Məhkəmə qərarları › İş №2(012)-872/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-872/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-872/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və Cavabdeh vəkili və nümayəndəsi X9 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə 15.12.1989-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində nikahları qeydiyyat kitabında 418 nömrə ilə qeydə alınmış və həmin tarixdən cehiz əşyaları ilə birlikdə Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər. Həmin birgə nikahdan 1990-cı il təvəllüdlü X3, xx.xx.1992ci il təvəllüdlü X4 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olmuşlar. Dünyada eləcə də Azərbaycan Respublikasında yayılmış koronavirus (COVİD- 19) pandemiyası ilə əlaqədar olaraq iş yerlərinin bağlanması və ya məhdudlaşdırılması səbəbindən kirayə haqqını ödəyə bilmirlər. Cavabdehin iddiaçılara qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili və nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi, iddia tələbinə verilən etirazı müdafiə etdi. Qeyd etdi ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyatdan keçməmişdir. Mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinin məhkəmə qaydasında pozulması səbəbindən iddiaçının yaşayış sahəsinin faktiki sahibi kimi göstərdiyi cavabdehin ailə üzvləri sırasına daxil deyildir. Bundan əlavə, iddia ərizəsində qeyd olunmuş iddiaçı və övladlarının evi könüllü surətdə tərk etməmələri, iddiaçıya məxsus məişət əşyalarının mübahisəli evdə qalması iddiaları həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında faktiki nikah münasibətləri 2015-ci ilədək davam etmiş, iddia tərəfi 2015-ci ildə cavabdehi tək qoymaqla sözügedən fərdi yaşayış evini özlərinə məxsus olan bütün əşyaları götürməklə tərk etmişdir. Dəfələrlə evə qayıtmaları barədə müraciət edilsə də, iddia tərəfi evə qayıtmaqdan imtina etmişdir. Nəticədə 2017-ci il 30 may tarixli qətnamə ilə tərəflər arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddia tərəfi bir dəfə də olsun cavabdehin səhhəti, yaşayışı və vəziyyəti barədə xəbər almamışlar. Eyni zamanda cavabdeh tərəfindən keçmiş ailəsinin yaşaması və normal həyat şəraitinin təmin edilməsi üçün oğlu Elxanın adına alınmış **********05 reyestr nömrəli torpaq sahəsinin sənədini də ona vermişdir. İddia tərəfi kirayə haqqını ödəyə bilmədiyini, mübahisəli evdə qeydiyyatda olmalarını əsas gətirməklə həmin evə köçürülmə tələb edir. Əgər qeyd olunduğu kimi, iddia tərəfi kirayədə yaşasa idi, bu barədə ötən illər ərzində yaşadığı mənzillərə dair icarə və ya digər müqavilənin surətini işə əlavə edərdi. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçıları, cavabdehin nümayəndəsi və vəkilini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN 1 tərəfindən 06.04.2018-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı-Binəqədi RPİ tərəfindən 03.04.2018-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadır. Abşeron RPŞ tərəfindən 21.05.2012-ci il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. Əsas təhsil haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı2 2008-ci ildə Abşeron rayonu M.Hüseyzadə adına Novxanı kənd orta məktəbində və İddiaçı3 2012ci ildə Novxanı 1 saylı tam orta məktəbin ümumi orta təhsili bitirmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 03.04.2018-ci il tarixdə verilmiş AZ-İ № 284156 seriyalı nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X2 arasında olan nikah ləğv edilmiş, qadına Səmədova soyadı verilmişdir. Tam Orta Təhsil haqqında Attestatın surətindən görünür ki, İddiaçı3 2014-cü ildə Novxanı 1 saylı tam orta məktəbin tam orta təhsili bitirmişdir. Abşeron RİHB-nın Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən 12.12.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı3 ünvan 5 ünvanında yaşayır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli, 2(001)-3195/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 15.12.1989-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış, 418 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmənin sorğusuna əsasən: Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 103 nömrəli məktubdan görünür ki, Novxanı bələdiyyəsi tərəfindən Novxanı kəndi, i.Abdullayev küçəsi, ev 100 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə dair vətəndaş Cavabdeh torpaq sahəsi ayrılmasına dair heç bir bələdiyyə qərarı verilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli məktubdan görünür ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh (arxiv əsaslarında təvəllüd aşkar edilməmişdir) və ailə üzvlərinin (1 nəfər X1) ümumi birgə mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən yerləşən JN: 438A nömrəli şəhadətnamədə qeyd olunan 0.14 ha yaşayış məntəqələrinin torpaqlaı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Sorğuda qeyd olunan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İşin məhkəmə iclasında araşdırılan mübahisələndirilməyən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı1 Cavabdeh ilə 15.12.1989-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində rəsmi olaraq nikaha girməklə ailə qurmuşdur. Həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahlarından xx.xx.1992-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olmuşlar. Hazırda iddiaçılar Cavabdeh qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki İddiaçı1 ilə Cavabdeh arasında nikah hüquq münasibətləri 1989-cu il tarixdən yaranıb və ona görə də yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə olan halda tərəflərin izahatlarına, tədqiq edilən sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh 15.12.1989-cu il tarixdə rəsmi nikah münasibətlərinə girmişlər. Həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər. Onların nikahları Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli Qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İlkin iddia üzrə iddiaçı qeyd edilən evdə 1989-cu il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşaqları ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. Bundan başqa ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmasa da, həmin ev fərdi yaşayış evi olmaqla iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüquqları olduğu üçün onlar həmin yaşayış sahəsinə köçürülməlidirlər. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli yaşayış sahəsinin qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmış rəsmi mülkiyyətçisi olmasa belə, istər iddiaçılar, istərsə də, cavabdeh həmin yaşayış sahəsinə münasibətdə bərabərhüquqlu subyektlərdilər.Hətta hazırki halda tərəflər arasında ailə münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərini də nəzərə almaqla iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçidən razılıq alınmasına zərurət də olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında deyilir ki, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə iddia tələbinin istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli yaşayış sahəsi rəsmi dövlət qeydiyyatına alınmış əmlak olmadığından Mənzil Məcəlləsinin ümumi prinsiplərindən çıxış edərək mübahisəli yaşayış sahəsindən istifadədə tərəflərin daha əvvəl mövcud olmuş qaydalara uyğun istifadə şərtlərinin müəyyən edilməsi məqsədəuyğundur. Belə ki, iddiaçılar mənzili tərk edənədək yaşayış sahəsinin onların istifadəsində olan hissəsindən və eyni zamanda ümumi istifadədə olan sahələrindən istifadə etmək hüquqları saxlanılmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və istifadə qaydaları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər və ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşarış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydaları müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar