Məhkəmə qərarları › İş №2(013)-1695/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1695/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1695/2025 12.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi /atası/ X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında 20 dekabr 2023-cü il tarixdə Bərdə Regional ASAN XİDMƏT X3 bağlanmış 1391 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 20 dekabr 2023-cü ildə Bərdə Regional ASAN XİDMƏT X3 1391 saylı nikah qeydə alınmış, cavabdehlə nikahlarının qeyd olunmasına səbəb atalarının dost olması olmuşdur. Onların ailə qurmaqları valideynlərinin sözü ilə baş tutmalı idi. Nikahları rəsmi olaraq qeyd olunsa da toyları olmamış, cavabdehlə aralarında ər-arvad münasibətləri olmamışdır. Ümumiyyətlə onların ər-arvad kimi yaşamaq və ailə qurmaq niyyətləri olmamış, nikahları bağlandığı vaxtdan sonra bir-birilərini görməmişlər. Yalnız nikah bağlanan vaxtı bir-birini görmüş, aralarında sevgi münasibətləri olmamış, təsadüfən tanış olmuşlar. Hazırda həmin nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. İddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında bir daha iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, atalarının dost olması səbəblərindən nikahları rəsmiləşdirilsə də cavabdehlə biri-birilərini tanımamışlar, Cavabdeh hazırda Polşa Respublikasında yaşayır və 5 ildən sonra gələcəyi gözlənilir. Nikahın rəsmiləşdirilməsindən sonra toyları olmamışdır. Valideynlərinin təkidi ilə səhv olaraq, yanılma nəticəsində nikaha daxil olmuşdur. Ona görə də nikahın etibarsız sayılması tələbi təmin edilməlidir. Cavabdeh nümayəndəsi /atası/ X6 məhkəmə iclasında iddia tələblərini qəbul etdi. Göstərdi ki, oğlu Camal hazırda Polşa Respublikasında yaşayır, kollecdə təhsil alır. Camal uzun müddətdir ki, Azərbaycan Respulikasından çıxıb gedib. Övladların nikahlarını rəsmiləşdirsələr də onlara toy etməmişlər, ailə münasibətlərində olmamışlar. Məhkəmə tərəfləri /nümayəndəni/ dinləyib və iş materiallarını nəzərdən keçirib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il təvəllüdlüdür. X1 surətindən görünür ki, tərəflərin nikahları Bərdə Regional ASAN XİDMƏT X3 20 dekabr 2023-cü il tarixdə, 1391 sayla qeyd edilmişdir. X2 X5 21 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1997-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_10.htm Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11-ci maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Məcəllənin 11.2-ci maddəsinə görə bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsızlığı tələbi edə bilər. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Qeyd olunan Məcəllənin 28.7-ci maddəsinə görə nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi hər iki tərəf aralarında nikah bağlansa da, onlar valideynlərin təkidi ilə nikaha daxil olmuşlar, bu rəsmiləşdirilmə formal xarakter daşımış, tərəflər ailə münasibətlərində bir gün də olsun belə olmamış, onların toy mərasimləri də keçirilməmişdir. Hər iki tərəf işin bu halını təsdiq edirlər. İddia tərəfi 60 manat məbləğində mediasiya xərci ödəmiş, 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh aralarında Bərdə Regional ASAN XİDMƏT X3 bağlanmış 20 dekabr 2023-cü il tarixli, 1391 saylı nikah etibarsız hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar