11-ci mərtəbəsində izolə olunmuş 1 otaqdan ibarət 322 saylı mənzilə İddiaçı buraxılması,həmin mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-in üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar