Məhkəmə qərarları › İş №2(013)-1804/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1804/2024

19.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1804/2024 19.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçılar İddiaçı və Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə payın müəyyən edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünərək payların müəyyən edilməsi, payları müəyyən edilmiş torpaq sahəsinin mülkiyyətçilərə təhvil verilməsi və cavabdehi onlara məxsus Ağdam rayonu, Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Ağdam rayonu Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, atası X7, anası X2, bacısı Cavabdeh1 və qardaşı X5 məxsus olduğunu, hazırda payçılardan atası X6, anası X1, və qardaşı X3 vəfat etdiyini, ayrıca təsərrüfatı və pay torpağı olan digər qardaşları, Cavabdeh2 Ağdam rayonu Quzanlı kəndində yerləşən 2.2318 ha torpağı əkib-becərdiyini və onu sözü gedən pay torpağına buraxmayaraq, həmin sahənin onun ata-anasına məxsus olduğunu iddia etdiyini bildirdi və iddianın təmin edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 digər iddiaçı ilə eyni məzmunlu izahatında iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Ağdam rayonu Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında onun, atası X7, anası X2, bacısı Cavabdeh1 və qardaşı X5 məxsus olduğunu, hazırda mülkiyətçilərdən atası X6, anası X1, və qardaşı X3 vəfat etdiyini, onların sağlığında olduğu kimi, indi də həmin torpaq sahəsini özünün əkib-becərdiyini və götürdüyü gəlirdən bacılarına icarə haqqı verdiyini, lakin hazırda bacılarının onu sözü gedən torpaq sahəsindən çıxararaq başqasına icarəyə vermək istədiklərini, həmin torpaq sahəsinə dair iddiaçıların paylarının müəyyən edilməsinə etirazının olmadığını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış-dan görünür ki, Ağdam rayon Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsi X6, X1, Cavabdeh1, X3 və İddiaçı ümumi birgə mülikiyyətindədir. İş materiallarında olan Ağdam rayon İHB-nin Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 449699 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdam rayon İHB-nin Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 618794 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdam rayon İHB-nin Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 290011 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 386 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümümi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvercilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsinin mülkiyətçilərindən olan X9, X4 və X8 vəfat etmişlər. Onların həmin torpaq sahəsinə dair payları müəyyən edilməmişdir. Onlar Cavabdeh2 atası, anası və qardaşıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 vəfat etmiş mülkiyyətçilərin vərəsəsi olduğu üçün iddia tələbinin cavabdehin həmin torpaq sahəsindən çıxarılması hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı və Cavabdeh1 beşdə bir (1/5) hissədə payları müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Quzanlı kəndində yerləşən 2.2318 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı və Cavabdeh1 beşdə bir (1/5) hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Agdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar