Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-97/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı X5 Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Finoko BOKT ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Finoko BOKT ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və mənzildə yaşayan digər şəxslərin Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Finoko BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2016-cı il tarixli, 2016/00311-01 saylı İstehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50 000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzili ipoteka predmeti kimi Finoko BOKT ASC-yə təqdim etmiş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair cavabdehin qeydiyyatda olduğu yer üzrə Abşeron rayon Məhkəməsində iddia qaldırılmış, həmin Məhkəmənin 2(012)- 1088/2018 saylı, 09 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində oian ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün Külək MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Finoko BOKT ASC-yə təklif edilmişdir. Külək MMC ilə Finoko BOKT ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və Hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və Hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilinə Finoko BOKT ASCnin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır (Qeydiyyat nömrəsi **********, tarix: 16.09.2019). İpoteka predmeti olan əmlakın Finoko BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, Cavabdeh və digərləri hal-hazırda da Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilində yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi Finoko BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. -Abşeron Rayon Məhkəməsinin 09.02.2018-ci il tarixli 2(012)-1088/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 45675,47 ABŞ dolları əsas, 8544,52 ABŞ dolları faiz borcu və 1045 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 55264,99 ABŞ dolları kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 1 manat xidmət haqqının 25 manat hissəsinin əvəzinin tutularaq Finoko BOKT ASC-yə ödənilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ümumi sahəsi 66,93 kv.m, yaşayış sahəsi 46,96 kv.m və yardımçı sahəsi 19,97 kv.m olan 15 saylı evin 56 saylı mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin 80000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehin Finoko BOKT ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. -Külək MMC-nin 26.08.2019-cu il tarixli 40/02 saylı ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 26 avqust 2019-cu il tarixdə ünvan 1 ünvanında Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 15 saylı evin 56 saylı mənzilinin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olan qiyməti 51000 manat müəyyən edilmiş, Mülki Məcəllənin 415-ci maddəsinə əsasən Abşeron ravon Məhkəməsinin 2(012)-1088/2018 saylı 24.09.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Pobasiya Şöbəsinin 17/75-77-19-4 saylı 24.06.2019-cu il tarixli sifariş məktubunun və Finoko BOKT ASC-nin 79-0819 saylı 21.08.2019-cu il tarixli məktubunun icrasına əsasən İpoteka haqqında Qanunun 41.42. və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuş, 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İpoteka saxlayan Finoko BOKT Açıq Səhmdar Cəmiyyəti ipoteka predmetinin ilkin satış qiyməti (mənzil) 80 000 manat, təkrar hərracdakı satış qiyməti (mənzil) isə 68000 manat müəyyən edilmişdir. İpoteka haqqında Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti (rəqəm və sözlə) 51000 manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdi və mənzilin dəyəri köçürmə yolu ilə ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.09.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzili Finoko BOKT ASCnin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron RPŞ tərəfindən verilmiş 07.10.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X3 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 26 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı Finoko BOKT ASC Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilinin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ Finoko BOKT ASCyə keçmiş, lakin buna baxmayaraq evin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsindən sonra həmin evdə yaşamayan Cavabdeh və ona məxsus əşyalarının qeyd olunan evdə qalması iddiaçı Finoko BOKT ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Babayev X3 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzil boşaldılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri 28ci məhəllə 15 saylı evin 56 saylı mənzilində Cavabdeh savayı digər şəxslərin də yaşadığı bildirilsə də, lakin həmin şəxslərin kimliyi qeyri-müəyyən olduğundan və həmin mənzildə həqiqətən də yaşayıb-yaşamadıqları barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələblərinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan 08.10.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Babayev X3 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzil boşaldılsın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 20.40 manat (iyirmi manat qırx qəpik) iddiaçı X5 Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-97/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-97/2021
02.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver