Məhkəmə qərarları › İş №2(013)-1975/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1975/2025

11.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1975/2025 11.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qaçqınlar və X2 Üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonu, X3 “Bir nömrəli daş evləri”-də yerləşən 2 otaq və 1 mətbəxdən ibarət evə köçürülməyimin təmin edilməsinə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə aralarında olan nigah qeydi pozulmuşdur. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 486 saylı Ağdam Rayon Quzanlı X7 Ərazi Nümayəndəliyinin arayışından görünür ki, Azərbaycan Respublikası Qaçqınlar və X2 Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Bir nömrəli daş evləri”də yerləşən 2 otaq və 1 mətbəxdən ibarət evdə yaşayır. Ancaq Cavabdeh əsassız olaraq heç bir səbəb olmadan qeydiyyatda olduğu və yaşamaq hüququ olan evdə yaşamağa imkan vermir. Yaşamağa başqa yeri yoxdur. Hazırda müvəqqəti olaraq başqa-başqa ünvanlarda yaşamağa məcbur olub ki, bu da çox davam edə bilməz. Ona görə də hesab edir ki, həmin evə köçürülməli və mənzildən istifadə qaydası müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. İddia tələbinin təmin edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, mübahisəli ev 1994-cü ildə valideynlərinə şəhid ailəsi kimi verilib. Qardaşı şəhid olub. Anası 1997-ci ildə, atası 2002-ci ildə vəfat etmişlər. Həmin vaxt Cavabdeh ilə ailə qurublar, həmin ünvanda yaşayıblar. 2 övladları var. Ev 2 otaqlıdır, təxminən 7 sot torpaqda yerləşir. Ev icra hakimiyyətinin balansındadır. Ailəlikcə həmin evdə qeydiyyatdadırlar. Təxminən il yarım olar ki, Cavabdeh onu evə qoymur. Başqa yaşayış yeri isə yoxdur. Ona görə də tələbinin təmin edilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etmədi. Əlavə olaraq göstərdi ki, İddiaçı tüfeyli həyat sürür, hər gün spirtli içki içir, bir dəfə də onun cibindən narkotik vasitə tapıb. İddiaçı uşaqlara baxmır, ailəsini ac saxlayır, onları söyür, təhqir edir. İddiaçı onun qızıllarını da satıb, pullarını xərcləyib. Evin kommunal şəraiti bərbad gündədir, ayaq yolu, hamamı yoxdur. İddiaçıla bir ünvanda yaşamaq mümkün deyil. Ev darısqal şəraitlidir. Hazırda oğlu hərbi xidmətdədir, xidməti qurtardıqan sonra onu evləndirəcək. Ona görə də hesab edir ki, İddiaçı ünvana köçürülməsi evdə yaşayışı mümkünsüz edəcək. Göstərdiklərinin nəzərə alınmasını və tələbin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Ərizəyə əlavə edilmiş Ağdam RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, Zərdabi küçəsi ev 12-də qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən 1993-cü il tarixdə verilmiş 64005 seriyalı X4 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli, 486 saylı arayışdan görünür ki, İddiaçı Ağdam Rayon Quzanlı Köçkün Qəsəbəsi 1 saylı evdə yaşayır. X5 Şəhadətnamənin surətindən görünür ki, hazırkı İddiaçı ilə Cavabdeh aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuş və 02 avqust 2024-cü il tarixdə 132 sayla ilə qeydiyyat aparılmışdır. Ağdam Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı qiyməti 2430 manat olan boyunbağı, qiyməti 800 manat olan qızıl nişan üzüyü, həmin əmlaklar olmadıqda onların dəyəri, mediasiya xidmətinə ödənilmiş məbləğ əvəzində 50 manatın alınaraq Cavabdeh verilməsi qət edilmişdir. X1 X9 X6 23 may 2025-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Republikası Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş müqavilə və əqdlər mənzilə hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan ər (arvad) habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülsünlər və onunla birlikdə təsərrüfat aparsınlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquq fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin kirayə müqaviləsində göstərilməlidirlər. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti məskunlaşması fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, "heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum elməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır . Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə araşdırmasında müəyyən edildi ki, hazırda iddiaçının köçmək istədiyi ev rayonun Quzanlı Qəsəbəsində yerləşir, 1994-cü ildə iddiaçının valideynlərinə şəhid ailəsi olaraq verilmiş, valideynlər 1997 və 2002-ci ildə vəfat edənə kimi həmin ünvanda yaşamışlar, valideynlərin vəfatından sonra hazırkı mübahisə tərəfləri ailə quraraq həmin üvnanda yaşamışlar, 2 övladları var, cavabdeh iddiaçının həmin ünvanda yaşamasına imkan vermir, təxminən bir il yarımdır ki, İddiaçı evində yaşaya bilmir, yaşayış yerindən məhrum olub. Göründüyü kimi həmin ev hazırkı tərəflərə dövlət tərəfindən verilmiş, ev 2 otaq və 1 kuxnadan ibarətdir, ev verilərkən hazırkı iddiaçı və valideynləri nəzərə alınmış, sonradan isə cavabdeh tərəf nikaha daxil olaraq həmin ünvana köçmüş və müvəqqəti qeydiyyata alınmışdır. Ev verilərkən İddiaçı ailə üzvü kimi nəzərə alınmış, onun həmin evə ümumi qaydada istifadə hüquqları mövcuddur. Mübahisələndirilən ev dövlət mənzil fonduna aid olduğundan mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları baxımından həll ediləcək. Ona görə də məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, İddiaçı dövlət tərəfindən verilmiş Ağdam Rayon X3 “Bir nömrəli daş evləri”-də yerləşən 2 otaq 1 mətbəxdən ibarət evə köçürülməli, mənzildən orada yaşayan digər şəxslərlə bərabər istifadə etməlidir. İddia tərəfi 60 manat məbləğində mediasiya xərci ödəmiş, məcburi köçkün olduğundan dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd edir ki, X8 Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. X8 Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. 60 manat iddiaçı tərəfdən mediasiya xidməti üçün haqq ödənildiyinidən dövlət rüsumu kimi ödənilməli olan 100 manat xərcin ödənilməyən hissəsi kimi məhkəmə hesab edi ki, Cavabdeh 40 manat tutulub dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı - dövlət tərəfindən məcburi köçkün kimi onlara verilmiş, Ağdam rayonu, X3 “Bir nömrəli daş evləri”-də yerləşən 2 otaq 1 mətbəxdən ibarət evə köçürülsün və mənzildən orada yaşayan digər şəxslərlə bərabər istifadə qaydası müəyyən edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 40 /qırx/ manat pul Cavabdeh tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar