Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-851/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi X3 və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh6 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Firudin oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının saxlanılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Firudin oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1956cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1957-ci il təvəllüdlü Mehparə Müseyib qızı, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh4 Firudin oğlu, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X3 “iddia tələbinin dəqiqləşməsi” barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən öncə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Firudin oğlu vəfat etmişlər və iddiaçının bu barədə məlumatı olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qasımov X2 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzilini xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 alaraq əldə etmişdir. Hazırda məlum olmuşdur ki, mənzili aldığı şəxs Cavabdeh1, onun ailə üzvləri- Cavabdeh2 və Cavabdeh3 və onlardan əvvəlki yaşayışçılar- Cavabdeh4 Firudin oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Cavabdehlərin həmin mənzillə heç bir əlaqəsi olmasa da, onların həmin mənzildəki formal qeydiyyatları iddiaçının öz əmlakı üzərindəki sahiblik və istifadə hüquqlarını pozur. İlkin iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 xx.xx.2021-ci il tarixdə məhkəməyə müqavilənin və çıxarışın etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia ərizələrinin təmin edilməsini, İddiaçı ilə ünvan 1-i alqı-satqı etmiş, mərhum Cavabdeh1 alqı-satqı müqaviləsi, vərəsəlik müqaviləsi və DƏDRX Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 mərhum Cavabdeh1 bacısıdır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzil atasının mülkiyyətində olmuş, Cavabdeh5 ailə qurduqdan sonra da həmin mənzildə yaşamış və övladları-hazırki iş üzrə digər qarşılıqlı iddiaçılar Cavabdeh6 və Cavabdeh7 da həmin mənzildə anadan olmuşdur. Atası rəhmətə getdikdən sonra qardaşı ilə aralarında problemlər yaranmış və müəyyən zaman sonra aralarındakı əlaqə kəsilmişdir. Təxminən 2019-cu ildə ona məlum olmuşdur ki, qardaşımərhum Cavabdeh1 onun razılığı olmadan həmin mənzili başqa şəxsə satmışdır. Ona sonradan məlum olmuşdur ki, ev vərəsəlik qardaşına verilmişdir.Beləliklə, onların xəbəri razılıqları olmadan mənzil vərəsəlik qaydasında keçmiş və satılmışdır. Hazırda isə o, həmin mənzildən istifadə hüququnun olduğunu qeyd edir. Məhkəmə prosesində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzili qanuni şəkildə almış və həmişə orada yaşamışdır. Cavabdehlər isə heç bir zaman orada yaşamamışlar. Cavabdeh1 rəhmətə gedəndə ona məlum olub ki, həmin mənzildə cavabdehlər qeydiyyatdadırlar. Məhkəmə prosesində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X3 da ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdehlər mübahisəli mənzilin yerləşdiyi binanın qonşuluğunda yerləşən binada yaşayırlar. Bu da o deməkdir ki, onların həmin mənzilin satılmasından da xəbərləri olmuşdur. Özləri də bunu etiraf edirlər ki, mənzilin satılmasını 2019-cu ildə eşitmişlər. Qarşılıqlı iddiaçılar sözügedən mənzilin mərhum atasına məxsus olmasını qeyd edir, lakin bunu təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq onlar mənzilin satılmasından 7 il sonra ona qarşı iddia təqdim etmişlər. Halbuki mirasın qəbulu üçün qanunla müəyyən edilən 6 aylıq mirası qəbul etmə müddəti ötürüldüyündən mirasın qəbuluna yol verilmir. Qarşılıqlı iddiaçılar əqdlərin etibarsız hesab edilməsi ilə də bağlı qarşılıqlı iddia irəli sürmüşlər. Həmçinin bu iddialarında belə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Məhkəmə prosesində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilkin iddia tələbinə etiraz edib, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ev satılanda xəbəri olmayıb. Atası rəhmətə gedəndən sonra oraya gediş-gəlişi olmayıb, çünki qardaşı ilə münasibətləri pozulmuşdur. Məhkəmə prosesində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 da ilkin iddia tələbinə etiraz edib, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, həmin evdə qeydiyyatdadırlar. Uşaqlığı həmin evdə keçib. 20 ildən artıqdır ki, oradan çıxmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Mülki işin materiallarından olan xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsindən müəyyən edilir ki, satıcı Hacıyev X4 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 67.7 kv.m, yaşayış sahəsi 47.1 kv.m, yardımçı sahəsi 20.6 kv.m sahəsindən ibarət olan, 3 yaşayış otaqlı 21 nömrəli mənzili alıcı İddiaçı 35240 manata satmışdır. Mülki işin materiallarından olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ASAN- Sumqayıt tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı başqa xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1957-ci il təvəllüdlü Mehparə Müseyib qızı, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh4 Firudin oğlu, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7 da ünvan 1 ünvanında qeydiyyatdadır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh5 qardaşı- Cavabdeh1 İddiaçı oğluna ünvan 1-i alqı-satqı müqaviləsi əsasında xx xxxxxx 2014-cü il tarixldə satmış və həmin evə mülkiyyət hüququ İddiaçı oğluna keçmişdir. Lakin, cavabdeh və digər cavabdehlər olan onun ailə üzvləri həmin mənzilə istifadə hüququnu itirsələr də, hələ də orada qeydiyyatdadırlar.Onların izahatlarından göründüyü kimi 20 il bundan daha əvvəl mübahisəli Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında yaşayış sahəsindən istifadə hüququnun mahiyyəti ilə bağlı hüquqi mövqelərini formalaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından cavabdehlər əvvəlki mülkiyyətçilərin ailə üzvü kimi mübahisəli mənzildə yaşamış, oradan istifadə hüququ əldə etmiş olsalar da, 20 il daha əvvəl həmin mənzili tərk edərək özlərinə başqa yaşayış yeri seçmişlər , onlar arasında ailə münasibətlərinə xitam verilmiş olduğundan ilkin iddia tələbi əsaslı olmaqla təmin edilməli, cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzilində hələ də formal olaraq qeydiyyatda olduğu üçün onların həmin mənzildən istifadə hüquqları məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Eləcə də məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi mənzildən qeydiyyatdan çıxarılma üçün əsas hesab edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan digər hallarından müəyyən edilir ki, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsində mübahisəli mənzilin Cavabdeh5 həmin mənzilin vaxtilə atasının olduğunu bildirir. Atası rəhmətə getdikdən sonra həmin mənzilin mərhum qardaşı tərəfindən onun xəbər olmadan adna keçirdiyi və satıldığını qeyd edərək alqı –satqı müqaviləsinin və vərəsəlik müqaviləsinin ləğv edilməsini etibarsız sayılmasını məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, sözügedən mənzilin vaxtilə Cavabdeh5 mərhum atasına məxsus olmasını təsdiq edən sübutlar iş materialları arasında mövcud olmadığından, miras əmlak nə qanunla müəyyən edilən müddətdə, nə də faktiki qəbul edilmədiyindən eləcə də, mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığının əsasları müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.Məhkəmə həmçinin qeyd edir ki, cavabdehləri mübahisəli mənzildə qeydiyyatda olmaları alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.Qanunvericilikdə vərəsəlik müqaviləsi anlayışı da mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.1987ci il təvəllüdlü Cavabdeh7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.1987ci il təvəllüdlü Cavabdeh7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 21 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 cavabdeh İddiaçı qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-851/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-851/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver