Məhkəmə qərarları › İş №2(012)-987/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-987/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-987/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1100 manat pul, cavabdehin pulu gecikdirməsi nəticəsində vurduğu 1000 manat maddi və 400 manat da mənəvi zərərin cavabdehdən tutularaq İddiaçı ödənilməsi və iddia təmin olunacağı təqdirdə məcburi köçkün olaraq azad olduğu 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə münasibətləri normal olduğundan cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıdan üç aya qaytaracağı adı ilə 1100 manat borc pul götürmüşdür. Həmin vaxtdan 30 ay keçməsinə baxmayaraq cavabdeh bu günə qədər borc adı ilə götürdüyü həmin pulu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə özünə pul lazım olduğunu, müalicə xərclərinə ehtiyac yarandığını bildirsə də, cavabdeh həmin pulun geri ödənilməsi ilə bağlı müxtəlif bəhanələr gətirərək, pul borcunu geri qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı cavabdehin ona olan aşkar borcunu ödəmədiyini görüb, məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı, cavabdeh xx.xx.2019-cu il tarixdə qaytaracağı adı ilə 1100 manat pulu iddiaçıdan borc adı ilə götürməsi barədə öz xətti ilə yazıb, imzasını çəkərək tarix yazdığı qəbz də mövcuddur. Lakin cavabdeh xeyli vaxt keçməsinə baxmayaraq borcunu qaytarmaqdan yayınmış və artıq iddiaçıdan gizlənməklə, telefon zənglərinə cavab verməmişdir. Cavabdehin gecikdirməsi nəticəsində iddiaçıya 1000 manat maddi və 400 manat da mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçı həmin məbləği ticarət sahəsində dövriyyə etdirsəydi, ən azı 30 aya 1100 manat pulu 1000 manat da artırıb 2100 manat etmək iqtidarında olardı. Həmçinin, bu müddət ərzində cavabdehi axtarmağı, etdiyi zənglərə görə sərf etdiyi konturlara və onun ünvanına getmək üçün taksilərə xərclənmiş pulları da 400 manat mənəvi zərər olaraq dəyərləndirir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı cavabdehə borc pulu verən zaman borcun faizlə verilməsini şərtləşdirməmişlər. Adətən, tərəflər borcun faizlə verilməsini qeyd edərək həmin borca görə gecikdirilmiş faizin tutulmasını da tələb edirlər. Lakin məhkəmə tərəfindən iddia tələbinin faizin tutulması hissəsində nə qərar qəbul edilərsə buna etiraz edilməyəcəkdir. Buna baxmayaraq, iddiaçı cavabdehi axtarması istiqamətində telefon zənglərinə, taksilərə görə pul vəsaitləri sərf etmiş, lakin mənəvi zərərlə bağlı hər hansı bir sübutu yoxdur. İddiaçı pulu cavabdehə təqdim edən zaman cavabdeh həmin pul vəsaitini almasına dair qəbz tərtib edib imzalamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh tərəfindən tərtib edilməklə xx.xx.2019-cu il tarixdə imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, Cavabdeh ona məxsus olan pensiya kartını qoyaraq İddiaçı 1100 manat pulu borc şəklində götürmüşdür. -xx.xx.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Namazova X2 rayonundan məcburi köçkündür. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı Laçın rayonu Laçın şəhəri, A.Aslanov küçəsi 8 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı qəbz əsasında müəyyən olunmuşdur ki, Cavabdeh imzası ilə təsdiq edilmiş qəbz əsasında İddiaçı xx.xx.2019-cu il tarixdə 1100 manat borc götürmüşdür. Cavabdeh həmin borcu qaytarmaq şərtilə ilə götürməsinə baxmayaraq, həmin borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbz işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, 1100 manat pul vəsaitinin borc şəklində verilməsinə dair yazılı qəbz cavabdehin iradə ifadəsi əsasında bağlanmış və onun imzası ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qəbz birtərəfli əqd olaraq cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmış və cavabdeh bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşımışdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda cavabdeh iddianı etiraf etməsi münasibəti yaratmışdır. Beləliklə məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlara əsasən, cavabdehin iddiaçıdan 1100 manat pul vəsaitini borc şəklində alması və həmin borcu qaytarmaması öz təsdiqini tapdığından, iddia tələbi 1100 manat borcun tutulması hissəsində əsaslı hesab edilərək qismən təmin edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Mülki Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin borcu gecikdirməsi nəticəsində ona vurulmuş 400 manat maddi ziyanın tutulmasını tələb etsə də, həmin ziyanın nədə ifadə olunduğunu sübuta yetirə bilməmiş, bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olması səbəbindən dövlət rüsumunun ödənilməsindən azaddır və iddiaçı tərəfindən iddianın qiyməti olaraq cəmi 2500 manat pul vəsaitinin tutulması tələb olunur. Lakin qanunun tələblərinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi təqdirdə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı olduğundan və hazırki iş üzrə iddia ərizəsi 1100 manat pulun tutulması hissəsində qismən təmin edildiyindən, 1100 manat pul vəsaitinin tutulmasına görə 31 manat dövlət rüsumu ödənilməlidir. Bu səbəbdən də, cavabdehdən ödənilməli olan 31 manat dövlət rüsumu məbləği tutulmaqla dövlət nəfinə ödənilməlidir. Bu səbəbdən də, iddia ərizəsi 100 manat dövlət rüsumunun tutulması hissəsində də qismən təmin olunur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 31 (otuz bir) manat pul vəsaiti tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar