Məhkəmə qərarları › İş №2(013)-1041/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1041/2024

18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1041/2024 18.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Ağdam rayon Notariat Ofisi) mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi (maraqlı şəxs Ağdam rayon Notariat Ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 məxsus miras əmlakı qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 50.1-ci maddəsinin tələbinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 50.2-ci maddəsinin tələbinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinin tələbinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, göstərilən iddia ərizəsində iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər göstərilməmişdir. Ağdam rayon Notariat Ofisi isə maraqlı şəxs kimi göstərilmişdir. Həmçinin, Ərizəçi iddiaçı əvəzinə ərizəçi kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs Ağdam rayon Notariat Ofisi) anası X2 məxsus miras əmlakı qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətin uzadılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar