Məhkəmə qərarları › İş №2(012)-800/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-800/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-800/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı və cavabdehin vəkili-nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə iddia tələbinə dair mülki işə 07 aprel 2021ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları- X8 və X9 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 09 fevral 2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra ilk olaraq Yasamal rayonundakı evə gəlin köçmüş, sonradan anasının köməkliyi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində inşa edilmiş 2 mərtəbəli evə köçmüşdür. Həmin evdə övladları anadan olmuşdur. İddiaçı cavabdehlə birgə 2012-2019-cu illər arasında həmin evdə yaşasa da, evin hüquqmüəyyənedici sənədi olmadığından pasport qeydiyyatına alınmamışdır. Tərəflərin nikahları pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus əşyaların həmin evdə olmasına baxmayaraq onun evdə yaşamasına icazə vermir. İddiaçı hazırda övladları ilə birgə anasıgildə qalır, lakin orada daimi yaşaması mümkün deyil. Bu səbəbdən də o, övladları- X8 və X9 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, torpaq sahəsi keçmiş ərinin adına deyil. Yalnız kommunal xərcləri qaynanası qarşılayıb. Ev 2011-ci ildə yarıtikili idi, 2013-cü ildə tikinti yekunlaşıb. 1 il olar ki evdən çıxıb və hazırda yataqxanada övladları ilə birgə pis vəziyyətdə yaşayırlar. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X12 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, torpaq sahəsi cavabdehin xalasının ərinin adınadır. Cavabdeh orada müvəqqəti yaşayır və onun orada evi yoxdur. Torpaq sahəsi mübahisə predmeti deyil. İddiaçının orada birgə nikah dövründə tikinti aparması ilə bağlı heç bir sübutu yoxdur. İddiaçı həmin tikintidə heç vaxt yaşamayıb. Nikah pozulanadək tərəflər yataqxanada qalıblar, hazırda da iddiaçı uşaqları ilə birlidə yenə də yataqxanada yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iş üzrə 3-cü şəxs Məmmədov Süleyman Qubad oğlu məhkəmə iclasında iştirak etmədi, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 293/2020 saylı, 24.07.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 09 fevral 2010-cu il tarixli, 80 saylı akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan anadan olan 11 noyabr 2011-ci il təvəllüdlü X8 və 06 iyul 2017-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki işin materiallarında olan 04.03.2021-ci il tarixli, 72 №-li Arayışdan müəyyən edilir ki, X1 Mirvari Samir qızı və X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14.05.2008-ci il tarixli ********** nömrəli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0.05 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlə rəsmi nikah bağladıqdan sonra Abşeron rayonu, Hökməli qəsəbəsinəki evə köçdüyünü, övladlarının orada anadan olduğunu və hazırda cehizinin orada olduğunu iddia edir. Tərəflərin arasındakı nikah 2020-ci ildə pozulduqdan sonra cavabdehin ona həmin evə daxil olmasına icazə vermədiyini qeyd edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, torpaq sahəsinin cavabdehin xalasının ərinin adına olduğunu, cavabdehin orada müvəqqəti yaşadığını və onun orada evinin olmadığını,iddiaçının orada birgə nikah dövründə tikinti aparması ilə bağlı heç bir sübutunun olmadığını,iddiaçının həmin tikintidə heç vaxt yaşamadığını,nikah pozulanadək tərəflərin yataqxanada yaşadıqlarını və hazırda iddiaçının uşaqları ilə birlidə yenə də həmin yataqxanada yaşadığını bildirdi. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi, iddiaçı X1 Mirvari Samir qızı və X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayırlar.Hansı ki, həmin yataqxanada tərəflər arasında nikah pozulanadək birlikdə yaşamışlar.Mübahisəli tikili isə X2 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən özbaşına inşa edilmiş tikilidir. Həmin tikilinin birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına tikilməsi və tərəflərin orada yaşamaları öz təsdiqini tapmadı. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı iddiasının əsaslarını sübut edə bilməmişdir. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2010-cu, yəni nikaha daxil olduqları vaxtdan sonra yaranmışdır. Bu isə o deməkdir ki,mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını,mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını, iddiaçının orada yaşıyıb,yaşayış hüququ əldə etməməsini nəzərə alıb, hesab edir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bundan başqa o da nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar