Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2126/2024 20.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi ilə, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Ağdam Rayon 15 saylı X25 Məktəbinin nümayəndəsi qismində X4, maraqlı tərəf kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X14 Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Ağdam Rayon 15 saylı X25 Məktəbinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ərizəsindən ibarət mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağdam Rayon 15 saylı X25 Məktəbi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, 21 saylı Əmrin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini, həmçinin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, 1982-ci ildə Gəncə (keçmiş Kirovabad) Pedaqoji Məktəbinin «Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris» ixtisası üzrə tam kursu bitrimişdir. xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlayıb, rayonun X20 Məktəbində sinif müəllimi təyin edilmiş və başqa işə keçməyi ilə əlaqədar öz ərizəsi ilə xx.xx.1990-cı ildə Ağdərə Rayonunun X24 Məktəbində sinif müəllimi təyin edilmiş, xx.xx.1993-cü ildən xx.xx.2024-cü ilədək isə Ağdam Rayon 15 saylı X25 Məktəbində sinif müəllimi işləmişdir. xx.xx.2024-cü il tarixdə Ağdam Rayon 15 saylı X25 Məktəbinin direktorunun 21 saylı Əmri ilə təkrar Sertifikatlaşdırmada iştirak etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndinə əsasən işdən azad edilmişdir. Aşağıda göstərilənlərə əsaslara görə barəsində qəbul olunmuş həmin əmri əsassız və qanunsuz hesab edir. Belə ki, işlədiyi 40 ilə yaxın müddətdə işinin öhdəsindən layinqincə gəlmiş və bu müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hərhansı bir irad almamışdır. Qeyd etməyi zəruri hesab edir ki, 2014-cü ildən sol süd vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkir, uzun illər əldə etdiyi əmlaklarını satıb, həmçinin banklardan kredit götürərək özünü müalicə etdirir. Son vaxtlar xəstəliyi daha da şiddətlənmişdir. 2024-cü ildən İİ qrup diabet (şəkər) xəstəliyinə də düçar olmuş, ağrıları çoxaldığından 06-11 iyun və 19-22 iyun 2024-cü il tarixlərində stansionar müalicə olunması ilə bağlı işdən azad edilmiş, buna dair bülleten verilib, işlədiyi, cavabdeh 15 saylı köçkün məktəbinin direktoruna göndərmişdir. Xəstəliyi səbəbindən 08 iyun 2024-cü il tarixdə təkrar sertifikasiyada iştirak edə bilməmişdir. Ancaq işlədiyi məktəbin direktoru onun təqdim etdiyi sənədələri nəzərə almayıb, sertifikasiyada iştirak etməməsi əsası ilə onu işindən azad etmişdir. Məktəbin direktoru şifahi müraciətlərinə belə cavab verməmişdir ki, Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29- 69/3-2-13F/2024 saylı Əmri ilə bu addımı atmışdır. Məktəb direktoruna nə qədər başa salmağa çalışsa da ki, o, sertifikasiyadan lazım olan bal toplamayanlardan deyil, xəstəliyinə görə ümumiyətlə imtahanda iştirak edə bilməmiş, ancaq heç bir xeyri olmamış, direktor bunları nəzərə almamışdır. Elm və Təhsil Nazirliyinə etdiyi müraciətinə isə oradan cavab verilmişdir ki, test imtahanı mərhələsində iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmişsiniz, 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak edə bilərsiniz. Ancaq buna baxmayaraq cavabdeh Ağdam Rayon 15 saylı X25 Məktəbin direktoru onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndinə əsasən işdən çıxarılmağına dair əmr vermişdir. Onu da əlavə edir ki, əvvəlki işinə bərpa edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh təşkilat orada iştirak etmədiyindən ona xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Ona görə də cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli, 21 saylı Əmri əmək qanunvericiliyinin tələbələri ilə uzlaşmamaqla yanaşı qanunvericiliyin tələbinə ziddir. Odur ki, sözügedən əmr məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi, əlavə olaraq göstərdi ki, əvvəlki işinə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməlidir. Belə ki, 1985-ci ildən rayonun X20 Məktəbində sinif müəllimi təyin edilmiş, 1990-cı ildə Ağdərə Rayonunun X24 Məktəbində sinif müəllimi təyin edilmiş, sonradan rayon işğal olunduğu üçün Bərdə rayonunda müvəqqəti yerləşdirilmiş Ağdam Rayon 15 saylı X25 Məktəbində sinif müəllimi işləmişdir. Məktəbin direktoru əvvəllər Qəzənfər müəllim olmuş, sonradan hazırkı direktor təyin edilmişdir. Ankaloji xəstədir, uzun illərdir ki, müalicələr alır. 15 saylı X25 Məktəbinin direktoru 21 saylı Əmri ilə onu işindən azad etmişdir. Halbuki sertifikasiyanın keçirildiyi 08 iyun 2024-cü il tarixdən əvvəl, yəni 06 iyun 2024-cü il tarixdə şəkərinin qalxması ilə əlaqədar xəstəxanaya getmiş, vəziyyətinin ağırlığı ilə əlaqədar onu xəstəxanadan buraxmayaraq stansionar müalicəyə yerləşdirmişlər. Sertifikasiyanın keçirildiyi 08 iyun 2024-cü il tarixdə xəstəxanada ağır vəziyyətdə olmuş, 11 iyun 2024-cü il tarixdə xəstəxanadan stanosionar müalicədən buraxılmışdır. Məktəb direktoru bu barədə məlumatlı olmuşdur. Həmçinini məktəbin Həmkarlar Şurasına da bu barədə müraciət etmiş, Şuranın üzvləri də onun işdə saxlanılmasının zəruriliyini məktəb direktorunun nəzərinə çatdırmışlar. Buna baxmayaraq məktəb direktoru onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndinə əsasən işdən azad etməsi ilə bağlı qanunsuz əmr vermişdir. Özü 5 uşaq anasıdır, xəstədir. Ona görə də iddia tələblərinin təmin edilməsini, həmçinin məcburi proqula görə ona əmək haqqı ödənişinin edilməsini istəyir. Məhkəmə iclasında Ağdam Rayon 15 saylı X25 Məktəbin nümayəndəsi kimi iştirak edən X8 iddia tələblərinə münasibət bildirərək göstərdi ki, İddiaçı uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğuldur, məktəb kollektivinin hörmətini qazanıb. İddiaçı yaxşı tərbiyyəçidir, məktəb üzrə yaxşı nəticələri var, hazırladığı uşaqlar yaxşı nəticələr göstərir. Belə bir şəxslə əmək müqaviləsinə xitam verilməsini istəməmişlər. İddia tələbinin qanuna müvafiq baxılmasını xahiş edir. Maraqlı tərəf kimi məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X14 Regional Təhsil İdarəsinin nümayəndəsi X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarına müvafiq olaraq hər 5 ildən bir müəllimlərin sertifikasiyası keçirilir. İddiaçı üzrlü səbəblər olsa da sertifikasiyadan keçməyib. İddiaçı stansionar müalicədə olması ilə bağlı məktəb direktoru Qarabağ Regional Təhsil İdarəsini əvvəlcədən məlumatlandırmışdır. Bununla yanaşı rayonun orta məktəblərində bir sıra şəxslər də həmin sertifikasiyadan keçməmişlər. Bu səbəbdən də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 08 iyun 2024-cü il tarixdə keçirilmiş həmin sertifikasiyadan keçməmiş şəxslərlə əmək müqavilələrinə xitam verilməsi ilə bağlı 27 iyul 2024-cü il tarixli Əmr verilimişdir. Həmin əmr əsasında da hazırkı iddiaçı ilə əmək müqaviləsinə məktəb direktoru tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasın xitam verilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə görə hazırkı iddiaçı ilə əmək müqaviləsinin ləğv olunması yol verilməsə də yuxarıda qeyd olunan əmrə əsasən İddiaçı ilə əmək müqaviləsinə təkrar sertifikasiyadan keçəməməsi əsası ilə xitam verilmişdir, hesab edir ki, İddiaçı həmin tənzimlələr düzgün olaraq şamil edilmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında mübahisələndirilən əmri imzalamış məktəb direktoru X11 göstərdi ki, 2012-ci ildən Ağdam Rayon 15 saylı X25 Məktəbində direktor vəzifəsi ona həvalə olunub, 2016-cı ildən isə məktəbin direktoru təyin edilib. Sertifikasıyada hazırkı iddiaçı xəstəliyi ucbatından iştirak etməmişdir. Sertifikasiyadan keçməyən müəllimlərin məsələsi ilə bağlı toplantı keçirmişlər, İddiaçı sertifikasiyada iştirak etməməsi səbəbindən işdən azad olunacağı bildirilmiş, lakin İddiaçı işdən azad olunması ilə bağlı ərizə verməmiş, buna etirazını bildirmiş, xəstəliyi ilə bağlı sertifikasiyada iştirak etmədiyini bildirmişdir. Həmçinin məktəbin Həmkarlar Şurası da İddiaçı üzrlü səbəblərdən sertifikasiyada iştirak etməməsini, onun işində saxlanılması barədə məktəb direktoruna rəy vermişlər. Buna baxmayaraq 15 saylı X25 Məktəbinin direktorunun 21 saylı Əmri ilə təkrar Sertifikatlaşdırmada iştirak etmədiyinə görə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. İddiaçı əmrə etiraz etmiş və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Ədalətli və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri və nümayəndəni dinləyib, onların təqdim etdiyi sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməlidir. ASAN BƏRDƏ Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Ağdərə Rayon Manikli Kəndində anadan olmuş, hazırda Tərtər Rayonu Dəmirli Kəndinin qeydiyyatındadır . Bərdə RİH Başçısının Güloğlular Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 757 saylı, 07 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Ağdərə Rayon köçkünü İddiaçı hal-hazırda Bərdə Rayon Güloğlular Kənd İƏD üzrə Nümayəndəliyin Şorəlli kəndində müvəqqəti yaşayır. Ərizəyə əlavə edilmiş DT-İ 767766 saylı Diplomun surətindən görünür ki, X13 1982-ci ildə Məhsəti Gəncəvi adına Kirovabad /keçmiş/ Pedaqoji Məktəbinə daxil olmuş və 1985-ci ildə həmin məktəbin “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı adına 01 sentyabr 1985-ci ildə açılmış ******* saylı Əmək Kitabçasının surətindən görünür ki, o, xx.xx.1993-cü ilin mart ayında Ortagüney Kəndi erməni quldurları tərəfindən işğal olunduğına görə X24 Məktəbi Cavabdehndə 15 saylı Köçkün Orta Məktəbi kimi fəaliyyət göstərmiş və V.Əliyeva həmin məktəbdə sinif müəllimi saxlanılmış, 27 iyun 2024-cü il tarixdə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin Peşə yararlığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməyən həmin məktəbin ibtidai sinif müəllimi V.Əliyeva təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndinə əsasən xitam verilmişdir. Qarabağ Regional Təhsil İdarəsi Ağdam Rayon 15 saylı X25 Məktəbi üzrə verilmiş 27 iyun 2024-cü il tarixli, 21 saylı Əmrdən çıxarışdan görünür ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və Peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməyən ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Ağdam Rayon 15 saylı X25 Məktəbinin Həmkarlar Təşkilatının 27 iyun 2024-cü il tarixli iclasının 3 saylı Protokolundan görünür ki, ibtidai sinif müəllimi İddiaçı müraciəti müzakirə edilmiş, müzakirə edən üzvlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sertifikasiya ilə bağlı müvafiq əmri xatırladalaraq bildirmişlər ki, əgər müəllimin X7 vərəqəsi varsa müəllim sertifikasiya imtahanından azad olunur, məktəbin ibtidai sinif müəllimi İddiaçı işinə bərpa olunsun, Həmkarlar Təşkilatının qərarı məktəbin direktoruna təqdim edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Müalicə Diaqnostika Mərkəzinin /xəstəlik tarixi, 0465042/762/ saylı Çıxarış Epikrizinin surətindən görünür ki, Ağdam Rayon 15 saylı X25 Məktəbin müəllimi İddiaçı “Uşaqlı qfibromioması, Uşaqlıq qanaxması” və Hipertoniya İİ mərhələ, Piylənmə İİ dərəcə xəstəliklərindən müalicə olunmuş, Müayinənin Nəticələrindən görünür ki, ona 16 avqust 2022-ci il tarixdə ilk dəfə XƏRÇƏNG diaqnozu qoyulmuşdur. Digər bir müayinə nəticələrindən görünür ki, xəstədə həmçinin şəkərli diabet kimi yanakı xəstəliklər də aşkar edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X22 01 iyul 2024-cü il tarixli, 5686 saylı arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Bərdə MRX Poliklinika Şöbəsinin endokrinoloji kabinetində “Şəkərli diabet İİ tip, Ağır Dekompensasiyalı, İnsulin tələbi. Deabetol, Polineyropatiya” diaqnozu ilə, Onkoloji kabinetdə isə “Sol süd vəzinin Cr-İİ mərhələ” diaqnozu ilə dispanser nəzarətdədir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi Gəncə Şəhər Onkoloji Xəstəxanasının Ambulator, X16 Kaptasından Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək sol süd vəzinin xərçəngi diaqnozu ilə stasionar qaydada müalicə almışdır. Ərizəyə əlavə edilmiş 11 iyun 2024-cü il tarixli Bərdə MRX X17 X3 surətindən və 11 iyun 2024-cü il tarixli AMBULATOR KİTABÇADAN /xəstəlik tarixindən/ ÇİXARİŞdan görünür ki, Ağdam Rayon 15 saylı X25 Məktəbin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İnsulindən asılı şəkərli diabet X1 ilə stasionar qaydada müalicə almışdır. Ərizəyə əlavə edilmiş 19 iyun 2023-cü il tarixli Əmək X3 surətindən görünür ki, İddiaçı həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müalicə almış, həmin müddətdə işindən azad edilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, GTKR**********7 saylı Kredit Müqaviləsinə əlavə "xxxx" ASC-nin Bərdə Rayon Filialının Ödəniş Qrafikinin surətindən görünür ki, İddiaçı illik 17,5 % dərəcəsi ilə 48 ay müddətinə 18.750 manat məbləğində, aylıq 545,83 manat ödəmək şərti ilə kredit götürmüşdür. X5 X23 X12 03 iyul 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Ağdam Rayon 15 saylı X25 Məktəbin direktoru X11 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin q bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur. Qeyd olunan Məcəllənin 12-ci maddəsinin c bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Sözügedən Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə görə iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də /bənd c/ peşəkarlıq səviyyəsinin, ixtisasının /peşəsinin/ kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsidir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər, bənd 2 - əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Qeyd olunan Məcəllənin 79-cu maddəsinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Məcəllənin 80-cı maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinə görə istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, maddənin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Maddənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məcəllənin 67-ci maddəsinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 12 iyun 2018-ci il tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 iyl 2018-ci il tarixli, 164 saylı Fərmanının icrasının təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət Ümumi Təhsil Müəssisələrində /ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində/ İşləyən Təhsilverənlərin Sertifikatlaşdırma Qayda"sının təsdiq edilməsi haqqında 30 aprel 2020-ci il tarixli, 155 saylı Qərarı ilə təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyən edilmişdir. X9 Müddəalarının 5.2 bəndi nəzərdə tutur ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il ərzində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşmadan keçməmiş hesab olunurlar. Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi İddiaçı hələ əmək fəaliyyətinə 1985-ci ildən başlamış, xx.xx.1993-cü ildən isə Ağdam Rayonu Təhsil Şöbəsində hazırda işləmiş olduğu 15 saylı X25 Məktəbində ibtidai sinif müəllimi kimi işləmiş, işlədiyi müddətdə cəzalandırılmamış, 40 ilə yaxındır ki, pedoqoji fəaliyyətlə məşğuldur. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən də görünür ki, sertifikatlaşdırmanın keçirildiyi 08 iyun 2024-cü il tarixində İddiaçı əmək qabiliyyəsiz olmuş, stansionar qaydada müalicə almış, tibbi müəssisədə stansionar müalicədə olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi Əmək X3 surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək /sertifikasiya 08 iyun 2024-cü il tarixdə keçirilib/ İnsulindən asılı şəkərli diabet X2 ilə stasionar qaydada müalicə almış, həmçinin digər bir Əmək X3 surətindən də görünür ki, İddiaçı həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator qaydada müalicə almış, həmin müddətdə işindən azad edilmişdir. Göründüyü kimi İddiaçı sertifikasiyadan keçməmiş şəxs deyil, sertifikasiyada üzrlü səbəblərdən iştirak etməmiş şəxsdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, Ağdam Rayon 15 saylı X25 Məktəbinin İddiaçı işindən azad edilməsi ilə bağlı verilmiş 27 iyun 2024-cü il tarixli, 21 saylı əmrinin qəbul edilməsi zamanı əmək qanunvericiliyinin bir sıra tələbləri işəgötürən tərəfindən pozulmuş, işçinin sertifikasıyada iştirak etməməsinin səbəbləri müvafiq araşdırma ilə müəyyən edilməmiş, sertifikatlaşdırmanı keçirən orqanın sertifikasiyada iştirak etməmiş şəxslərlə əmək müqaviləsinin ləğv edilməsi barədə əmri olsa da, İddiaçı üzrlü səbəblərdən, yəni sertifikasiyada xəstəliyi ilə bağlı stansionar müalicə alması səbəbindən iştirak etməməsi, sertifikasiyadan keçib tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərarın mövcud olmadığı halı nəzərə alınmamış, əmr bu mənada əsaslandırılmamış, həmkarlar şurasının işçinin işdə saxlanılmasının zəruriliyi ilə bağlı rəyi nəzərə alınmamış, əmək məcəlləsi ilə əmək müqaviləsinin pozulmasının qadağan edilməsinə baxmayaraq onunla əmək müqaviləsinə xitam verilmiş, işçinin obyektiv səbəblərdən sertifikasıyada iştirak etməməsi halı araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 70 C bəndinə istinad olunmuşdur ki, həmin normaya görə işçi barəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməlidir. Əmr verilərkən belə bir qərar olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı yuxarıda qeyd olunan üzrlü səbəblərdən sertifikasiyadan keçməmişdir, yəni o, sertifikasiyadan keçib tutduğu vəzifəyə uyğun olmayan şəxslər sırasına aid oluna bilməz. Məhkəmə bir daha qeyd edir ki, məktəb direktoru İddiaçı ilə əmr müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, yuxarıda qeyd olunan Qaydaların 5.2 bəndi ilə nəzərdə tutulan üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il ərzində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşmada iştirak etmək hüququna malikdirlər kimi müddəalarını da nəzərə almamışdır. Ona görə də məhkəmə iddia tələblərini təmin edir, hesab edir ki, İddiaçı işindən azad edilməsi ilə bağlı Ağdam Rayon 15 saylı X25 Məktəbi üzrə verilmiş 27 iyun 2024-ci il tarixli, 21 saylı Əmr ləğv edilməli, İddiaçı öz əvvəlki işinə bərpa edilməli və həmçinin ona məcburi işburaxmaya /proqula/ görə pul hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Ağdam Rayon 15 saylı X25 Məktəbi üzrə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş 27 iyun 2024-cü il tarixli, 21 saylı Əmr ləğv edilsin, İddiaçı öz əvvəlki işinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2126/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2126/2024
20.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver