Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-863/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhərdə yerləşən 0.006 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestrində **********0 reyestr nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh tərəfindən tikilmiş tikilinin təxminən 20-25 kvadrat metr hissəsi iddiaçının torpaq sahəsinə düşməklə zəbt etmişdir. İddiaçının həyat yoldaşı xəstə olduğuna görə bir müddət həmin torpaq sahəsinə gedə bilməmiş, bu səbəbdən tikili başlayan vaxt xəbəri olmamışdır. Hazırda isə cavabdeh həmin tikintini tamamlamaq üzrədir. Cavabdehin tikilisi qeyri-yaşayış sahəsidir. Bundan əlavə, iddiaçı cavabdehdən ona məxsus torpaq sahəsinin boşaldılmasını tələb etməsinə baxmayaraq, heç bir nəticə verməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddianın əsasını iddiaçının xüsusi mülkiyyətində olan 60 m2-lik torpaq sahəsi əhatə edir. Hazırda hüquqlarını müdafiə etdiyi şəxsə - iddiaçıya məxsus 60 m2 torpaq sahəsinin 13 m2-lik hissəsi cavabdeh tərəfindən tikinti işləri aparılaraq zəbt edilmişdir. Bu hal iş materiallarındakı ekspert rəyi ilə də təsdiqlənmişdir. Məhkəmə iclasında İddiaçı öz vəkili-nümayəndəsi Vəkil2 izahatına uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, cavabdeh tərəfindən tikinti işlərinin aparılmasından iddiaçının xəbəri, o cümlədən aralarında razılıq olmuş, həmin razılıq əsasında tikili tikilmişdir. Torpaq sahəsinə keçməklə bağlı cavabdeh də iddiaçıya yol hissəsindən güzəştə getmişdir. Bundan əlavə həmin torpaq sahəsi dövlətin mülkiyyətdə olduğuna görə hazırki iddia tələbini irəli sürməyə qarşı tərəfin subyektiv hüququ yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi ölçüsü 0.006 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -xx.xx.2025-ci il tarixli, 10834 saylı hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyəverən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini R.Şahbazovun icarəyə verdiyi Abşeron rayonu, Xırdalan şəhəri ünvandakı əmlak kompleksinin yerləşdiyi 950 m2 torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi ölçüsü 0.1010 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin qeyri-yaşayış binası və 0.006 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2025-ci il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına, 0.095 ha hissəsi isə dövlətin adına qeydiyyata alınmışdır. -“Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 321332/2-8345/25 saylı cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi ünvanda yerləşən dövlət mülkiyyəti olmaqla istifadədə olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2025-ci il tarixli, **********37-06301 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -“Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 321332/2-9677/25 saylı cavab məktubundan görünür ki, İddiaçı ********** qeydiyyat, **********70 reyestr nömrəli çıxarışlar xüsusi mülkiyyətində olan 0.006 ha torpaq sahəsi ilə ********** qeydiyyat, **********58 reyestr nömrəli çıxarış ilə icarəsində olan 0.095 ha torpaq sahəsini birləşdirərək xx.xx.2025-ci il tarixdə cəmi 0.101 ha olan torpaq sahəsində yerləşən paylı (QYB və 0.006 ha - İddiaçı, 0.095 ha – dövlətin olmaqla) qeyri-yaşayış binasına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat, **********37- 06301 reyestr nömrəli çıxarış almışdır və hazırda mülkiyyətindədir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/2229/2025 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025cü il tarixli, 3-21-3-32/2-3097/2025 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə **********70 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0042 ha təşkil edir. Cavabdeh faktiki istifadəsində olan tikilinin tikinti altı sahəsi ilə **********68 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0260 ha təşkil edir. **********70 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan tikili ilə üst-üstə düşən hissəsi 0.0013 ha təşkil edir. İddiaçı faktiki istifadəsində olan tikili ilə Cavabdeh faktiki istifadəsində olan tikili arasında yerləşən 0.0005 ha hissə **********70 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsidir. **********70 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0018 ha hissəsi iddiaçının faktiki istifadəsində olan ümumi daş hasar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından, iş materiallarından iddiaçının mülkiyyətində olan İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin onun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0042 ha təşkil etdiyi, həmçinin 0.0013 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur, mütəxəssis və ekspertiza rəylərinə əsasən təsdiqini tapmışdır. İddiaçıya məxsus hüquq müəyyənedici sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində onun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X2rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə (zəbt edilmiş hissəyə) dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0.006 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikili onun hesabına sökülməli və həmin ölçüdə torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan əlavə Mülki Prosessual Məcəllənin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında dövlət büdcəsinə 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün 95 manat pul ödəmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 95 manat mütəxəssis tədqiqatının dəyəri cavabdehdən tutularaq iddiaçının xeyrinə, həmçinin ekspert tədqiqatının dəyəri kimi 50 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikili onun hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 95 manat mütəxəssis tədqiqatının dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-863/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-863/2025
25.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver