Məhkəmə qərarları › İş №2(012)-971/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-971/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-971/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1966-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda doğulmağı və atası - X3, anası isə X4 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tələbin qalan hissələrdə saxlanılmaq şərtilə onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, onun yəni, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda doğulmağı və atasının - X3, anasının isə X4 olması barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1966-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda anadan olmuş, X1, anası isə X5r. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən o, ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışdır. Hal-hazırda o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 43 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Hazırda zərurət yarandığı üçün müəyyən sənədləşmə işləri ilə bağlı ona doğum haqqında şəhadətnamə lazım olmuşdur. O, bununla bağlı ilk öncə Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin imtina cavabı almış və ona doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 09.02.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 saylı evin 44 saylı mənzilində yaşayır. Ərizəçi onun qonşusudur. O, 1988-ci ilin avqust ayında hazırda yaşadığı yaşayış binasına gəlin köçmüş, Ərizəçi isə həmin ilin sentyabr ayında ailə üzvləri ilə birlikdə həmin binaya köçmüşlər. Belə ki, yaşadıqları mənzillərin qapıları üzbəüz olduğundan, mehriban qonşu kimi gediş-gəlişləri olmuşdur. Ərizəçi atası Həsənpaşa Mustafayev, anası isə Əsli Mustafayeva idi. Ərizəçi valideynlərinin ikisi də uzun müddətdir ki, rəhmətə getmişdir. Onlar Ermənistan Respublikası Amasiya rayonundan qaçqın düşərək 1988-ci ildə Abşeron rayonuna gəlmişlər. Bu səbəbdən də bilir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. O, Ərizəçi ilə yaxın rəfiqə olduğu üçün bilir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. 29.03.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisi qızıdır. Ermənistan Respublikası Amasiya rayonu Quzukənd kəndində yaşamaqla mehriban qohumluq münasibətləri olmuş, bir-birilərinin evinə gedib-gəlmişlər. 1988-ci ildə onlar qaçqın düşmüşlər. Bu səbəbdən də bilir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. X1, anası isə X8 olmuşdur və rəhmətə getmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş 25.03.1992-ci il tarixli İV-ЖГ № 285927 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25.03.1992-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 59 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Maraqlı şəxs tərəfindən verilmiş 24.10.2012-ci il tarixli AZ-İ № 587098 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.10.2012-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 366 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -2067230 saylı hərbi biletin surətindən görünür ki, X3 hərbi xidmətdə olmuşdur. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı 02.12.2021-ci il tarixli 05/Q-1647/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən də, doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. -Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli 267 saylı arayışdan görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPİ tərəfindən verilmiş 28.11.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üstüstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1966-cı il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X8” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1966-cı il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonu, soyadı, adı, atasının adı qrafasında «Ərizəçi», ata adı qrafasında «X3», ana adı qrafasında «X8», milliyyəti «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar