Məhkəmə qərarları › İş №2(012)-917/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-917/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-917/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsi əsasında ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin onun sahibliyinə qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 01 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsi əsasında ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin onu sahibliyinə qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m «qeyri yaşayış sahəsi»ndən cavabdehin çıxarılması, qeyri yaşayış sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 01 fevral 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m «qeyri yaşayış sahəsi»ni iddiaçının icarəsinə vermişdir. İcarə müqaviləsinin müddəti 01,02.2023-cü il tarixə kimi olmaqla, icarə haqqı 3 aylıq 200 manat, bundan sonra isə icarə müqaviləsinin sonuna kimi 1200 manat müəyyən olunmuşdur. İddiaçı müqavilə bağlanandan sonra icarə müqaviləsini 2 saylı ƏVİ-də qeydiyyata aldırmışdir. İcarəyə götürülən zaman «qeyri-yaşayış» sahəsi tam təmirsiz və istifadə üçün yararsız olmuşdur. İddiaçı 40.000 manat xərc çəkməklə həmin sahəni yararlı hala salmışdır və orada avtomoşınların yuyulması, təmizlənməsi, saxlanılması üçün dayanacaq xidmətinə başlamışdır. Hər ayın 01-də icarə müqaviləsi ilə nəzərdə tutulmuş icarə haqqını icarəyə verənə ödəmişdir. Bir neçə gündür ki, cavabdeh heç bir xəbərdarlıq etmədən iddiaçıya verilmiş sahənin bir hissəsində tikinti və yenidən qurma işləri aparır. Soruşduqda isə iddiaçıya heç bir məlumat verilmir və bu işlərin görülməsi davam edilir, son günlər isə iddiaçı ümumiyyətlə həmin sahəyə buraxılmır. Cavabdehə müraciət edilməsinə baxmayaraq heç bir cavab verməmişdir Ona görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi X6 oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisəli sahə başqasına satılmışdır.Tərəflər arasında mübahisənin könüllü qaydada həll edilməsi üçün aparılan danışıqlar nəticəsiz qalmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan: İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 01.02.2020-ci il tarixli Qeyri-Yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətinə əsasən İcarəyə verən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivi. 25 saylı küçənin 2 saylı yaşayış binasında yerləşən sahəsi 3500 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini 01.02.2023-cü il tarixədək İcarəçiyə verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İcarə haqqı 01 fevral 2020-ci il tarixdən hesablanacaq. 3.2-ci bəndinə əsasən İcarə haqqı ƏDV daxil olmaqla hər ayın 1-dən 5-nə kimi ödənilmək şərti ilə aylıq 01.02.2020-ci il tarixdən 01.05.2020-ci il tarixə kimi (3 aylıq) 200 (iki yüz) manat, 01.05.2020-ci il tarixdən etibarən 1200 (bir min iki yüz) manat məbləğində müəyyən edilir. "xxxx" MMC tərəfindən 24.01.2020-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivi, 25 saylı küçənin 2 saylı çoxmənzilli yaşayış binasında yerləşən 3500 kv.metrdən ibarət (zirzəmi hissəsi) qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən inşa edilmiş və Cəmiyyətə məxsusdur. Abşeron rayon vəkil Bürosunun vəkili Coşqun İsgəndərov tərəfindən "xxxx" MMC-yə və 2 saylı Ərazi Vergilər İdarəsinə rəsmi şəkildə müraciət edilərək, "xxxx" MMC ilə İddiaçı arasında 01.02.2020-ci il tarixdə bağlanılmış Qeyri-Yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədə nəzərdə tutulmuş sahənin bir hissəsinin başqa şəxslərin icarəsinə verilib-verilməməsi və yaxud başqa şəxslərə satılıb-satılmaması, həmin müqavilənin 2 saylı ƏVİ-də qeydiyyata alınıb-alınmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən 29.10.2020-ci il tarixdə verilmiş Tikinti-təmir və avadanlıq xərclərinin müəyyən edilməsi barədə Mütəxəssis rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivi, 5 saylı küçəsinin 2 saylı binasında yerləşən 3500 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin (təmir-quraşdırma, tikiti, avadanlıq və.s) məbləği 29 oktyabr 2020-ci il tarixinə 39273,10 (otuz doqquz min iki yüz yetmiş üç manat on qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı arasında 01 fevral 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır, müqavilənin müddəti 01.02.2023-cü ilədəkdir.. Müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivi. 25 saylı küçənin 2 saylı yaşayış binasında yerləşən sahəsi 3500 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini iddiaçının icarəsinə vermişdir. İcarəyə götürülən zaman həmin qeyri-yaşayış sahəsi tam təmirsiz və istifadə üçün yararsız olmuşdur. İddiaçı öz vəsaiti hesabına xərc çəkməklə həmin sahəni yararlı hala salmışdır və orada avtomaşınların yuyulması, təmizlənməsi, saxlanılması üçün dayanacaq xidmətinə başlamışdır. İddiaçının icarə müqaviləsi ilə nəzərdə tutulmuş icarə haqqını icarəyə verənə vaxtında ödəməyinə baxmayaraq cavabdeh tərəfindən heç bir xəbərdarlıq etmədən iddiaçıya verilmiş sahənin bir hissəsində tikinti və yenidən qurma işləri aparılır, iddiaçı ümumiyyətlə həmin sahəyə buraxılmır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.- Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivi, 5 saylı küçəsinin 2 saylı binasında yerləşən 3500 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə dair 01.02.2020-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə hazırda qüvvədə olduğundan cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsindən istifadə ilə bağlı edilən maneçiliyin hüquqi əsası yoxdur.Bu əsasda iddia tələbi əsaslı hesab edilməli, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m «qeyri yaşayış sahəsi»ndən çıxarılmalı, qeyri yaşayış sahəsinin İddiaçı sahibliyinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, o halda, iddiaçının ödədiyi 10 manat məbləğində dövlət rüsumuna görə pul Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m «qeyri yaşayış sahəsi»ndən çıxarılsın və qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılsın. Cavabdeh "xxxx" MMC-dən 10 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar