Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-877/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş oğlu X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun oğludur. O, xx.xx.1992-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Orxan 12 iyul 2014-cü ildə həyat yoldaşı X7 ilə birlikdə Quba rayonuna dincəlməyə getmək adı ilə evdən çıxıb getmişdir. Qubaya getdiyi gün onunla əlaqə saxlamış, daha sonra isə ondan heç bir məlumat ala bilməmişdir. Təxminən 1 ay sonra yoldaşı Orxanın həyat yoldaşı ilə birlikdə Azərbaycan Respublikasının ərazisini tərk etdiyini öyrənmişdir. Onlar uzun müddət ondan məlumat almamışlar. Bir müddət sonra oğlu Orxan özü əlaqə saxlamış, həyat yodaşı ilə birlikdə X2 şəhərinə getdiyini və daha burada yaşayacaqlarını bildirmişdir. Daha sonra onun onları aldatdığını, əslində həyat yoldaşı ilə birlikdə İraq Respublikasında olduğunu və orada cinayətkar, terrorçu qruplara qoşularaq slahlı münaqişələrdə iştirak etdiyini bilmişlər. 2017ci ilin avqust ayının 26-na kimi telefonla görüntülü əlaqə saxlamışdır. Lakin daha sonra ondan xəbər ala bilməmişdir. Həyat yoldaşı Aysel də xx.xx.2017-ci ildən sonra onu görməmiş və harada olduğunu bilməmişdir. o, Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və digər dövlət orqanlarına Orxanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət etsə də, oğlu Orxandan bu günə kimi heç bir məlumat ala bilməmişdir. Orxanın 1 qız və 2 oğlan olmaqla 3 övladı var. Uşaqlar xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana gətirilmiş və Orxanın həyat yoldaşı Ayselin atasının himayəsinə verilmişdir. Lakin Ayselin Azərbaycan Respublikasına gətirilməsi hələ mümkün olmamışdır, o, İraq Respublikasında Rusafa həbsxanasında saxlanılır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 4126/2019 nömrəli qərarı ilə oğlu X6 Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilmişdir. X11 Respublikasındakı silahlı münaqişələrdə iştirak etməsi və təxminən 7 ildən çoxdur ki, ondan heç bir məlumat ala bilməməyi onun ölməsini fikirləşməyinə əsasdır. Oğlunun ölmüş elan edilməsi faktı oğlunun övladları üçün ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - XVİİ-ЖГ 250322 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X1, anası isə Ərizəçidır. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4126/2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X6 Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi qət edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi ünvanlandığı xx.xx.2020-ci il tarixli, 12/Z-2109 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı ilə əlaqədar məhkəmənin müvafiq qərarı ilə xx.xx.1992-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin X3 ünvanladığı xx.xx.2018-ci il tarixli, 7/15-081/15/18 saylı məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş müraciəti araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinə göndərilmişdir. Səfirlikdən cavab daxil olduğu təqdirdə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli 3-13-12/2-13256/2025 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X6 barəsində cinayət təqibi, məhkumluğu və axtarışa elan olunması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-39/2-24/5-311/2025 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, AR vətəndaşı X6 xx.xx.2014-cü ildə Azərbaycanı tərk etmiş və bu günədək geriyə qayıtmamışdır. X12 Respublikasında münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməmiş məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsin xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi oğlu X6 2014-cü il tarixdə ölkə ərazisini tərk etmiş və həmin tarixdən sonra onun barəsində məlumat əldə etmək mümkün olmamışdır. Ərizəçinin ərizəsində qeyri-müəyyən mənbələr tərəfindən oğlunun vəfat etməsi ilə bağlı məlumat verməsi öz əksini tapsa da, ərizəçi buna dair sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, X4 ölməsi faktı iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə ərizəni əsaslı hesab etməyib təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş oğlu X4 ölmüş elan edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-877/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-877/2025
14.03.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver