Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1798/2024 11.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər X3 və X2 qarşı evə köçürülmə tələbi barədə mülki işə 11 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 rayon məhkəməsində cavabdehlər X3 və X5 qarşı iddia qaldıraraq xx.xx.2021-ci ildə anadan olmuş Sunay və xx.xx.2023-cü ildə anadan olmuş Elay adlı uşaqları ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı evə köçürülməsi, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi, onun və uşaqlarının həmin mənzildən sərbəst və maneəsiz istifadə etmələri üçün ayrıca giriş qapısının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən X4 iddianı müdafiə edərək göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Fikrətə ərə gedərək Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı evə gəlin köçmüş, nikahı xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş, orada iki uşağı olmuşdur. Həmin mənzil 3 otaqdan ibarət olmaqla orada qayınatası, qayınanası, əri, qayını, eltisi ilə birlikdə yaşamışlar. Ailədə mübahisələr baş verdiyindən xx.xx.2023-cü ildə əri və uşaqları ilə birlikdə Quzanlı qəsəbəsində yerləşən başqa evə köçərək orada kiraya yaşamağa başlamışlar. 2024-cü ilin aprel ayında Fikrət onu qoyaraq kirayə yaşadıqları evdən getmiş, o isə hazırki vaxta qədər kirayədə yaşamağa məcbur olmuşdur. Valideynləri Bakı şəhərində özlərinə məxsus evdə yaşayırlar. Hər ay 200 manat kirayə haqqını ödəməyə imkanının olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər X3, X5 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Ağdam Rayon Bölməsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı mənzilə dair xx.xx.2007-ci il tarixli 136 saylı müqavilənin surətindən, Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 40 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən 3 otaqdan ibarət həmin mənzil ailə başçısı X10, X6, X7, X9 və Cavabdeh1 verilmişdir. Hazırda həmin mənzildə 11 nəfər yaşayır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı yaşayış evi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci ildə ailə başçısı X10, X6, X7, X9 və Cavabdeh1 verilmişdir. Hazırda həmin mənzildə 11 nəfər yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi iddiaçını sözügedən yaşayış sahəsinə köçürməmiş və İddiaçı həmin yaşayış sahəsindən istifadə hüququ əldə etməmişdir. İddiaçı özünün məhkəmədə verdiyi izahatında qeyd etdiyi kimi 2020-ci ilin sentyabr ayında Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı evə köçmüş və 2023-cü ilin oktyabr ayına qədər orada yaşamışdır. İddiaçı özünün bildirdiyi kimi 2023-cü ilin oktyabr ayında əri və uşaqları ilə birlikdə Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı evdən çıxaraq kirayədə yaşamağa başlamış, 2024-cü ilin aprel ayına qədər əri ilə birlikdə kirayədə yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsində qeyd olunmuşdur ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi» Qaydasının 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı ev tərəflərin deyil, dövlət mülkiyyətində olduğundan iddiaçının mənzildən sərbəst və maneəsiz istifadə etmələri üçün ayrıca giriş qapısının açılması barədə tələbi təmin oluna bilməz. İddia əsassız olmaqla yanaşı iddiaçının mənzildən sərbəst və maneəsiz istifadə etmələri üçün ayrıca giriş qapısının açılması tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı X1 cavabdehlər X3 və X5 qarşı xx.xx.2021-ci ildə anadan olmuş Sunay və xx.xx.2023-cü ildə anadan olmuş Elay adlı uşaqları ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən 136 saylı evə köçürülməsi, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi, onun və uşaqlarının həmin mənzildən sərbəst və maneəsiz istifadə etmələri üçün ayrıca giriş qapısının açılması tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1798/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1798/2024
11.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver