Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-966/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 24 may 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş və Xırdalan şəhəri, S.Əfəndizadə ünvanında yaşamış, 1989-cu ildən yoxa çıxmış və yaşayış yeri bəlli olamayan X7 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, onlar ailəliklə Abşeron rayonunun, Xırdalan şəhəri, Ş.Əfəndizadə ünvanında yaşayırlar. Ailəsi 3 nəfərdən ibarət olmuşdur. Yoldaşı X2 bazada işləyirdi. O, 1989-cu il avqust ayının 8-də səhər saat 7:00 radələrində evdən çıxmış, uşağı gətirməkdən ötrü Ağdam rayonuna getmiş və geri qayıtmamışdır. Onun axtarışları heç bir nəticə verməmişdir və bu günə kimi harda olması məlum olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etmiş və Binəqədi rayon məhkəməsi tərəfindən 12 fevral 1993-cü il tarixdə vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi barəsində 2-189/1993 saylı qətnamə qət edilmişdir. Bu günə qədər onun ölümü haqqında şəhadətnaməni almamışdır. Lakin sosial müavinat almaq üçün müraciət etdikdə, ondan yoldaşının ölümü haqqında şəhadətnaməsini tələb etmiş və bu sənədin alınması üçün əsasın məhkəmə tərəfindən müəyyən edildiyini bildirmişlər. Aradan uzun illər keçməyinə baxmayaraq, yoldaşı gəlib çıxmamışdır və o gündən bəri ondan bir xəbər olmamışdır. Odur ki, həyat yoldaşı Ramizin bəlli olmayan səbəblərdən vəfat etdiyini fikirləşir. Çünki sağ olsaydı çoxdan evinə geri dönmüşdür. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur, bir məhəllədə qalırlar. O, 1984-cü ildə Sulutəpə qəsəbəsinə gəlin köçmüş, Bəsti isə 1985-ci ildə gəlin köçmüşdür. Çox mehriban qonşuluq münasibətləri var. Ərizəçinin ailəsində özü, həyat yoldaşı və qızı vardır. Həyat yoldaşının adı Ramiz idi. Təxminən 1989-cu illər olardı Ramiz öz qızını Ağdam rayonundan gətirməyə getmişdir. Elə o vaxtdan ondan bir xəbər olmamışdır. Bəsti həyat yoldaşını çox axtarmış, lakin onun harada olması barədə heç bir məlumat tapa bilməmişdir. Uşağı üç gündən sonra babası gətirmişdir. Mərhum qayınanası Bəstigilə tez-tez gedib gəlirdi. Qayınanası ona Ramizin axtarıldığını, lakin tapılmadığını bildirmişdir. Eşitdiyinə görə onun itkin düşməsi barədə qətnamə çıxarılmışdır. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qonşudur. 1986-cı ildən gəlin köçmüşdür. Həmin vaxt Bəsti orada yaşayırdı. Ərizəçinin həyat yoldaşının adı Ramiz idi və o sakit təbiətli insan olmuşdur. Ramiz 1989-cu ildə uşağı nənə babasının yanından götürməyə Ağdam rayonuna getmiş, həmin vaxtdan ondan xəbər çıxmamışdır. Sağ olması və yaxud ölməsi barədə heç bir məlumat hazırkı vaxta qədər yoxdur. Mərhum qaynanası Bəstigilə tez-tez gedib- gəlirdi. Qaynanası ona Ramizin axtarıldığını, lakin tapılmadığını bildirmişdir. Hazırkı vaxta qədər Ramiz barəsində heç bir məlumat yoxdur. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur. O, 48 ildir Sulutəpə qəsəbəsində yaşayır. Ərizəçi onlardan 10 il sonra həmin qəsəbəyə qonşuluğa gəlin köçmüşdür. Mehriban qonşuluq münasibətləri var. Ərizəçinin həyat yoldaşı və bir qızı vardır. Təxminən 30 il əvvəl ərizəçinin həyat yoldaşı Ramiz qızını Ağdam rayonu Papravənd kəndində nənə babasının yanından gətirməyə getmişdir. Həmin vaxtdan o itkin düşmüş və harada olması barədə məlumat çıxmamışdır. Bəsti həyat yoldaşını çox axtarmış, lakin bir nəticəsi olmamışdır. Hazırda ərizəçinin qızı ailə həyatı qurmuş, özü isə qardaşı və qardaşının ailəsi ilə birlikdə yaşayır. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -05.03.2016-cı il tarixdə Abşeron RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən Ərizəçi verilmiş 16.06.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2-189/1993 saylı, 12 fevral 1993-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamə 22 fevral 1993-cü il tarixdə qanuni qüvvəsini almışdır. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2-189/1993 saylı, 12 fevral 1993-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə əsaslı olduğundan təmin edilmiş, 1963-cü ildə anadan olmuş X14 xəbərsiz itkin düşmüş hesab edilmişdir. -Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X15 arasında 29.01.1985-ci ildə rəsmi nikah bağlanmış, X12 Məmmədova soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 24.05.1963-cü ildə Bakı şəhərində anadan olmuş, atası X16, anası X5r. -Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 15.01.1987-ci ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası Ərizəçidır. -Məhkəmənin sorğusu əsasında Abşeron rayon MKTB-nin 5 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 01.03.2021-ci il tarixli 28 nömrəli cavab məktubundan görünür ki, 1963-cü il təvəllüdlü X14 itkin düşdüyü günə qədər Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 35 ünvanında yaşamışdır. -Məhkəmənin sorğusu əsasında AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 01.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, 24.05.1963-cü ildə Bakı şəhərində anadan olmuş X7 cinayət təqibi və məhkumluğu və dövlət sərhədini keçməsi barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X2 bazada işləyib. O, 1989-cu il avqust ayının 8-də səhər saat 7:00 radələrində evdən çıxmış, uşağı gətirməkdən ötrü Ağdam rayonuna getmiş və geri qayıtmamışdır. Onun axtarışları heç bir nəticə verməmişdir və bu günə kimi harda olması məlum olmamışdır. Bununla bağlı ərizəçi məhkəməyə müraciət etmiş və Binəqədi rayon məhkəməsi tərəfindən 12 fevral 1993-cü il tarixdə vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi barəsində 2- 189/1993 saylı qətnamə qət edilmişdir. Bu günə qədər onun ölümü haqqında şəhadətnaməni almamışdır. X14 ərizəçinin əri olmuş, o, 24.05.1963-cü ildə Bakı şəhərində anadan olmuş və 1989-cu il tarixdə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Odur ki, hesab edir ki, həyat yoldaşı Ramizin bəlli olmayan səbəblərdən vəfat etmişdir, çünki sağ olsaydı çoxdan evinə geri dönmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə ərizə ilə bağlı qeyd edir ki, ərizəçinin əri X7 itkin düşməsi ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X7 1989-cu il tarixdə itkin düşməsini və bir daha evə geri dönməməsini təsdiq etmişlər. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2-189/1993 saylı, 12 fevral 1993-cü il tarixli qətnaməsi ilə də 1963-cü ildə anadan olmuş X14 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. İşin məhkəmə iclasında araşdırılan halları və şahid ifadələri, məhkəmə qətnaməsi, Abşeron rayon MKTB-nin 5 saylı Mənzil Kommunal İstismar Sahəsindən və AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş cavab məktublarından tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin əri X14 1989-cu il tarixdə itkin düşmüş, bu günə kimi harada olması məlum deyildir. Ona görə də məhkəmə hesab edir ki, X7 1989-cu il tarixdə itkin düşməsi və 31 ildən çox müddətdə yaşaması barədə məlumatın olmaması nəzərə alınmalı və o ölmüş elan edilməlidir. İş üzrə məhkəmə aşağıdakı hüquq normalarına əsaslanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-ci maddəsinin tələblərinə görə isə bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 312-316-cı maddələrinə əsasən məhkəmə şəxsin itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi faktlarını müəyyən edir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək, qanunun qeyd edilən normalarını əsas tutaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 24.05.1963-cü ildə Bakı şəhərində anadan olmuş X14 1989-cu il tarixdən ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.05.1963-cü ildə Bakı şəhərində anadan olmuş X14 1989-cu il tarixdən ölmüş elan edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-966/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-966/2021
15.03.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver