Məhkəmə qərarları › İş №2(013)-1654/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1654/2024

24.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1654/2024 24.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin nümayəndəsi – həmin hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə köməkçisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə mülki işə 24 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinin xx.xx.2022-ci il tarixli 244 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2010-cu ildən N saylı hərbi hissədə mühasib vəzifəsində işləyir. 13 il ərzində 11-ci dərəcə ilə 571 manat əmək haqqı almışdır. 2022-ci ilin avqust ayında 6-cı dərəcəyə endirilərək aylıq əmək haqqısı 571 manatdan 280 manata salınmışdır. Bununla əlaqədar olaraq şikayət etmiş və hərbi hissə komandirinə ərizə yazmışdır. Ərizəsinin sonunda onun xətti ilə düzəliş edilərək işdən çıxması barədə qeyd yazılmışdır. Əslində işdən çıxmaq istəməmiş, 11-ci dərəcəsinin bərpa olunmasını tələb etmişdir. İşəgötürənin qanunun tələblərinə riayət etməməklə onu işdən azad etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin nümayəndəsi T.R.Həsənov iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı ali təhsilli olmadığından mühasib kimi dərəcəsi 11-dən 6-ya endirilmişdir. Bundan sonra Xalis xx.xx.2022-ci ildə hərbi hissənin komandirinə ərizə yazaraq işdən azad olunmasını xahiş etmiş, ərizə xx.xx.2022-ci ildə qeydiyyata alınmış və Xalis həmin gün işdən azad olunmuşdur. İddiaçı işdən çıxarılarkən qanunvericiliyin tələblərinə əməl olunduğunu qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2010-cu il tarixli 82 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı həmin hərbi hissəsinin maliyyə xidmətinin 5-ci dərəcəli mühasibi vəzifəsinə bir ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 244 saylı əmrindən çıxarışdan görünür ki, maliyyə xidmətinin mühasibi mülki işçi İddiaçı özünün xahişinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «A» bəndinə uyğun olaraq İddiaçılə əmək müqaviləsinə xitam verilmiş, işçi ilə son haqq-hesabın aparılması göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin rəhbərliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, işdən azad edilməsini xahiş etmiş, hansı tarixdən işdən azad edilməsini qeyd etməmişdir. Sözügedən ərizəyə hərbi hissənin rəhbərliyi tərəfindən xx.xx.2022-ci ildə dərkənar qoyulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 244 saylı əmri ilə maliyyə xidmətinin mühasibi mülki işçi İddiaçılə özünün xahişinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «A» bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmiş, lakin ərizədə hansı tarixdən işdən azad edilməsini istədiyini qeyd etməmişdir. Sözügedən ərizəyə hərbi hissənin rəhbərliyi tərəfindən xx.xx.2022-ci ildə dərkənar qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilmədən xx.xx.2022-ci ildə İddiaçı işdən azad olunması barədə əmr verilmişdir. Bununla da İddiaçı xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququ pozulmuşdur. Qanunvericiliyin tələbləri baxımından isə işəgötürən işçinin işdən azad olunma barədə ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda xəbərdarlıq müddəti bitənə qədər əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bandinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəllsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv edilmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onun etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi İddiaçılə olan əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsində göstərilmişdir ki,

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsində göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə

q ə t e t d i:

İddia əsaslı olduğundan təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinin xx.xx.2022-ci il tarixli 244 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə bərpa olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar