Məhkəmə qərarları › İş №2(012)-96/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-96/2021

02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-96/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Milan-A MMC-yə qarşı işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Milan-A MMC-yə qarşı işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yeri olan cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətində inzibati işlər üzrə menecer vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün 12 sentyabr 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqı, iddiaçı kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Yusifbəyli və Partnyorları vəkil bürosunun hesabına ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 30.40 manat və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 11.50 manat pul vəsaitinin cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, qeyd etdiklərinin, yəni İddiaçı işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yeri olan cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətində inzibati işlər üzrə menecer vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 12 sentyabr 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olan müddətə görə orta əmək haqqının tam şəkildə, eyni zamanda, iddiaçı kimi vəkil xidmətlərindən istifadə etməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Yusifbəyli və Partnyorları vəkil bürosunun hesabına ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 30.40 manat və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 11.50 manat pulun ödənilməsinin bir vəzifə kimi cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 fevral 2019-cu il tarixdən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətində inzibati işlər üzrə menecer vəzifəsində çalışmışdır. Cavabdehin direktoru X1 12 sentyabr 2019-cu il tarixli 107 saylı əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq) 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, guya ki, öz xahişi ilə yazmış olduğu ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. Halbuki iddiaçı işdən azad olunma haqqında nəinki heç bir ərizə yazmamış, eyni zamanda, şifahi də olsa belə işdən azad olunmaqla bağlı heç bir kəsə heç bir müraciət belə etməmişdir. İddiaçı işdən azad olunması Əmək Məcəlləsinin 68-70, 76-79 və 84-cü maddələrinin tələblərinin, (Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin işçini nəinki ərizəsi, hətta heç bir müraciəti belə olmadan, guya ki, öz xahişi ilə işdən azad etməsi) kobud surətdə pozulması ilə və Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin buna heç bir qanuni əsasları və səlahiyyətləri olmadan işçini tam qanunsuz və əsassız olaraq, işdən çıxardığından, baş verdiyindən, iddiaçı bu halı tam qanunsuz və əsasız hesab edir. İddiaçı cavabdeh MMC-nin təqsiri üzündən tam qanunsuz olaraq, işləməkdən məhrum olunmuşdur. Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyindən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İddiaçının orta aylıq əmək haqqı 500 manat təşkil etmişdir. Odur ki, hesab edir ki, İddiaçı işdən azad olunması məhkəmə tərəfindən tam qanunsuz hesab olunmalı, iddiaçı əvvəlki iş yeri olan cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətində inzibati işlər üzrə menecer vəzifəsinə bərpa edilməli, İddiaçı qanunsuz olaraq, işləməkdən məhrum etmiş bütün vaxt üçün, yəni 12 sentyabr 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqı cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı xeyrinə ödənilməli və qeyd etdiklərinin bir vəzifə kimi cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunması haqqında müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Milan-A MMC-yə ərizə ilə müraciət edərək 11.09.2019-cu il tarixindən etibarən mühafizəçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, işəgötürən Milan-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanmış 23.04.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 23.04.2019-cu il tarixdə MMC-yə aylıq əmək haqqı 543 manat olmaqla mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan iddiaçı Milan-A MMCyə ünvanlandığı 17.09.2019-cu il tarixli ərizəyə əsasən onun 17.09.2019-cu il tarixindən tutduğu vəzifədən (peşədən) azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.09.2019-cu il tarixdə 107 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, iddiaçı öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli 4/388 saylı rəyi ilə ekspertizaya təqdim olunmuş İddiaçı adından olan 17.09.2019-cu il tarixli ərizənin əlyazma mətninin və imzanın İddiaçı tərəfindən icra olunduğu öz təsdiqini tapdığından ekspert rəyi ilə razıdır. Belə ki, iddiaçı heç bir məcburiyyət olmadan könüllü şəkildə ərizə yazıb işdən azad olunmasını xahiş etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 ərizə təqdim edərək ötən məhkəmə iclasında iddiaçıya növbəti məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verildiyini bildirərək mülki iş üzrə məhkəmə baxış iclasının İddiaçı iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan: -İddiaçı Milan-A MMC-yə ünvanlandığı ərizədən görünür ki, İddiaçı 11.09.2019-cu il tarixindən etibarən mühafizəçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. -İşəgötürən Milan-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanmış 23.04.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 23.04.2019-cu il tarixdə MMC-yə aylıq əmək haqqı 543 manat olmaqla mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən əmək müqaviləsi müddətli bağlanmışdır. Bu əmək müqaviləsi qarşılıqlı razılığa əsasən 23.04.2019-cu il tarixdən 23.06.2019-cu il tarixinədək 2 ay müddətinə bağlanmışdır. İşin ilk 1 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İşçi 23.04.2019-cu il tarixdən işə başlayır. İşçi təyin olunmuş vaxt ərzində tapşırılan obyektin mühafizəsini təşkil etməli, mühafizə yerini istisna hallar xaric tərk etməməli, giriş qapısının mühafizəsini daimi olaraq təşkil etməlidir. Müqavilənin 9.3-cü bəndinə əsasən işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. -İşəgötürən Milan-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanmış 23.04.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işçi Milan-A MMC-yə mühafizəçi təyin edildiyi gündən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə aşağıdakı tələblərə əməl etməklə müqavilə bağlayır. Bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. -İddiaçı məxsus 23.04.2019-cu il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 23.04.2019-cu il tarixdə 042 saylı əmrə əsasən Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, 12.09.2019-cu il tarixdə 107 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. -İddiaçı Milan-A MMC-yə ünvanlandığı 17.09.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı onu 17.09.2019-cu il tarixindən tutduğu vəzifədən (peşədən) azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və həmin bildirişin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, işçi İddiaçı ilə Milan-A MMC arasında bağlanmış əmək müqaviləsinə 12.09.2019-cu il tarixli 107 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmiş və əmək müqaviləsi bildirişi xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. -Milan-A MMC-nin 12.09.2019-cu il tarixli 107 saylı əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a bəndinə əsasən cəmiyyətin mühafizəçisi İddiaçı ilə bağlanmış 23.04.2019-cu il tarixli 085 №li əmək müqaviləsinə işçinin öz xahişi ilə 12.09.2019-cu il tarixdən xitam verilmiş və ona 9 gün son haqq hesab hesablanması qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli 4/388 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş İddiaçı adından olan 17.09.2019-cu il tarixli ərizənin əlyazma mətni və imza İddiaçı tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı işəgötürən Milan-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 23.04.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 23.04.2019-cu il tarixdə 042 saylı əmr əsasında MMC-yə aylıq əmək haqqı 543 manat olmaqla mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, 12.09.2019-cu il tarixli 107 saylı əmrə əsasən isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Göründüyü kimi iddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən çıxması haqqında ərizənin özü tərəfindən yazılmadığını, ərizənin cavabdeh tərəfindən saxtalaşdırıldığını, həmin ərizədə olan əlyazma və imzanın ona məxsus olmadığını bildirmişdir. Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Mülki iş materiallarından göründüyü kimi, iddiaçı heç bir məcburiyyət olmadan, könüllü şəkildə, iradə ifadəsinə uyğun olaraq cavabdeh ilə əmək müqaviləsi bağlayaraq işə qəbul edilmiş və 17.09.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin ərizənin onun tərəfindən yazılmadığını mübahisələndirən iddiaçının vəsatəti ilə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli 4/388 saylı rəyi ilə 17.09.2019-cu il tarixli ərizənin əlyazma mətninin və imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edildiyindən məhkəmə ekspert rəyini əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli 4/388 saylı rəyini əsas sübut kimi götürərək hesab edir ki, işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının könüllü şəkildə, heç bir məcburiyyət olmadan işdən azad edilmə barədə ərizəni şəxsən özü tərəfindən yazıldığı təsdiq olunduğundan və iddiaçı məhkəmə iclasında iştirak etməməklə bunun əksini sübuta yetirmədiyindən iddiaçının iddia tələbləri əsassızdır, bu səbəbdən də iddia ərizəsi təmin edilməməlidir. Mülki iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə 30 manat, vəkilə hüquqi yardıma görə isə 50 manat ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat hüquqi yardıma görə edilmiş ödəniş və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Milan-A MMC-yə qarşı işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 127 (yüz iyirmi yeddi) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar