Məhkəmə qərarları › İş №2(013)-2035/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2035/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2035/2025 13.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə mülki işə 13 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum X1 və anası X4 arasında xx.xx.1962-ci ildə Ağdam rayon Sırxavənd kəndində nikahda olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum X1 və anası X4 arasında xx.xx.1962-ci ildə Ağdam rayon Sırxavənd kəndində nikahının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, məhrum X1 və anası X4 xx.xx.1962-ci ildə Ağdam rayon Sırxavənd kəndində rəsmi nikaha daxil olmuş və həmin nikahdan altı övladı doğulmuşdur. X1 07 avqust 2020-ci ildə Bərdə rayonunun Divanlı kəndində, anası X4 isə 23 iyun 2024-cü ildə həmin yerdə vəfat etmişlər. Mərhum X1 və anası X4 arasında olan nikahı X11 və X2 məhkəməyə gələrək təsdiq edə bilərlər. Nikah haqqında şəhadətnamənin aidiyyatı orqanlara təqdim edilməsi zərurəti ilə bağlı olaraq Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində və avtomatlaşdırılmış qeydiyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlar üzrə yoxlama aparılmış, atası ilə anası arasında nikah haqqında heç bir məlumat olmadığı aşkar olunmuş və faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək və ərizəsində göstərilənləri təsdiqləyərək atası Poladla anası Salatının nikahından 4 bacı və 2 qardaş olmaqla 6 uşağı olduğunu qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə baxışının keçirilməsini vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən iclasa gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X2 göstərmişdir ki, Polad onun həmkəndlisi olmuş və 1962-ci ildə Salatınla evlənmişdir. Ərizəçinin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X7 bildirmişdir ki, qonşusu Poladın arvadı Salatın olmuş, Ağdərədən çıxdıqları vaxt onların 2-3 uşağı olmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2020-ci il tarixli AZ-İİ № 120026 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə Bərdə rayonunun Divanlı kəndində vəfat etmişdir. xx.xx.2024-cü il tarixli AZ-İİ № 434444 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə Bərdə rayonunun Divanlı kəndində vəfat etmişdir. AZ V № 108970 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuş, X1, anası isə X3r. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-31/3-2-86 saylı arayışından görünür ki, X6 ilə X4 arasında olan nikah xx.xx.1962-ci ildə Ağdərə (indiki Ağdam) rayonunun Sırxavənd kəndində qeydə alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-31/3-2-89 saylı arayışından görünür ki, X6 ilə X4 arasında olan nikahdan xx.xx.1964-cü ildə X8, xx.xx.1966-cı ildə Ağayeva (Əliyeva) Fəridə Polad qızı, xx.xx.1968-ci ildə X9, xx.xx.1971-ci ildə Ağayeva (Hüseynova) Afət Polad qızı, xx.xx.1974-cü ildə X5, xx.xx.1976-cı ildə Ərizəçi olmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 431-05/15 nömrəli arayışından görünür ki, Maraqlı şəxs arxivində və avtomatlaşdırılmış qeydiyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlar üzrə yoxlama aparılmış, X6 və X4 arasında olan nikah haqqında heç bir məlumat olmadığı aşkar olunmuş və faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, ərizəçi P.S.Ağayevlə S.N.Ağayeva arasında olan nikah xx.xx.1962-ci ildə Ağdərə (indiki Ağdam) rayonunun Sırxavənd kəndində qeydə alınmışdır. Faktın təsdiqi ərizəçiyə valideynlərinə məxsus nikah haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 ilə X4 arasında xx.xx.1962-ci ildə Ağdərə (indiki Ağdam) rayon Sırxavənd kəndində nikahının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar