Məhkəmə qərarları › İş №2(012)-87/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-87/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-87/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evi X1 almışdır. O, evi alan zaman əvvəlki mülkiyyətçi bildirmişdir ki, beş gün ərzində evi tam şəkildə faktiki istifadəsinə verəcəkdir. Bu müddəa müqavilədə də öz əksini tapmışdır. Lakin keçmiş mülkiyyətçinin anası Cavabdeh1 və bacısı Cavabdeh2 həmin evdə yaşayırlar. O, dəfələrlə cavabdehlərdən bu evdən çıxmasını tələb etsə də, onlar evdən çıxmaqdan imtina etmişlər. O, qanuni əsaslarla aldığı mənzilə cavabdehlərin ucbatından daxil ola bilmir. Hər iki cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə etməsinə maneçilik törədir. Bunun nəticəsində isə ona maddi və mənəvi ziyan dəyir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkili-nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 1-də yerlə.ən 3 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-271/2023 saylı məktubundan görünür ki, məhkəmənin icraatında iddiaçı Cavabdeh1 İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və 3 saylı Bakı Asan Xidmət Mərkəzi (xüsusi notarius X5) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh X2 qarşı "bağışlama müqavilənin etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş olmuşdur. Həmin mülki işə mahiyyəti üzrə baxılmış və xx.xx.2023-cü il tarixində yekun məhkəmə aktı çıxarılaraq, iddia tələbi rədd olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmış və onun adına xx.xx.2022-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. Cavabdehlər isə həmin evdə yaşayırlar. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və həmin fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, cavabdehlər mübahisəli evdə yaşasalar da, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda cavabdehlərin evin əvvəlki mülkiyyətçisi ilə qohumluq əlaqəsində (anası və bacısı) olmasına istinad edərək mübahisəli evdə yaşamaları əmlakın yeni mülkiyyətçisi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehlərin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 öz qızına qarşı məhkəmədə iddia qaldıraraq onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirsə də, onun iddiası rədd olunmuşdur. Başqa sözlə, İddiaçı adına olan reyestrdən çıxarışın məzmunu dəqiqdir və bu sənəd qüvvədədir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar