Məhkəmə qərarları › İş №2(012)-806/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-806/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-806/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı 06 oktyabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qət olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçını və övladı xx.xx.2017-ci il təvəllüdlü X5 evdən qovmuşdur və Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsindəki fərdi yaşayış evinə buraxmır. İddiaçı dəfələrlə cavabdehdən təkidlə onun və övladının evə buraxılmasını xahiş etsə də, onları evə buraxmır. Hazırda iddiaçıya məxsus əmlaklar da həmin evdədir. Cavabdeh qərəzli olaraq iddiaçını uşağı ilə birlikdə həmin ünvana buraxmır. Hazırda iddiaçı övladı ilə birlikdə valideynlərinin yanına sığınmışdır. İddiaçı da məcburiyyət qarşısında qalaraq iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, məhkəmə iddiaçını övladını ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsindəki fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qət etməlidir. Göstərilənlərə əsasən İddiaçı övladı 06 oktyabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qət edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Həmin tarixdə iddiaçı özünə məxsus cehiz əşyaları ilə birlikdə anasına məxsus Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində, Tərlan şadlıq evinin arxasında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür və 2021-ci il tarixə kimi həmin evdə birgə yaşayaraq təsərrüfat aparmışlar. Birgə nikahlarından 2017-ci il tarixdə Dəniz adlı qızları anadan olmuşdur. İddiaçı ilə münasibətlərinin pozulmasına səbəb iddiaçının anası ilə aralarında olan söz-söhbətlər olmuşdur. Onun müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah qeydi pozulmuş, birgə nikahlarından olan övladının anasının himayəsində saxlanılması müəyyən edilmişdir. İddiaçının köçməsini tələb etdiyi ev 1 mərtəbəli 3 otaqdan ibarətdir. Hazırda həmin evin 1 otağında iddiaçıya məxsus cehiz əmlakları vardır, hazırda anası onu da evdən qovmuşdur və iddiaçının övladı ilə birlikdə həmin evə köçürülməsini istəmir. Digər səbəb iddiaçı ilə ailə münasibətlərinin olmamasıdır. O, izahatını davam etdirərək iddiaçının uşağı ilə birlikdə sonuncunun valideynlərinə məxsus evdə yaşadıqlarını, onların ayrı-ayrı yerlərdə bir neçə evlərinin olduğunu və heç bir çətinlik çəkmədiklərini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş materiallarında olan Sumqayıt nikah evi tərəfindən 19 avqust 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 131254 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 19 avqust 2016-cı il tarixdə Sumqayıt nikah evində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 avqust 2016-cı il tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 037460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 oktyabr 2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 18 noyabr 2017-ci il tarixdə 634 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 115 nömrəli məktubdan görünür ki, Cavabdeh həyat yoldaşı İddiaçı ilə birlikdə Saray qəsəbəsi, İmran Qasımov küçəsindəki fərdi yaşayış evində 5-6 il qeydiyyatsız yaşamışlar. Mülki iş materiallarında olan Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 61 nömrəli məktubdan görünür ki, X6 oğlu Cavabdeh ilə birlikdə 2010-cu ildən hazıra kimi Saray qəsəbəsi, İmran Qasımov küçəsində (Tərlan şadlıq evinin arxasında) qeydiyyatsız yaşayırlar. Mülki iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(060)-241/2022 saylı qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt nikah evində 19 avqust 2016-cı il tarixdə bağlanmış və 135 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik çatmamış xx.xx.2017-ci il təvəllüdlü X4 anası - İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Mülki iş materiallarında olan Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş Abşeron rayon Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin işçisi X10 və ev sahibi Cavabdeh tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, 1 nömrəli aktdan görünür ki, Saray qəsəbəsi, İmran Qasımov küçəsində Cavabdeh yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, Vicay anası X6 ilə birlikdə qeydiyyatsız yaşayırlar. Ev 1 (bir) mərtəbəlidir. 2 yataq, 1 qonaq otaqlarından və 1 mətbəxdən ibarətdir. Sözügedən ev mişar daşından inşa edilmişdir. Evdə olan əşyalar aşağıdakılarıdan ibarətdir: yataq mebel dəsti, mətbəx mebel dəsti, 2 ədəd soyuducu, divan, servant, termo, stollar və stullar, paltar yığılan şkaf, çılçıraqlar, pərdələr və digər müxtəlif əşyalar. Evin bir otağı səliqəsiz və dağınıq vəziyyətdədir. Vicayın dediyinə görə həmin otaqdakı əşyalar hal-hazırda işləri məhkəmədə olan həyat yoldaşının cehizlik əşyalarıdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 19 avqust 2016-cı il tarixdə Sumqayıt nikah evində rəsmi olaraq nikaha girməklə ailə qurmuşlar və həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə cavabdehin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bundan sonra tərəflərin birgə nikahlarından 06 oktyabr 2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Sonradan Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(060)-241/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan 06 oktyabr 2017-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Hal-hazırda mübahisə olunan evə dair hər hansı hüquqi sənəd mövcud deyildir. İddiaçı cavabdehlə münasibətlərinin pozulduğu 2021-ci il tarixə kimi həmin evdə övladı 06 oktyabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə yaşamışdır və ona məxsus cehiz əmlaklar həmin evdədir. Baxmayaraq ki, torpaq sahəsi üzərində özbaşına tikilinin sənədi olmamış, onlar birlikdə həmin fərdi yaşayış evində ümumi təsərrüfat apararaq orada yaşamışlar. Göründüyü kimi Cavabdeh hazırda iddiaçını azyaşlı uşağı ilə birlikdə həmin evə buraxmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun övladı ilə birlikdə cavabdehin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçını övladı ilə birlikdə evə buraxmamasını həmin evin anasına məxsus olması və iddiaçının köçürüləcəyi təqdirdə, bunun pis nəticələr verəcəyi ilə əlaqələndirmişdir. Məhkəmənin təklif etməsinə və iddiaçı tərəfin mübahisələndirməsinə baxmayaraq, cavabdeh sözügedən evin anasına məxsus olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh anası X6 ilə birlikdə 2010-cu ildən hazıra kimi mübahisə fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Həmçinin İddiaçı Saray qəsəbəsi, İmran Qasımov küçəsindəki fərdi yaşayış evində 5-6 il qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən T.Quliyevin iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidirlər. Bundan başqa, «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə görə, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi səxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə 6 sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və social baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Tərəflərin birgə nikahlarından anadan olmuş 06 oktyabr 2017-ci il təvəllüdlü X8 İddiaçı himayəsində olduğunu nəzərə alaraq, məhkəmə onun anası ilə birlikdə mübahisəli evə köçürülməsi haqda tələbini də əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı 06 oktyabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat pul vəsaitinin əvəzi cavabdeh tutularaq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladı 06 oktyabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar