Məhkəmə qərarları › İş №2(013)-1000/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1000/2025

17.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1000/2025 17.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağdam Su X1 İdarəsinin nümayəndəsi – həmin idarənin suyun balansı və hesabatı şöbəsinin rəisi X3 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Su X1 İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul tələbi barədə mülki işə 17 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Ağdam Su X1 İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsinə xitam verilərkən son haqq hesablanarkən ona ödənilməyən 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023-cü illər üçün əmək məzüniyyətindən istifadə etmədiyinə görə ona pul əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 İstismarı İdarəsinin xx.xx.2013-cü il tarixli 09 nömrəli əmri ilə həmin idarəyə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. 2015-ci ildə X2 İstismarı İdarəsi ləğv edildiyi üçün işdən azad edilərək işlə təmin olunmaq üçün həmin idarənin əvəzinə yaradılmış X6 İdarəsinə göndərilmişdir. X6 İdarəsinin xx.xx.2015-ci il tarixli 04 nömrəli əmri ilə X6 İdarəsinə elektrik montyoru təyin edilmişdir. X6 İdarəsinin xx.xx.2023-cü il tarixli 63 nömrəli əmri ilə X6 İdarəsinə elektrik mantyoru vəzifəsindən azad edilmişdir. İşlədiyi müddət ərzində 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023-cü illər üçün əmək məzüniyyətindən istifadə etməmişdir. Belə olan halda son haqq-hesabı çəkilərkən istifadə etmədiyi məzüniyyətlərə görə pul əvəzinin ödənilməsini tələb etmişdir. X4 xx.xx.2025-ci il tarixli MŞB/MT039/2025-00075 nömrəli arayışından göründüyü kimi cavabdeh Ağdam Meloriyasiya və X9 Səhmdar Cəmiyyəti Ağdam Suvarma idarəsinin nümayəndəsi mübahisənin həll edilməsi üçün mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Ona görə də hesab edir ki, Ağdam Meloriyasiya və X8 Səhmdar Cəmiyyəti Ağdam Suvarma İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsinə xitam verilərkən son haqq hesablanarkən ona ödənilməyən 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020,2021, 2022, 2023- cü illər üçün əmək məzüniyyətindən istifadə etmədiyi illərə görə pul əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssəsnin möhrü ilə təsdiq edilməlidir. Bu əmrin surəti,işçiyə əmək kitabçası və işəgötürənin on haqq-hesab (istifadə edilməmiş əmək məzüniyyətinə görə pul əvəzi,işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla, qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzüniyyət verilr və işdən çıxma tarixi məzüniyyətin son günü hesab edilir. işçi bu maddədə nəzrdə tutulmuş hallarda və qaydada məzüniyyətdə istifadə etmək istəmədikdə, ona bu Məcllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzüniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəblərindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzüniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2013-cü ildən 2023-cü ilə qədər mexaniki suvarma idarəsində elektrik montyoru işləmişdir. 2023-cü ildə haqsız yerə işdən çıxarıldığını, məzuniyyətdə olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Ağdam Su X1 İdarəsinin nümayəndəsi qismində məhkəmədə izahat verən H.G.Əmirzadə iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı iddia etdiyi illər üzrə əmək məzuniyyəti verilmişdir. 2016-cı ildən sonrakı dövr üçün əmək məzuniyyəti verilməsini təsdiq edən əmrlərin surəti iş materiallarına əlavə edilmişdir. 2015-ci ildən əvvəlki dövrün əmək məzuniyyəti barədə əmrlərin olmamasına səbəb həmin ildə idarələrin ləğv olunaraq X6 İdarəsinin yaradılması olmuşdur. Tələbin əsassız olduğunu və iddiaçının bir illik iddia müddətini ötürdükdən sonra məhkəmədə hazırki tələbi irəli sürdüyünü qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Su X1 İdarəsinin xx.xx.2023-cü il tarixli 63 saylı əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyinə, kobud şəkildə pozduğuna və sahə rəisi tərəfindən verilmiş tapşırıqları yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən xitam verilmiş, işçi ilə son haqq-hesab aparılması qeyd olunmuşdur. Ağdam Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 111 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü ildə 282 manat 25 qəpik son haqq-hesab hesablanaraq ödənilmişdir. X6 İdarəsinin xx.xx.2016-cı il tarixli 06 saylı, xx.xx.2017-ci il tarixli 11/M saylı, xx.xx.2018-ci il tarixli 03/M saylı, xx.xx.2019-cu il tarixli 05/M saylı, xx.xx.2020-ci il tarixli 07/M saylı, xx.xx.2021-ci il tarixli 06/M saylı, xx.xx.2022-ci il tarixli 05/M saylı əmrlərinin surətindən görünür ki, İddiaçı həmin illər üçün əmək məzuniyyəti verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı 2013-2023-cü illər üçün əmək məzuniyyəti verilmiş və bunu təsdiq edən müvafiq sənədlər işə əlavə olunmuşdur. Göründüyü kimi İddiaçı əsas əmək məzuniyyətindən istifadə etmmişdir. Belə olan halda onun iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənilmiş məzuniyyət verilməsi təmin edilir. Bütün bunlarl yanaşı məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2025-ci il tarixdə mediasiya xidmətinə müraciət etmiş, xx.xx.2025-ci ildə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bərdə 1 saylı Mediasiya təşkilatının arayışı tərtib edilmişdir. İddiaçı xx.xx.2025-ci ildə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik iddia müddətini buraxdıqdan sonra məhkəmədə tələb irəli sürmüş və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, tələb həm də iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı məddəsində göstərilmişdir ki:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsində göstərilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə

q ə t e t d i:

İddiaçı cavabdeh Ağdam Su X1 İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsinə xitam verilərkən son haqq hesablanarkən ona ödənilməyən 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023-cü illər üçün əmək məzüniyyətindən istifadə etmədiyinə görə ona pul əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar