Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-920/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan övladları, xx xxxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxxx 2018-ci il təvəllüdlü X14 ilə birlikdə ünvan 1 mənzil 25 ünvanında yerləşən mənzilə köçürülmələri və mənzilə yaşayış hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx xxxxxxx 2008-ci ildə ailə həyatı qurmuş və nikahları Lənkəran rayonu Veravul kəndi İcra nümayəndəliyində 22 saylı qeydlə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx xxxxx 2013-cü il təvəllüdlü X12 və xx xxxxxx 2018-ci il təvəllüdlü X14 anadan olmuşdur. Sonradan ailə münasibətlərində problem yaranmış və problemi aradan qaldırmaq mümkün olmamışdır. O, nikahın pozulması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(010)-830/2020 saylı qətnaməsi ilə nikahlarının pozulması, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun yanında saxlanılması, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 170 manat olmaqla, cəmi 340 manat miqdarında alimentin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Eyni zamanda, xx xxxxx 2020-ci il tarixdə ünvan 1 25 ünvanında yerləşən mənzildən çıxarılmış və bu halı qanunsuz hesab edir. O, hazırda müvəqqəti olaraq kirayədə məskunlaşmağa məcbur olmuşdur. Bu səbəbdən, cavabdehin qanunsuz hərəkətlərinə son qoymalıdır. Odur ki, onun, xx xxxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxxx 2018-ci il təvəllüdlü X14 ilə birlikdə ünvan 1 25 ünvanında yerləşən mənzilə köçürülmələri və mənzilə yaşayış hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2007-ci ildə mərhum atası X7 “xxxx” MTK-dan ünvan 1 mənzil 25 ünvanında yerləşən mənzili müqavilə əsasında almış və mənzilin pulunu atası ödəmişdir. 2008-ci ildə o, İddiaçı ilə ailə həyatı qurmuş və rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Ailə qurduqdan sonra bir müddət Lənkəran şəhərində, sonra isə Bakı şəhərinə köçərək müxtəlif yerlərdə kirayədə yaşamağa başlamışlar. 2009-cu ildə atası rəhmətə getmiş, qeyd olunan mənzil 2019-cu il tarixdə ailə üzvlərinin razılığı əsasında “xxxx” MTK-nın rəhbərliyi tərəfindən onun adına keçirilmişdir. 2011-ci ildən isə ailəsi ilə birlikdə həmin mənzilə köçüb orada yaşamışlar. Lakin, münasibətləri pisləşmiş, onlar yola gedə bilməmiş və iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. 2020-ci ildə onların nikahları pozulmuş və azyaşlı uşaqları anasının himayəsinə verilmişdir. Bundan əlavə, mübahisələndirilən mənzilin çıxarışı yoxdur, mənzilin yeganə sənədi müqavilədir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iddiaçı və cavabdehin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-830/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu Veravul kəndi İcra nümayəndəliyində 22 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 anasının yanında saxlanılması, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat miqdarında alimentin Cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 116766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 108329 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından məlum olur ki, cavabdeh Mahmudov X8 rayonu Veravul kəndində qeydiyyatdadır. “İcraçı” “xxxx” MTK ilə “payçı” Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, “icraçı” binanı tam istifadəyə verməklə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 1 bloklu, mərtəbə 8, ümumi sahəsi 60 kv.metr olan 1 otaqlı, 25 saylı mənzili “payçı”ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, “Payçı”nın “icraçı”ya qalıq borcu yoxdur. xx xxxxx 2012-ci il tarixli, 20 saylı maliyyə arayışının surətindən görünür ki, X7 “xxxx” MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 1 bloklu, mərtəbə 8, ümumi sahəsi 60 kv.metr olan 1 otaqlı, 25 saylı mənzilin dəyərini tam olaraq ödəmişdir. “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 30 saylı arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 1 bloklu, mərtəbə 8, ümumi sahəsi 60 kv.metr olan 1 otaqlı, 25 saylı mənzildə yaşayır. Həmin mənzil xx xxxxxxxx 2007-ci il tarixli, 13 saylı müqaviləyə əsasən X1 və mənzilin dəyərini sonuncu “xxxx” MTK-ya tam olaraq ödəmişdir. X7 rəhmətə getdikdən 10 il sonra, yəni xx xxxxx 2019cu il tarixdə həmin mənzil ailə üzvlərinin razılığı əsasında “xxxx” MTK tərəfindən Cavabdeh adına keçirilmişdir. X3 tərəfindən “xxxx” MTK-ya ünvanlanmış xx xxxx 2018-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş X5 məxsus “xxxx” MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 1 bloklu, mərtəbə 8, ümumi sahəsi 60 kv.metr olan 1 otaqlı, 25 saylı mənzilin qardaşı Cavabdeh adına keçirilməsinə etiraz etmir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2007-ci ildə cavabdehin mərhum atası X7 “xxxx” MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 1 bloklu, mərtəbə 8, ümumi sahəsi 60 kv.metr olan 1 otaqlı, 25 saylı mənzili müqavilə əsasında almış və sonuncu mənzilin pulunu tam olaraq MTK-ya ödəmişdir. İddiaçı Cavabdeh ilə xx xxxxxxx 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və onların birgə nikahlarından xx xxxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxxx 2018-ci il təvəllüdlü X14 anadan olmuşdur. 2009-cu ildə isə cavabdehin atası X7 rəhmətə getmişdir. Cavabdeh 2011-ci ildən iddiaçı ilə birlikdə həmin mənzilə köçmüş, faktiki olaraq hüquq münasibətləri həmin ildən yaranmışdır. Mübahisələndirilən mənzil 2019-cu il tarixdə ailə üzvlərinin yazılı razılığı əsasında “xxxx” MTK-nın rəhbərliyi tərəfindən müqavilə əsasında cavabdehin adına keçirilmişdir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-830/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı birgə nikahlarından olan xx xxxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxxx 2018-ci il təvəllüdlü X14 ilə birlikdə Cavabdeh ilə birgə nikahda olduğu dövrdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində inşa edilmiş 1 bloklu, mərtəbə 8, ümumi sahəsi 60 kv.metr olan 1 otaqlı, 25 saylı mənzilə köçürülmələri və mənzilə yaşayış hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın mənzilə köçürülmə tələbi ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Qərarında müəyyən edilmiş mövqeyine istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən Qərarında qeyd olunur ki, “Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ olmadığına görə istər onun özünün, istərsə də himayəsində olan övladlarının mənzilə köçürülmə tələbi təmin edilə bilməz. Məhkəmə tədqiqatı dövründə iddiaçının həmin mənzilə dair istifadə hüququnun yaranması barədə yazılı razılaşmanın bağlanılması aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin razılığı olmadan hal-hazırda mübahisəli mənzilə köçürülə bilməz. Mübahisələndirilən mənzilə iddiaçının hər hansı bir istifadə hüququnun olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyinə görə iddiaçının həmin evə yaşayış hüququnun verilməsi də qeyri-mümkündür. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 10 manat pul vəsaiti onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-920/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-920/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver