Məhkəmə qərarları › İş №2(012)-882/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-882/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-882/2020 21.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1969-cu il təvəllüdlü Cavabdeh1, 1969cu il təvəllüdlü Cavabdeh2, 1998-ci il təvəllüdlü Cavabdeh3 və 1999-cu il təvəllüdlü Cavabdeh4 onun mülkiyyətində olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən 4 otaqdan ibarət yaşayış sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı.xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, İddiaçı mülkiyyətindədir. Sözügedən mənzildə iddiaçı ailə üzvləri ilə yəni həyat yoldaşı və uşaqları ilə bərabər yaşayır. Ancaq mənzilin qeydiyyatında cavabdehlər olan iddiaçının qardaşı X3, onun keçmiş həyat yoldaşı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh4 qalmaqdadırlar. Cavabdeh1 Cavabdeh2 ilə nikaha girdikdən sonra iddiaçının evinə qeydiyyata düşmüşlər, sonradan uşaqlar doğulmuşdur. Bir müddət sonra yəni 2003-cü ildə onların münasibətləri pisləşmiş, nikahları pozulmuşdur. Cavabdeh1 başqa şəxslə ailə həyatı qurmuş, hal-hazırda ayrı yaşayır. Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 2004-cü ildən köçüb başqa bir yerə getmişlər. Həmin vaxtdan iddiaçının evində formal qeydiyyatları qalmışdır. Artıq 15-16 ildir ki, cavabdehlərin formal olaraq qeydiyyatları iddiaçının mənzilində qalmaqdadır. Bu barədə iddiaçı dəfələrlə cavabdehləri xəbərdar etsə də, onlar çıxacaqlarına söz vermiş, ancaq sonradan sözlərinə əməl etməmişlər. İddiaçı bu səbəbdən mülkiyyətçi kimi hüquqlarından tam şəkildə istifadə edə bilmir. Bunlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti,Xırdalan şəhəri,2 saylı Mənzil Təsərrüfatı İstehsalat X7 tərəfindən verilmiş, xx xxxxxx 2019-cu il tarixli, 1516 saylı 2 nömrəli forma arayışından görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə 1A nömrəli, 5 mərtəbəli evin 3 mərtəbəsində 59,85 kv.m sahəsi olan 4 otaqlı 50 saylı mənzil İddiaçı məxsusdur və həmin evdə İddiaçı ilə birgə Cavabdeh1 xx.xx.1990-cı ildən və Cavabdeh2 2000-ci il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki,X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən hədiyyə verən Xırdalan şəhəri,27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən ümumi sahəsi 82,75 kv/m, yaşayış sahəsi 59,99 kv/m, yardımçı sahəsi 22,75 kv/m olan 4 otaqlı mənzili hədiyyə alana, yəni İddiaçı bağışlamışdır. İş materiallarında AR ƏMDK yanında DƏDMA-nin MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, mənzil 50 ünvanında yerləşən mənzil **********7 qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki,iş materiallarından və iddiaçının nümayəndəsinin izahatından görünür ki, tərəflər arasında münasibətlər xx xxxxxxx 2009-cu ilədək yaranmışdır. AR MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan madddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüququ normalarına uyğun çıxarılmalıdır. Qanunun bu normasından çıxış edərək məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu ilədək yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə görə həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinin 1-ci abzasına əsasən, icarədar və onun ailə üzviləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı xx xxxx 1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvilərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və onun ailə üzviləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. Lakin, məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinin olması barədə hər hansı bir sübutun mövcudluğu müəyyən edilməmişdir. Hansı ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə cavabdehlərin başqa yaşayış yerlərinin olması barədə sübutları təqdim etmək vəzifəsini iddiaçı tərəf daşımışdır. İddiaçının nümayəndəsi yalnız sübut növü kimi Abşeron rayon İcra Hakimiyyəti,Xırdalan şəhəri,2 saylı Mənzil Təsərrüfatı İstehsalat X7 tərəfindən verilmiş, 12 06. 2020-ci il tarixli 669 və 670 saylı arayışlara istinad etmişdir ki,həmin arayışlar nəzərdən keçirildikdə cavabdehlərin hansı tarixdən mübahisəli mənzildə yaşamamalarının müəyyən edilməsi mümkün olmadığından məhkəmə həmin arayışlara tənqidi yanaşmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, 50 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddiası tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar