Məhkəmə qərarları › İş №2(013)-169/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-169/2025

10.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-169/2025 10.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, az yaşlı uşaqları xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən, 3 otaq, bir mətbəxdən ibarət 246 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın müdafiə edərək Cavabdeh onun eltisi olduğunu, onun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində ayrıca mənzillə təmin edildiyini, özünün cavabdehin ərinin qardaşı X3 ilə evli olduğunu və onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı üç azyaşlı övladının olduğunu, onların ailəsinə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində inşa edilmiş 246 saylı evin verildiyini, həmin evdə məskunlaşdıqlarını və orada qeydiyyatda olduqlarını, lakin bütan bunlara baxmayaraq cavabdehin onu və azyaşlı uşaqlarını evdən əsassız olaraq qovduğunu, hazırda yaşamağa yerlərinin olmadığını, çöllərdə qaldıqlarını bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2015-ci il tarixli, № 246 nömrəli Xüsusi Təyinatlı Yaşayış X2 surətindən görünür ki, Ağdam rayonu, İmamqulubəyli 632 saylı qəsəbəsinda məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş, 246 nömrəli, 3 otaqlı mənzili məcburi köçkün X5 və onun ailə üzvləri: - oğlu X3, gəlini İddiaçı, nəvə X11, nəvə X4, nəvə X8 və nəvə X9 müvəqqəti məskunlaşdırılmışdır. İş materiallarında olan Ağdam rayonu İHB-nin Yeni İmamqulubəyli qəsəbəsi İƏD üzrə nümayəndəliyinin № 5-31-49/3-2-603, 28 noyabr 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı, Ağdam rayonu İHB-nin Yeni İmamqulubəyli qəsəbəsində 246 nömrəli evdə müvəqqəti qeydiyyata durmaqla yaşayır. İş materiallarında olan Ağdam rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı № 001614 “X6”nin surətindən görünür ki, X3 ilə X12 arasında 17 dekabr 2014-cü il tarixdə, 281 nömrə ilə qeydə alınmış nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Qurbanov”, arvada “Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 391936 “X7”nin surətindən görünür ki, X3 ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Ağdam rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 650193 “X7”nin surətindən görünür ki, X3 ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Ağdam rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ- İV № 542656 “X7”nin surətindən görünür ki, X3 ilə İddiaçı birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Ağdam rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ- İV № 849830 “X7”nin surətindən görünür ki, X3 ilə İddiaçı birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı az yaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən, 3 otaq, bir mətbəxdən ibarət 246 saylı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı az yaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən, 3 otaq, bir mətbəxdən ibarət 246 saylı fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 50 (əlli) manat manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar